Azərbaycan Los Angeles Times Turizm Sərgisində təmsil olunub

Posted by

Azərbaycan Los Angeles Times Turizm Sərgisində təmsil olunub

Yanvarın 17-18-də “Los Angeles Times” qəzeti tərəfindən Los Ancelesdə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Artıq üçüncü ildir ki, Azərbaycan bu məşhur sərgidə təmsil olunur.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş “Azərbaycan: əfsanəvi qonaqpərvərik diyarı” başlıqlı Azərbaycan stendində ölkənin turizm imkanları barədə müxtəlif bannerlər, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib. Stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Sərgiyə üç Azərbaycan turizm şirkəti – “Wonders of Azerbaijan”, “Spektr” və “SkyTravel” şirkətləri qatılaraq Azərbaycana səfər üçün turizm paketləri təqdim ediblər.

 

Qeyd olunmalıdır ki, stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini çəkib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq, sərgi iştirakçıları arasında paylanıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

 

Kaliforniyadakı erməni lobbisi müxtəlif vasitələrlə Azərbaycanın sərgidə iştirakına mane olmağa çalışsa da, öz məqsədinə nail ola bilməyib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Apa.az