Azərbaycanın aktiv palçıq vulkanlarında monitorinq aparılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun alimləri ölkənin bir neçə aktiv palçıq vulkanında monitorinq həyata keçirməyi planlaşdırır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, monitorinqin dövlət vəsaiti hesabına aparılması nəzərdə tutulur. Bu məqsədlə artıq müvafiq qurumlara müraciətlər edilib. Müraciətə müsbət cavab verilsə, 1-2 aydan sonra monitorinqlərə başlanılacaq.
A.Əliyev deyib ki, monitorinqin aparılacağı vulkanlar da maliyyə vəsaiti ayrıldıqdan sonra seçiləcək. Monitorinq zamanı həmin vulkanlarda gündəlik müşahidələr aparılacaq.
Monitorinq aparılacaq vulkanlar seçilərkən onlardan daha aktivlərinə üstünlük veriləcək: “Monitorinq üçün seçilən vulkanlar arasında “Lökbatan” vulkanı hökmən olacaq. Orada çox ətraflı tədqiqatlar aparılacaq. Bunun üçün gərək cihazlar alınsın və gündəlik müşahidələr aparılsın”.
Trend.az