Xəzəryanı dövlət başçılarının forumuna hazırlıq gedir

Posted by

Xəzəryanı dövlət başçılarının forumuna hazırlıq gedir

 

Xəzəryanı dövlət başçılarının forumuna hazırlıq gedir

Xəzəryanı dövlət başçılarının forumuna hazırlıq gedir

 

XİN rəhbərlərinin toplantısı prezidentlərin görüşündə müzakirə olunacaq məsələləri müəyyənləşdirəcək

Ötən həftə Astanada Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üzrə Xüsusi İşçi Qrupun XİN müavinləri səviyyəsində sayca 35-ci toplantısı keçirildi. Tədbir bir növ Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin yazda keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyıb. Rusiya xarici işlər naziri Sergey Lavrov da bu günlərdə analoji bəyanat səsləndirib. Nazir qeyd edib ki, XİN rəhbərlərinin görüşü öz növbəsində prezidentlərin bu il nəzərdə tutulan forumunu hazırlamağa yönəlib. Dövlət başçılarının sayca dördüncü Xəzər forumunun Moskva və yaxud Həştərxanda keçirilməsi nəzərdə tutulub.

 

Rusiya nəşrləri yazır ki, forumun keçiriləcəyi ilə bağlı tarix nazirlərin görüşündən sonra bəlli olacaq. Hazırda İşçi Qrupu prezidentlər səviyyəsində yekun sənədin qəbul olunması üzrə layihələri müzakirə edir. Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində əsas məsələ təbii ki, dənizin statusunun müzakirəsidir. Eyni zamanda Bakı sammitində qəbul olunan qərarların əməli surətdə razılaşdırılmasının başa çatdırılması müzakirə ediləcək.

 

Qeyd edək ki, “Xəzər beşliyi”nə daxil olan dövlətlərin rəhbərlərinin görüşü 2013-cü ildə keçirilməli idi. Bu barədə Xəzəryanı dövlətlərin rəhbərlərinin 2010-cu ilin noyabrında Bakıda keçirilən toplantısında razılıq da əldə olunmuşdu. Lakin görüş keçirilmədi. Rusiya və Qərb ekspertləri buna səbəb kimi xarici və daxili səbəbləri əsas gətirirlər. Ötən il Xəzəryanı dövlətlərdən ikisində – Azərbaycan və İranda prezident seçkiləri keçirildi. Bu səbəbdən də hər iki dövlətdə ictimai və siyasi diqqət ilk növbədə daxili siyasi kontekstə köklənmişdi. Qeyd edilir ki, bu iki Xəzəryanı dövlətdə seçki kampaniyasının xarakteri fərqli idi. “Azərbaycanda prezident İlham Əliyevin seçkilərdə ciddi rəqibi yox idi. Nəticədə İlham Əliyev seçicilərin böyük əksəriyyətinin – 84 faizinin səsini toplayaraq prezident seçildi” – deyə “Nezavisimaya qazeta” yazır. Qəzet yazır ki, İranda isə Mahmud Əhmədinejad namizədliyini irəli sürmədiyindən orada kimin qalib gələcəyi sual altına idi. Gözlənildiyi kimi, seçkilərin nəticələri özü ilə daxili, həm də xarici müşahidəçilər, eləcə də ölkənin siyasi elitası üçün bir sıra sürprizlər də gətirmiş oldu. Gözlənilməz nəticə ondadır ki, heç kim Həsən Ruhaninin seçkilərin birinci turunda qələbəsini proqnozlaşdırmırdı. Qərb dövlətlərinin və Birləşmiş Ştatların iqtisadi sanksiyalar içində çabalayan İranın sıravi seçicisi radikallara deyil, mülayim xətt tərəfdarlarına, dialoq və kompromislər axtarışına səs vermiş oldu. Bu isə radikal əhval-ruhiyyəyə, total antiamerkianizmə köklənmiş İran isteblişmenti üçün “soyuq duş” təsiri göstərmiş oldu. İranda liberal baxışlı şəxsin hakimiyyətə gəlişi ilə çoxları elə qənaətdə idi ki, Qərblə Tehran arasında dialoq tez bir zamanda start götürməyəcək. Lakin onlar yanıldılar. Nəticələr bəlli olduqdan sonra Tehran irimiqyaslı dialoq siyasətinə başladı. 2013-cü ilin noyabrında Cenevrədə İranın nüvə proqramı ilə bağlı “yol xəritəsi” imzalandı. Burada Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsi və İranın apardığı nüvə proqramının dondurulması əks olunub.

 

Ekspertlər hesab edir ki, son hadisələr Xəzərin statusunun müəyyən olunmasında da müsbət tendensiyalar yol açır. Onların qənaətincə, Qərblə kompromisin əldə olunması Xəzər məsələsini də ölü nöqtədən tərpədə bilər. Birincisi, bu danışıqlar prosesində gərginliyi aradan götürə, dialoq prosesindəki “cəbhəyanı” aspekti aradan qaldırmağa müvəffəq ola bilər. İkinci məsələ, İranın qərb ölkələri ilə açıq münaqişəsinin aradan qaldırılması İran diplomatiyasına xarici siyasəti başqa istiqamətlərə – ilk növbədə regional istiqamətə yönəldilməsidir. Üçüncüsü, İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması Xəzəryanı dövlətlər arasında iqtisadi əməkdaşlığa impuls vermiş olacaq. Axı məhz ABŞ-ın təzyiqi ilə qonşu dövlətlər bir sıra əlverişli layihələrdən imtina etməli olublar. Faktiki olaraq bir sıra sahələr üzrə qarşılıqlı ticarət müqavilələri imzalanmamış qalıb, neftin daşınması həyata keçirilməyib.

 

Xəzərin hüquqi statusunun müəyyən olunmasına mane olan problemlərə gəldikdə – əsas problem beş dövlət arasında dənizin bölgüsü ilə bağlı problemlərin qalmasındadır. Bu sırada əsas problemi İran və Türkmənistan yaradır. Qazaxıstan, Azərbaycan və Rusiya dənizin şimal hissəsinin dibinin bölgüsü ilə bağlı razılığa gəlsələr də, İran diplomatiyası akvatoriyanın hər bir ölkə üçün 20 faiz bölgüsündə israrlıdır. Türkmənistan isə hazırda aralıq mövqe tutur və müəyyən bir qərar ortaya qoya bilmir. Bu səbəbdən də müşahidəçilər İranda hətta Həsən Ruhaninin belə hakimiyyətə gəlişi ilə bu məsələdə hansısa bir irəliləyişi gözləməyinin yersiz olduğu qənaətindədirlər. Onlar hesab edir ki, İran üçün Xəzər dənizi xarici siyasətin ən prioritet məsələlərindən biridir.

 

Məlumat üçün bildirək ki, hazırda Xəzərin şimalı və mərkəzi Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən ortaq xətlə bölünüb. Daha doğrusu, bölünən dənizin dibidir, su qatı ümumi istifadədir. Bu ölkələr bu prinsipi İran və Türkmənistana da təklif edirlər. Lakin İran dənizin 20 faizlik payla bərabər bölməyi təklif edir. Danışıqları çətinləşdirən digər məqam mümkün Transzəxər boru xətləri ola bilər. Bir çoxları hesab edirlər ki, Azərbaycan, Qazaxıstan və Türkmənistana görə, öz milli sektorları çərçivəsində boru xətləri haqda müvafiq ölkələr sərbəst qərar qəbul edə bilərlər. Rusiya və İrana görə isə belə neft və qaz xətlərini bütün sahilyanı ölkələrin razılığıyla tikmək olar. Rusiya rəsmən bildirir ki, unikal daxili su hövzəsi olan Xəzər seysmik zonada və burada sualtı boru xətlərin tikilişinə ehtiyatlı yanaşmaq lazımdır və bütün sahilyanı ölkələrin rəyini nəzərə almaq lazımdır.

 

Kaspi.az