Qəbələ rayonunda həyata keçirilən “Fəlakət riskinin təhlilinə dair yekun hesabat”ın təqdimatı olub
Fövqəladə Hallar Nazirliyi (FHN) və UNİCEF-in Qəbələ rayonunda birgə həyata keçirdiyi “Fəlakət riskinin təhlilinə dair yekun hesabat”ın təqdimatı olub.
APA-nın məlumatına görə, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi Andro Şilakadze deyib ki, fövqəladə hallarda insan itkiləri, daşınmaz əmlakın dağıntısı halları baş verir.
A. Şilakadze bildirib ki, inkişaf edən cəmiyyət belə risklərin azaldılmasına çalışmalıdır: “Layihə Fövqəladə Hallar Nazirliyi, UNİCEF və Qəbələ rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın məhsuludur. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mühüm qurumlardır, bu qurumların tabeliyində çoxsaylı obyektlər var. Fövqəladə Hallar Nazirliyi bu qurumlara tabeliklərindəki obyektlərdə risklərin azaldılması sahəsində kömək edə, eyni zamanda bu işdə dövlət qurumlarının koordinasiyanı həyata keçirə bilər. Biz Azərbaycana yerli və qlobal səviyyədə dəstək verməyə hazırıq”.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, 2009-cu il martın 9-da FHN və BMT-nin İnkişaf Proqramı arasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi riskinin daxil edilməsi” layihəsi imzalanıb və hazırda uğurla icra olunmaqdadır. Onun sözlərinə görə, FHN UNİCEF-lə sıx əməkdaşlıq edir: “FHN, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı və Avropa Komissiyasının Humanitar yardım şöbəsinin maliyyə dəstəyi ilə 2010-2011-ci illər ərzində “Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsinin uğurla həyata keçirilməsi bunun bariz nümunəsidir. Layihə iki mərhələdə həyata keçirilib. İlk növbədə seçilmiş məktəblər müvafiq avadanlıqlarla – yanğın qutuları, yanğınsöndürmə balonları, xərəklər, ilk tibbi yardım çantaları ilə təmin edilib, sonra isə 2011-ci ilin fevral-mar aylarında nazirliyin müvafiq regional mərkəzlərinin əməkdaşlarından ibarət təlimçilər Bakı, Qəbələ və Salyan rayonlarında seçilmiş məktəblərin müəllimlərinə təlimlər keçib. Maarifləndirmə tədbirləri çərçivəsində müəllimlər üçün təlim vəsaitləri, broşurlar və digər materiallar hazırlanaraq nəşr olunub. 2012-ci ilin oktyabr ayında isə FHN, Təhsil Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında “Riskə məruz qalma ehtimalları olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsinin ikinci mərhələsinin 2012-2013-cü illər üzrə Fəaliyyət Planı imzalanaraq icrasına başlanıb və layihə uğurla tamamlanıb. 19 iyun 2014-cü ildə FHN, Təhsil Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında imzalanan “Təhsil sahəsində tərəfdaşlar” layihəsi üzrə 2014-2017-ci illəri əhatə edən Fəaliyyət Planı əməkdaşlığımıza yeni təkan verməklə yanaşı, yerli əhalinin xüsusilə məktəblilərin fövqəladə hal anlayışı və ondan qorunma yolu ilə bağlı daha dərindən sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək”.
F. Tağızadə qeyd edib ki, məhsuldar əməkdaşlığın davamı olaraq “Azərbaycanda müəssisələrin və icmaların fəlakət riskinə davamlılığının artırılması” layihəsi üzrə 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planına dair təqdim edilən təklifin Avropa Komissiyası tərəfindən qəbul edilməsi, uşaq və yeniyetmələrin fövqəladə hal riskinə hazırlığı sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq sahəsində mühüm hadisədir.
Tədbirdə Yaponiyada keçiriləcək beynəlxalq konfransda da Azərbaycanın gördüyü işlərin təqdim edilməsi vacib sayılıb. UNİSEF-in məsləhətçisi Tamerlan Rəcəbov layihənin təqdimatı ilə çıxış edib. T. Rəcəbov bildirib ki, layihənin həyata keçirilməsi üçün Qəbələnin seçilməsi bölgədə turizmin inkişafı, əhalinin sıx məskunlaşması və bölgədə daşma riski olan çayların mövcudluğu ilə əlaqədar olub. Ümumilikdə 5 təhlükə – sel, meşə yanğını, dolu, torpaq sürüşməsi və zəlzələ təhlükəsi müəyyənləşdirilib.
T. Rəcəbovun sözlərinə görə, layihə çərçivəsində aparılan sorğular zamanı məlum oldu ki, uşaqlar məktəblərdə fəlakət risklərinin azaldılması fəaliyyətinə cəlb edilmirlər: “Bəzi məktəblərin binaları acınacaqlı haldadır, onların təhlükə hallarına dözümlülüyü zəifdir, çay yataqları kəndlərlə eyni səviyyədədir, təbii fəlakət hallarında kəndlərlə əlaqənin kəsilməsi təhlükəsi var”.
Tədbirdə məktəblilərin fövqəladə hallara hazırlığı sahəsində FHN-nin zonalar üzrə məktəblilər arasında müsabiqələr, yarışlar və digər tədbirlər keçirdiyi açıqlanıb.
Apa.az