“Maddə 3.
Hər bir insan yaşamaq,azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. ”
1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan hüquqları bəyannaməsindən götürülən bu normada insanların təbii hüquqlarından bəhs olunur. Yalnız qanunla müəyyən olunmuş hallarda bu hüquqlar məhdudlaşdırıla bilər. Ömürlük azadlıqdan məhrum etmə yalnız qanunla müəyyən olunmuş qaydada şəxslərin azadlıq hüququnu məhdudlaşdırmaq üçün tətbiq edilə bilər.
Cinayət qanununa yeni daxil edilmiş bu cəza ölüm cəzasının (ölüm hökmünün) ləğv edilməsilə əlaqədar cəza sisteminə daxil edilmişdir.1993-cü ildən ölüm cəzasına faktiki moratorium qoyulmuşdu. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar 1998-ci il fevralın 3-də AR Milli Məclisinə müraciət etmişdir. AR Milli Məclisi AR-da ölüm cəzasının ləğv edilməsilə əlaqədar ARCM,AR CPM və AR CİM-nə dəyişiklilər və əlavələr edilməsi haqqında 10 fevral 1998-ci il tarixli qanun qəbul edilmişdir.Bu qanunla ömürlük azadlıqdan məhrum etmə müstəqil cəza növü kimi Respublikanın 1960-cı il CM-nin 21-ci maddəsində müəyyən edilən cəzanın sisteminə daxil edilmişdir.Eyni vaxtda CM-nə ömürlük azadlıqdan məhrum etmənin anlayışını müəyyən edən xüsusi norma(maddə 22-1)daxiledilmişdir.Köhnə Məcəllənin ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 22-1-ci maddəsində qanunvericilik qaydasında qeyd edilən cəza növünün faktiki anlayışı verilmirdi,lakin maddədə qeyd ediliri ki,qanunda xüsusi olaraq nəzərdə tutulan hallarda ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər.
Hazırda qüvvədə olan AR yeni Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrumetmə cəzanın sisteminə daxil edilməklə yanaşı həm də, ömürlük azadlıqdan məhrum etmənin rəsmi anlayışı verilib. AR CM-nin 57-ci maddəsində qeyd olunur:
“Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir”
Maddənin dispozisiyasına nəzər yetirsək görərik ki, sadalanan cinayətlər öz ictmai təhlükəlilik dərəcəsinə və xarakterinə görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. AR CM-nin VII bölməsində (maddə 100-119) yer almış cinayətlər sülh və insanlıq əleyhinə olan cinayətlər hesab olunur. AR CM VIII bölməsində isə şəxsiyyət əleyhinə olan cinayətlərin növləri öz əksini tapmışdır. Lakin heç də qanun həmişə bütün adları sadalanan cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının tətbiqini nəzərdə tutmur, yalnız qanunla müəyyən olunmuş hallarda tətbiq olunur.
Bu normanın dispozisiyasına 2002-ci il 17 may tarixdə “şəxsiyyət” sözündən sonra “ictimai təhlükəsizlik və ictimai qayda” sözləri əlavə edilmişdir. İctimai təhlükəsizliyi və ictimai qaydanın təhlükəsiz təmin edilməsilə əlaqədar olaraq bu əlavə edilmişdir.
İctimai təhlükəsizlik dedikdə, cəmiyyətin həyati əhəmiyyətli mənafelərinin, yəni ödənilməsi cəmiyyətin mütərəqqi inkişafını və mövcudluğunu etibarlı surətdə təmin edən ehtiyaclar məcmusunun qorunub saxlanması vəziyyəti başa düşülür. Göründüyü kimi ömürlük azadlıqdan məhrumetmənin cinayət qanununun xüsusilə təhlükəli cinayətlərinə görə tətbiq olunması məsələsi azadlıqdan məhrumetmə cəzasının leqal anlayışından da aydın olur. Qanunvericinin bu normaya “ictimai təhlükəsizlik və ictimai qayda” sözlərini əlavə etməsi cəzanın məqsədinə nail olunması istiqamətində uğurlu addımdır. Çünki xüsusilə ağır cinayətlər içərisində ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər də xüsusi yer alıb. Məhz bu ifadələrin azadlıqdan məhrum etmə cəzasının leqal anlayışını verən normaya daxil edilməsi bu cəzanın tətbiqi dairəsini dəqiq müəyyən etməyə kömək edir.
Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər AR CM-nin XI bölməsində öz əksini tapıb. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin mərkəzində dövlətin konstitusiya quruluşu əleyhinə olan qəsdlər, hakimiyyəti zorla ələ keçirmək üçün qanunsuz işlər təşkil etmək,onlara rəhbərlik etmək,onları maliyyələşdirmək və s. durur. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvale etmə başa düşülür.
Bununla yanaşı sözü gedən normada bu cəzanın tətbiqi dairəsi də göstərilmişdir. Ümumiyyətlə,azadlıqdan məhrum etmənin bu növünu nəzərdə tutan CM-nin Xüsusi hissəsinin sanksiyalarında ömürlük azadlıqdan məhrum etmə müddətli azadlıqdan məhrum etmə cəzası ilə alternativ formada nəzərdə tutulur. Ömürlük azadlıqdan məhrum etmə cəzası aşağıdakı şəxslərə(maddə 57.2) şamil edilmir:
1. Qadınlara,
2. Cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə,
3. Hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə.
Eyni zamanda AR CM-nin 63.4-cü maddəsinə görə cinayətə hazırlığa və ya cinayətə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir.
AR CM-nin 43.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə yalnız əsas cəza növü kimi tətbiq edilir və müddətlə bağlı olmadığına görə məhz bu əlamətinə, həmçinin çəkilmə qaydasına görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından fərqlənir.Belə ki, ömürlük azadlıqdan məhrum etmə cəzası AR CM-nin 56.1.5-ci maddəsinə əsasən həbsxanalarda çəkilir. AR CM-nin 56.1.4-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilə bilər. AR CİM-nin müddəalarına əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər.
Qanunvericiliyə görə ömürlük azadlıqdan məhrum etmə cəzası şərti olaraq azad edilə bilər. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyimi, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum qalmadığı qənaətinə gələrsə, onu müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə bilər. Hətta məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. AR CM-nin 57.4-cü maddəsində görə 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.
AR CM-nin 82.3-cü maddəsinə müvafiq olaraq əfv qadasında iyirmi beş ildən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
Bir sıra hüquqşünaslar ölüm cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasını məqsədə uyğun hesab etməyərək,ölüm cəzasının qüvvədə saxlanmasını təklif edirlər. Lakin AR CM-nin 41-ci maddəsində əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.Eyni zamanda bu cəza təyin olunmuş şəxsin gələcəkdə azad olunma imkanlarını da nəzərdə tutmaqla onların islah edilməsini stimullaşdırır.Bütün bunlara əsasən ölüm hökmünün ləğv etməsini məqsədəmüvafiq hesab edirəm. Eyni zamanda qeyd olunur ki,ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz olunmasının da ədalətsiz vəqanunsuz olduğunu bəyan edən nəzəriyyəçilər də var.Onlar isə bunu AR CM-nin 10-cu maddəsilə izah etməyə çalışırlar.10-cu maddədə deyilir:
“10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.”
Lakin şəxsin vəziyyətini yüngülləşdirən normanın geriyə qüvvəsinə qanun imkan veridyindən və ömürlük azadlıqdan məhrumetmə ölüm cəzasına nisbətdə yüngül cəza olduğundan, fikrimcə, bu cəzanın əvəz olunması qanuna zidd deyil.
Beləlikə,ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasını əvəz etməsi insan hüquqlarının təmin edilməsi yolunda atılmış uğurlu hüquqi addımdır.
Zaur Nadir oğlu Tağıyev