Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Azərbaycanda səfərdədir
Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Rob Van Lintin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
Dövlət Miqrasiya Xidmətindən AzərTAc-a bildiriblər ki, nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.
Nümayəndə heyətinə Şəhidlər xiyabanının yaranma tarixi barədə ətraflı məlumat verilib.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ilə nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə F.Nəbiyev son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və təhlükəsizliyə, ölkəmizdə tarixən mövcud olan tolerantlığa, respublikamızın geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu bildirib. O, bu səbəbdən də respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırıb. Xidmət rəisi rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ölkə ərazisində mövcud miqrasiya prosesləri, həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verib. F.Nəbiyev “Tvinniq” layihəsinin reallaşması nəticəsində müəyyən təcrübə mübadiləsinin əldə olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdən məmnunluğunu bildirən Rob Van Lint Azərbaycana səfərinin Avropa İttifaqı ilə birgə həyata keçirilən “Tvinninq” layihəsinin icrasına, qurumlararası ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, miqrasiya proseslərinin tənzimlənməsi və vətəndaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmaq məqsədi daşıdığını söyləyib.
Sonra qonaqlar Dövlət Miqrasiya Xidmətinin inzibati binasında yaradılan şərait və qurumun Heydər Əliyev Muzeyi ilə tanış olub, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Rob Van Lint xatirə kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində və DMX-nin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində olublar.
AzərTac.az