İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi

Posted by

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildiİslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yeni sədri seçildi

Anadolu informasiya agentliyinin verdiyi xəbərlər əsasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) hazırladığı və yayımladığı press relizdə bildirilir ki,

Bu gun İstanbulda “Çırağan” sarayında keçirilən rəsmi mərasimdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) yeni rəhbərliyinə keçirilən seçkilərin nəticələri elan edilib.

Forumdan Trend-ə verilən məlumata görə, Forumun II Baş Assambleyasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi seçkilərin nəticələrinə görə Elşad İskəndərov yekdilliklə İƏT Gənclər Forumunun yeni sədri seçilib.

Bu gün isə İƏT-in baş katibi İyad Amin Mədəni, Türkiyənin gənclər və idman naziri Çağatay Kılıc, İƏT Parlament Assambleyasının baş katibi Erol Kılıc, BMT-nin Sivilizasiyalararası Alyansının baş müşaviri Jan Kristof Bas, İstanbul valisi Vasip Şahin, TURGEF fondunun prezidenti Bilal Erdoğan və bir sıra digər beynəlxalq təşkilatlar, həmçinin İƏT olkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən İƏT Gənclər Forumu Bas Assambleyasının təntənəli bağlanış mərasimində E.İskəndərovun beynəlxalq təşkilatın yeni rəhbəri vəzifəsinə seçilməsi rəsmən elan edilib.

Seçkilərin nəticələrinə görə sədrin müavinləri vəzifələrinə Türkiyə, Əlcəzair, İordaniya və İran nümayəndələri seçiliblər. Eyni zamanda, İKGF-nin ümumi sayı 9 nəfərdən ibarət, hər biri bir ölkəni təmsil etməklə yeni İdarə Heyəti də seçilib.

Mərasimdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi İ.Mədəni E.İskəndərovun ötən müddətdə Forumun baş katibi kimi qurumun inkişafındakı rolunu yüksək qiymətləndirib, bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. Eyni zamanda, o, Forum tərəfindən qəbul olunan “10 il – 10 hədəf” adlı İstanbul Gənclik Bəyannaməsinin İƏT Xarici İşlər Nazirlərinin növbəti Şurasında İƏT-in gənclər siyasəti sahəsində proqram sənədi kimi qəbul ediləcəyini bildirib.

Türkiyənin gənclər və idman naziri Ç.Kılıc isə öz çıxışında rəhbərlik etdiyi nazirliyin Forumun istər Türkiyə, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə dəstək göstərəcəyini bildirib.

Sonra Türkiyə Baş nazirinin baş müşaviri Ali Sarıkaya Baş nazir Əhməd Davudoğlunun İKGF Baş Assambleyasına ünvanladığı təbrik məktubunu oxuyub. Təbrik məktubunda Baş nazir Ə.Davudoğlu İƏT Gənclər Forumunun Baş Assambleyasını təbrik etdiyini, yeni sədr seçilmiş E.İskəndərovla bərabər yeni İdarə Heyətinə uğurlar dilədiyini bildirib: “Qurulmasına qardaş ölkə Azərbaycanla bərabər öncüllük etdiyimiz İƏT Gənclər Forumunun fəaliyyətlərini təqdir edir, Turkiyənin Forumun fəaliyyətinə verdiyi dəstəyin bundan sonra da davam edəcəyini ifadə edirik”.

Baş nazirin məktubunda daha sonra İKGF-nin qəbul etdiyi “10 il – 10 hədəf” adlı İstanbul Bəyannaməsində İƏT-ə üzv ölkələrdə və İƏT-də ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan proqramlara da Türkiyənin hərtərəfli dəstək verəcəyi, İstanbulun 2015-2016-cı illərdə “İslam dünyası Gənclər Paytaxtı” elan olunmasını məmnuniyyətlə qarşıladıqları bildirilib.

Türkiyə Baş nazirinin baş müşaviri vəzifəsini tutan, İKGF-nin ilk sədri A.Sarıkaya səlahiyyət müddətinin sona yetməsi ilə bağlı çıxış edərək, bu müddət ərzində Foruma başçılıq etməsindən qürur duyduğunu bildirib. Daha sonra o, İKGF sədri səlahiyyətlərinin rəmzi olan İKGF plaketini qurumun yeni rəhbəri E.İskəndərova təhvil verib, onun bu vəzifədə İKGF-nin inkişafına böyük töhfə verəcəyinə inandığını bildirərək gələcək işlərinə uğurlar arzulayıb. Bundan başqa, A.Sarıkaya Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Forum təsis olunandan bəri göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən E.İskəndərov seçkilərdə ona etimad göstərmiş İƏT üzv ölkələrinin nümayəndə heyətlərinə, həmçinin Forumun üzvü olan beynəlxalq təşkilatlar və musəlman diasporlarını təmsil edən gənclər təşkilatları nümayəndələrinə öz təşəkkürünü bildirib. O, İKGF-nin uğurlu inkişafına xüsusui dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğana təşəkkürlərini bildirib, göstərilən etimadı yeni vəzifəsində də doğrulda bilməsi üçün bütün imkanlarını əsirgəməyəcəyini qeyd edib.

İKGF-nin yeni sədri, eyni zamanda, Forumun garşıdan gələn 5 ildə fəaliyyətləri sırasında dünyada islamofobiya ilə mübarizə, üzv olkələrdə gənclərin təhsil və intellektual inkişafı, ekstremist və təkfirçi ideologiyaların yayılmasına qarşı mübarizə kimi sahələrin prioritet olacağını vurğulayıb. Bununla əlaqədar Baş Assambleyada qəbul edilmiş “10 il – 10 hədəf” adlı İstanbul Bəyannaməsinin xüsusi onəmi olduğunu bildirib.

Daha sonra mərasimdə iştirak edən yusəksəviyyəli qonaqlar tərəfindən xüsusi panoda hazırlanmış bəyannamə imzalanıb.

Qeyd edək ki, İƏT-in 57 üzv ölkəsindən 45-də təmsil olunan İKGF 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasinda yaradılıb, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq təşkilat statusu alıb. 2009-cu ildən Baş Qərargahı Türkiyədə, 2010-cu idən isə Avrasiya Regional Mərkəzi Bakıda diplomatik təsisatlar olaraq qeydiyyatdan keçiblər. DƏ-İKGF növbəti Baş Assambleyasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.

 

Trend/az