Haaqada Xocalı qurbanlarının xatirəsi anılıb
Xocalı faciəsinin 22-ci ildönümündə soyqırım qurbanlarının xatirəsi Hollandiyanın Haaqa şəhərində də yad edilib.
Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan aksiyada Haaqa Dinlərarası Dialoq Platformunun rəhbəri Bart en Broeck, tanınmış holland jurnalisti Jack Kroes, Azərbaycan və Türkiyənin Niderlanddakı səfirliklərinin nümayəndələri, Azərbaycan və türk icmalarının təmsilçiləri, yazıçı-şair Orhan Aras, jurnalistlər, siyasətçilər və yerli sakinlər iştirak ediblər.
Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra şəhidlərin ruhuna dualar oxunub. Daha sonra Xocalıda öldürülən 83 uşağın xatirəsinə üzrərində bu balacaların adı yazılmış 83 ədəd ağ şar havaya buraxılıb, abidənin önünə qərənfillər qoyulub.
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin prezidenti İlhan Aşkın tədbirdə çıxış edərək deyib ki, soyqırımın tanınması üçün bütün imkanlardan istifadə olunur: “Bosniya-Hersoqovina, Pakistan, Macarıstan kimi ölkələr bu qətliamı soyqırım kimi tanıyıb. Biz çalışırıq ki, Holandiyada da belə qərar qəbul olunsun. Bu problemin Hollandiya parlamentində müzakirəyə çıxarılması üçün var gücümüzlə çalışırıq. Bu məqsədlə imza kampaniyası keçirməyi planlaşdırırıq”.
Aksiyaya 500-dən artıq insan iştirak edib.
Trend.az