Güc tətbiq etməmək prinsipi- beynəlxalq hüququn ümumtanınmış prinsipi kimi – MURQUZOVA ZİBA

Posted by

Beynəlxalq münasibətlərdə ədalətin bərqərar edilməsi, dünya dövlətlərinin rifah içində yaşaması üçün müvafiq şəraitin yaradılması, beynəlxalq aləmdə hakimiyyətin, idarəçiliyin özbaşınalığa deyil, ədalətli qanunlara, dövlətlərin qarşılıqlı razılaşmasına əsaslanması, eləcə də güc tətbiqinin qadağan edilməsi problemi hələ qədim dövrlərdən ən mühüm məsələlərdən olmuşdur. Elə bugünkü müasir dünyamızda da bu ən əhəmiyyətli bir məsələ kimi öz aktuallığını qoruyub saxlayır.
Tarix boyu bir dövlətin və xalqın təhlükəsizliyinin, ərazi toxunulmazlığının və siyasi müstəqilliyinin təmin edilməsi digər dövlət və xalqın mənafeyinin ziyanı hesabına ardı-arası kəsilməyən müharibələr, zorakılıq hərəkətləri və silahlı münaqişələr doğurmuşdur. Lakin müharibələr və qanlı qırğınlar sivilizasiyanın dinc inkişafı yollarının axtarışı prosesini də inkişaf etdirmişdir. Bunun nəticəsində də beynəlxalq hüquq zor tətbiq etməmək və ya zor tətbiq etməklə hədələməməyi bir prinsip kimi rəsmi sənədlərdə təsbit etmiş və onu özünün ümumməcburi norması kimi qəbul etmişdir .
Gəlin, bu prinsipin inkişaf tarixinə nəzər salaq. Bildiyimiz kimi, tarix boyu dövlətlərin suveren hüququ müharibə etməkdən ibarət olmuşdur. ( jus ad bellum) Belə ki, bu hüquqa əsasən, hər bir dövlət öz aralarındakı istənilən mübahisəyə görə digərinə qarşı müharibəyə əl ata bilərdi. Bu vəziyyətin olması isə bəşəriyyətə çox baha başa gəlmişdi. Bütün bunların qarşısının alınması üsulu kimi isə bəşəriyyət beynəlxalq münasibətlərdə zor işlətmənin məhdudlaşdırılması yolunu seçir. Bu da həm beynəlxalq əxlaq, həm də beynəlxalq hüquq normalarında öz əksini tapır.
Müharibə hüququnun məhdudlaşdırılması yolunda ilk cəhd 1899 və 1907-ci illərdə keçirilmiş Haaqa konfranslarında qəbul olunmuş “Beynəlxalq toqquşmaların dinc həlli haqqında” və “Müqavilə üzrə borc öhdəliklərinin alınması zamanı zor işlətmənin məhdudlaşdırılması haqqında” konvensiyalarda edilmişdir. Bu sənədlərdə silahlı qüvvədən istifadənin tənzimlənməsinə çalışılmışdır. Belə ki, Beynəlxalq toqquşmaların dinc həlli haqqında konveniyada bu aşağıdakı kimi göstərilir :
Maddə 1 : Beynəlxalq narazılıqların dinc həllinin təmin edilməsi üçün dövlətlərin üzərinə zordan istifadənin qarşısının alınması məqsədilə imkan daxilində bütün səylərdən istifadə etmək öhdəliyi qoyulur.
Həmçinin Millətlər Liqasının Statutunda da zor işlədilməsi ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdur.
Əvvəllər beynəlxalq hüquqda təcavüzkar müharibənin qadağan olunması uğrundakı mübarizə əsasən hücum etməmək haqqında iki tərəfli və çoxtərəfli müqavilələrin bağlanması yoluyla gedirdi. Millətlər Liqası çərçivəsində də bu barədə bir sıra ikitərəfli və çoxtərəfli aktlar işlənib hazırlanmışdır. Belə aktlar sırasına aşağıdakılar aid edilə bilər : 28 sentyabr 1923-cü il Qarşılıqlı yardım haqqında müqavilə layihəsi, Beynəlxalq münaqişələrin dinc tənzimlənməsi haqqında 20 oktyabr 1924-cü il Cenevrə protokolu (qüvvəyə minmədi) və 24 sentyabr 1924-cü il Təcavüzkar müharibələr haqqında Bəyannamə.
Təcavüzkar müharibəni qadağan etmiş ilk çoxtərərli beynəlxalq müqavilə Müharibədən milli siyasət vasitəsi kimi imtina haqqında 27 avqust 1928-ci il Paris ( Brian- Kelloq Paktı) olmuşdur. Bu pakt adından da göründüyü kimi ölkələrin milli müdafiə siyasəti aləti kimi müharibələrdən istifadə etməkdən imtina etməsini məqsəd qoyurdu :
“ Maddə 1 : Tərəflər öz dövlətləri adından elan edirlər ki, beynəlxalq mübahisələrin tənzimlənməsi üçün müharibədən istifadə edilməsini məhkum etmiş və öz qarşılıqlı münasibətlərində milli siyasət aləti kimi ondan imtina etmişdilər.
2-ci maddədə isə iştirakçıların mübahisə və ya münaqişələrini dinc vasitələrlə həll etmək öhdəliyi nəzərdə tutulmuşdur.”
Buradan da gördüyümüz kimi, Brian-Kelloq Paktı təcəvüzkar müharibənin qadağan olunması prinsipini ifadə etmiş ilk beynəlxalq-hüquqi akt idi. Sonradan bu prinsip Nürnberq və Tokio hərbi tribunallarının nizamnamələrində, onların hökmlərində inkişaf etdirilmişdir. BMT Baş Məclisinin 11 dekabr 1946-cı il tarixli qətnaməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnamə və Hökmündə göstərilmiş prinsiplərin qüvvədə olan beynəlxalq hüquq prinsipləri olmasını təsdiq etmişdir. Məhz BMT Nizamnaməsinin qəbul olunması bu inkişafda yeni mərhələ idi. Nizamnamənin əsas məqsədi gələcək nəsilləri müharibə bəlalarından qorumaq olmuşdur. Silahlı qüvvələrin tətbiqi yalnız ümumi mənafelərə xidmət etməlidir. Ümumilikdə isə təkcə silahlı qüvvələrə deyil, həm də adi güc tətbiqinə qadağa qoyulur. BMT-nin Nizamnaməsi silahlı qüvvələrin tətbiqi ilə yanaşı, hədə-qorxunun tətbiqinə də qadağa qoyur. Bu qayda BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən də təsdiq edilmişdir.
BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində bu birbaşa öz ifadəsini tapmışdır : Bütün üzvlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər.
Müasir beynəlxalq hüququn on əsas prinsipini bəyan etmiş Helsinki Yekun Aktında xüsusi olaraq vurğulanmışdır : Heç bir güc tətbiqi və ya güclə hədələmə dövlətlər arasında yaranan mübahisələrin tənzimləmə vasitəsi kimi istifadə olunmayacaq.
Yuxarıda qeyd etdiklərimdən də görürük ki, beynəlalq hüququn subyekti olan hər bir dövlət onun öhdəliklərinə riayət etməyə borcludur və beynəlxalq hüququn ümumtanınmış prinsiplərini pozmamalıdır. Amma hamımıza çox yaxşı məlumdur ki, heç də bütün dövlətlər beynəlxalq hüququn prinsiplərinə daima riayət etmirlər. Belə ki, onlar orada təsbit olunmuş normaları pozaraq zor tətbiqini həyata keçirir, digər dövlətlərə qarşı təcavüzkarlıq aktları tətbiq edirlər. Buna ən bariz nümunə kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi zorakılıq və işğal faktlarını göstərmək olar. Bu cür açıq-aşkar təcavüz aktları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Hətta erməni milləti özünün bu mənfur hərəkətlərinə bir neçə əsassız bəhanələrlə haqq qazandırmağa çalışır. Belə ki, onlar bəzi hallarda bunu özünümüdafiə hüququ kimi, bəzi hallarda isə erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ kimi qələmə verirlər. Bu cür əsassız mülahizələrlə təcavüzkarlıq hərəkətlərinin ört-basdır edilməsinin heç bir əsası yoxdur. Çünki erməni xalqı artıq öz müqəddəratını təyin edərək, hətta qonşu xalqların torpaqlarını zorla tutaraq Ermənistan adlı dövlət yaradıb. Beynəlxalq birliyin qəbul etdiyi sənədlər də Ermənistanın əsassız iddialarının, zorakılıq xarakteri daşıyan hərəkətlərinin əleyhinədir. ATƏT sənədlərində göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitə olmalı və xalqların kollektiv, dinc və demokratik yolla inkişafına xidmət etməlidir. Öz müqəddəratını təyin etmək başqa xalqların hüquqlarının pozulmasına, onlara qarşı zor tətbiq etmə hallarının yaranmasına gətirib çıxarmamalıdır. Zorakılıq millətlərin öz müqəddəratını təyin etməsində yol verilməzdir.
Baxmayaraq ki, dünya birliyi ermənilərin bu hərəkətlərinin qanunsuz olduğunu bəyan edir, onlar yenə də əsassız ərazi iddialarını irəli sürməkdə, zor işlətmək və ya zorla hədələməkdə davam edirlər. Alman səyyahı Alfred Kartenin öz qeydlərində göstərdiyi Əskişəhərli iri podratçının sözlərini misal gətirmək yerinə düşərdi : “Əgər mən bir iş barədə türklə şərt bağlayıramsa, yazılı müqaviləyə ehtiyac duymuram, çünki, onun verdiyi söz kifayətdir. Yunanla mütləq yazılı müqavilə bağlayıram – bu vacib və gərəklidir. Ermənilərlə isə heç yazılı müqavilə ilə də iş görmürəm, çünki onların yalan və riyakarlığına heç yazılı müqavilə də sədd çəkə bilmir.” Buradan da göründüyü kimi, ermənilər heç vaxt heç bir müqavilənin, beynəlxalq hüquqi aktın şərtlərinə riayət etmirlər.
Beynəlxalq hüququn subyekti olan dövlətlər öz hərəkətlərinə haqq qazandırmaq üçün bəzi hallarda yalnız özünümüdafiə hüququna deyil, həm də digər arqumentlərə də əl atırlar. Belə ki, onlar bəzi hallarda humanitar müdaxiləni, yəni guya digər dövlətdə demokratiyanı bərpa etmək və ya insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onun əleyhinə silahlı qüvvədən istifadəni qanuniləşdirməyə cəhd edirlər. Bəzənsə, zor tətbiq etmə aktlarına regional təşkilatların qərarı ilə haqq qazandırmağa çalışırlar. Bu əsasların heç biri digər dövlət əleyhinə silahlı qüvvə tətbiq edilməsinə haqq qazandıra bilməz.
Sonda onu qeyd etmək istəyirəm ki, zənnimcə dünya dövlətləri, bütün bəşəriyyət dahi Anri Dyumanın söylədiyi həqiqəti – planetimiz və onun insanları müharibə dəhşətindən xilas olmalıdır fikrini vacib bir prinsip kimi özünə şüar etsə, onun mahiyyətini dərk etsə və zor tətbiq etməsə, müharibələr aparmasa, beynəlxalq aləmdə özbaşınalığın qarşısı alınar, əmin-amanlıq, firavanlıq yaranar və dünya dövlətlərinin inkişaf səviyyəsi, qarşılıqlı əməkdaşlığı yüksək zirvələrə qalxar.

MURQUZOVA ZİBA
BDU, Beynəlxalq hüquq
Fakültəsinin III kurs tələbəsi