BEYNƏLXALQ HÜQUQ PRİNSİPLƏRİ VƏ «MÜNAQİŞƏLƏRİ İDARƏETMƏ» – Nazim Səfərov

Posted by

Kosovoya müstəqilliyin verilməsi, həmçinin onun Avropa Birliyi və NATO-ya gələcək inteqrasiyası ilə bağlı vüsət alan beynəlxalq debatlarda beynəlxalq hüquqa dair politoloq və mütəxəssislərlə yanaşı iri dövlətlərin başçıları da iştirak edir. Belə ki, Rusiya prezidenti Vladimir Putin Kosovonun nadir hal olmadığını və onun postsovet məkanının münaqişələrinə bənzədiyini bəyan edib. O deyib: «Heç kim məni inandıra bilməz ki, Kosovo münaqişəsi postsovet münaqişələrindən fərqlənir». Rusiya prezidenti hesab edir ki, Kosovonun Serbiyadan ayrılması Pridnestrovye, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi uğrunda mübarizəyə dəstək kimi səslənəcək. Bu sırada Qarabağın göstərilməməsi stratejidən çox, taktiki məqamdır. Təbii ki, Qarabağ da həmin sıradandır. Putinin belə deməsi bütövlükdə aydındır, çünki beynəlxalq cəmiyyət tərəfindən Kosovonun tanınması keçmiş Sovet respublikaları ərazilərində qanunsuz dövlətlərin Rusiya tərəfindən tanınmasına işarədir.

Öz növbəsində ərazisində etnik separatçılıqla problemləri olan dövlətlərin siyasi elitası əks fikirdədir, yəni onlar düşünür ki, Kosovo münaqişələrin həlli etalonuna çevrilə bilməz. Bir araya sığmayan bu iki nöqteyi-nəzər mənə ərazi bütövlüyü, yaxud millətin öz müqəddəratını təyin etmək hüququnun ilkin olmasına dair çoxdankı mübahisəni xatırlatdı. Bu prinsiplərin hər biri BMT tərəfindən qəbul olunur. Əgər sərhədlərin pozulmazlığı prinsipinə əsaslansaq, dövlətə ziyan vuran müqəddərat barədə söhbət belə ola bilməz. Xalq və millətlərin öz müqəddəratını təyin etmək hüququnu ilkin elan etsək, çoxsaylı dövlətlər, o cümlədən Avropanın özü dezinteqrasiya təhlükəsi ilə üzləşəcək. Beynəlxalq hüququn müasir Qərb izahı bu iki prinsipin bərabər əhəmiyyət daşıdığını və eyni mənalı olması fikrinə meyllidir. Bu təbiidir, xüsusilə də Rusiyanın federativ quruluşu və ərazisində separatçılıqla bağlı problemləri nəzərə alsaq. İki prinsipdən hansının doğru olması və beynəlxalq hüquq baxımından etnosiyasi münaqişələrin həllinin əsasını müəyyən etməkdən ötrü beynəlxalq hüququn əsasını təşkil etdiyi sənədlərə müraciət etmək lazımdır. 1970-ci il «Prinsiplər Bəyannaməsi» ərazi bütövlüyü haqqında beynəlxalq cəmiyyətin nöqteyi-nəzərini inkişaf etdirmişdir. Belə ki, bəyannamənin birinci prinsipi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini eynən təkrarlayır (BMT Baş Assambleyasının qətnaməsi, «Beynəlxalq təhlükəsizliyin gücləndirilməsi haqqında Bəyannamə», 16 dekabr, 1970-ci il). Ərazi bütövlüyü prinsipinin elementlərini ifadə edən bəyannamədə xüsusi olaraq bildirilir ki, hər bir dövlət digər dövlətin ərazi bütövlüyü və milli birliyinin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Sənədə görə, dövlətin ərazisi BMT Nizamnaməsinin müddəalarına zidd olaraq güc tətbiqi nəticəsində hərbi işğal obyektinə çevrilə bilməz və dövlətin ərazisi hədə-qorxu nəticəsində digər dövlətin obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının mövqeyi aydındır, lakin istənilən formal sənəd kimi nə bəyannamə, nə də BMT Nizamnaməsi qlobal siyasi reallığın mürəkkəbliyini qabaqcadan görə bilməzdi. Belə ki, Kosovo, Qarabağ, Cənubi Osetiya və Abxaziyanın ayrılması və keçmiş Sovet respublikaları ərazilərində, həmçinin Yuqoslaviyada yeni dövlətlərin yaradılması ideyasının ilhamvericiləri söhbətin daxili, şərti sərhədlərindən getdiyini bildirirlər. BMT sənədlərində isə bir dövlətin digərlərinə qarşı hərəkətlərindən, bir dövlətin digərinin işğalına yolverilməzliyindən söhbət açılır. Ərazi bütövlüyü məsələsinə dair beynəlxalq hüququn konseptual zəifliyi məhz burada meydana çıxır. Qeyd etmək lazımdır ki, Azərbaycan əvvəldən ərazisinin bir hissəsinin qonşu dövlət tərəfindən işğal olunduğunu bəyan etməklə düzgün mövqe tutaraq, Ermənistanla separatçı rejim kimi deyil, beynəlxalq hüququn subyekti kimi danışıqlar aparmağa başladı.

Eyni zamanda BMT tez-tez millətlərin öz müqəddəratını təyin etmək hüququnun olduğunu qeyd edir. Bu prinsip separatçı rejimlərin iddialarında başlıca prinsip kimi irəli sürülür. Millətlərin öz müqəddəratını təyin etmək hüququnu təsdiqləməkdən başqa, BMT sənədləri bu məsələ ilə bağlı konkret nə deyir? Məsələn, təcavüzün tərifinə dair sənəddə bildirilir ki, «təcavüz» anlayışında heç nə nizamnamədən irəli gələn tələblərə – xalqların öz müqəddəratını təyin etmək hüququ, azadlıq və müstəqilliklərinə xələl gətirməməlidir. Xüsusən də bu, müstəmləkə, irqçilik rejimləri, xarici hökmranlığın digər formaları şəraitində yaşayan xalqlara və onların mübarizə aparmaq hüququna aiddir. Bu məqsədlə onlar dəstək istəyə və ala bilərlər (14 dekabr, 1974-cü il BMT Baş Assambleyası tərəfindən təcavüzün izahına dair bəyənilən maddə 7). İnsan hüquqları kontekstində «Vyana Bəyannaməsi» bütün millətlərin öz müqəddəratını təyin etmək və bu addımın həyata keçirilməsi üçün BMT Nizamnaməsinə müvafiq istənilən qanuni hərəkətlərə başlamaq hüququnu təsdiq edir. «Beynəlxalq hüqüq prinsiplərinə dair Bəyannamə»yə görə, yuxarıda qeyd olunanlar hüquq bərabərliyi və millətlərin öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə əməl edən müstəqil dövlətlərin siyasi birliyi, yaxud ərazi bütövlüyünü bütünlüklə ya qismən pozan hər hansı hərəkətləri həvəsləndirmək kimi yozulmamalıdır («Vyana Bəyannaməsi» və fəaliyyət proqramı, 25 iyun, 1993-cü il). Maraqlıdır ki, Amerikanın tanınmış diplomatı və tədqiqatçısı M.Kampelman da hesab edir ki, ayrılmaq hüququ beynəlxalq hüquqa aid deyil, lakin konstitusiya prosedurunun bir hissəsi ola bilər. O, müqəddəratını təyin etmək hüququnu bu hüququn ekstremist şərhi kimi qiymətləndirir. Millətlərin öz müqəddəratını təyin etmək hüququnun tərəfdarları tez-tez hakim etnos tərəfindən istifadə olunan siyasi etnosentrizmi misal gətirərək, azlıqların dövlət idarəçiliyindən kənarda qaldığını və təbii olaraq, azadlıq uğrunda mübarizə aparmağa məcbur olduqlarını bildirirlər. Bu tezisin əsassızlığına əmin olmaq üçün, sadəcə, Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmək kifayətdir. Dəfələrlə kütləvi informasiya vasitələrində Qarabağ ermənilərinin yüksək həyat tərzi, mərkəzi hakimiyyət orqanları və muxtar vilayətin özünüidarəsinin təşkilində iştirakına dair faktlar açıqlanmışdır. Sovet dövründə Dağlıq Qarabağda olanda mən erməni və azərbaycanlıların həyat səviyyəsi və rifahında ermənilərin xeyrinə nəzərəçarpacaq dərəcədə fərqin olduğunu müşahidə etmişəm. Bir sözlə, etnosentrizm daha çox uydurma arqumentlər sırasındadır. Ərazi bütövlüyü və müqəddəratı təyin etmək hüququ nəzəri məsələ olmadığından bu məsələlərə beynəlxalq təcrübə nöqteyi-nəzərindən baxmaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, bu məsələlərdə universal, yaxud ümumi ədalət haqqında söhbət belə gedə bilməz. Qərbi ikili əxlaqda günahlandıranlara cavab olaraq S.Xantinqton açıqcasına bildirir ki, sivilizasiyaların toqquşduğu dünya istər-istəməz iki əxlaqın mövcud olduğu dünyadır: biri «qardaş ölkələrə» qarşı tətbiq olunur, digəri isə yerdə qalan dövlətlərə (S.Xantinqton. «Sivilizasiyaların toqquşması» – «Polis», 1994, ¹1, səh.43). Məhz buna görə nəyin daha vacib – dövlətin ərazi bütövlüyü, yaxud millətlərin öz müqəddəratını təyin etmək hüququnun olması sualı çox ehtimal ki, sxolastik məsələyə çevrilir. Görünür, istənilən münaqişə çoxsaylı faktorlar nəzərə alınmaqla fərdi qaydada həll olunacaq. Kimlər həll edəcək? Münaqişələri idarə edənlər, yəni iri dünya dövlətləri.

«Münaqişələrin idarə olunması» yeni məsələ deyil. Hələ Z.Bzejinski Amerika prezidentinin məsləhətçisi vəzifəsində münaqişələrin idarə edilməsi üçün çox işlər gördüyünü yazırdı. Məsələn, SSRİ-nin Əfqanıstan münaqişəsinə cəlb edilməsi və böyük dövlətin süqutunu o qismən özünün xidməti hesab edir. Lakin Sovet İttifaqının Əfqanıstan kampaniyası dövründən çox şeylər dəyişib. Əvvəllər «münaqişələrin idarə olunması» dünyanın hər hansı bir hissəsində hakim mövqe tutan dövlətin məsuliyyət dairəsinə aid idi. «İdarəçiliyin» bu cür formatı bu gün də qismən qalmaqda davam edir. Şimali İrlandiya problemini Britaniya yaradıb və təbii olaraq bu münaqişəni idarə edib və edir. ABŞ və Avropa Balkanlarda (serblər müsəlmanlara qarşı), İraqda (sünnülər şiələrə, ərəblər kürdlərə və türkmənlərə qarşı), Sudanda (ərəb hökuməti qaradərili əhaliyə qarşı) və Əfqanıstanda taliblərin mərkəzi hökumətə qarşı) «idarəçiliyə» cavab verir. Rusiyaya gəlincə, ənənəvi olaraq onun «nəzarət» dairəsinə Qafqaz və Moldovada etnosiyasi münaqişələr daxil idi, lakin vəziyyət dəyişir və Rusiya tədricən «öz zonasında» «münaqişələrə idarəçilikdən» uzaqlaşır. Bu tendensiya daha aydın Gürcüstanda müşahidə olunur: Qərbin dəstəyilə Acariya rəsmi Tiflisin nəzarəti altına qaytarılıb, onun dəyişilməz və qüdrətli lideri Aslan Abaşidze Rusiyaya qaçıb, Abxaziya və Cənubi Osetiyada münaqişələrin həllinə dair proses gedir. Təqdirə layiqdir ki, narkotrafik, çirkli pulların yuyulması və terrorizmlə mübarizə fonunda Gürcüstan və Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət, kriminal gəlir və bu ərazilərdən gələn təhlükələr barədə məlumatların dünyaya yayılması kursunu keçirirlər. Qeyd edək ki, bu amil Qərb tərəfindən dəstəklənir və «münaqişələri idarəetmə» Rusiya modelinin üstünlüyünü heçə çıxarır. İndi zaman Rusiyaya qarşı işləyir və o, bir müddət sonra özünün həyati maraq dairəsi hesab etdiyi Mərkəzi Asiya regionunu da itirə bilər. Bu təkcə ABŞ-la bağlı deyil. İri dövlətlər arasında, (təbii ki, Rusiya da bu siyahıdadır) təsir zonaları və həyati maraq dairələrinin yenidən bölüşdürülməsi prosesi gedir. Məsələn, Çin qalan dövlətlər üçün iri və öhdəsindən gəlmək mümkün olmayan rəqibə çevrilməkdədir. Yeni dünya düzəni prosesi ilə əlaqədar «münaqişələri idarəetmə»nin yeni konsepsiyaları və modelləri yaradılır. Belə ki, ”Big Central Asia” konsepsiyasının müəllifi, Mərkəzi Asiya və Qafqaz İnstitutunun başçısı, professor Frederik Star Böyük Asiya mərkəzinin Əfqanıstanda, yəni qeyri-sabit kimi xarakterizə edilən regionda yerləşdirilməsini təklif edib. Hərçənd ki, nəzəri cəhətdən söhbət keçmiş Orta Asiya respublikalarından gedə bilərdi. Bu da təsadüfi deyil: Birləşmiş Ştatlar özünün strateji məqsədlərini güdür. Ona Rusiya və Çin kimi əsas geosiyasi rəqiblərinə ən çox problem yaradacaq regionun «idarə olunan münaqişə» zonasına çevrilməsi vacibdir. Öz növbəsində, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə yeni güc mərkəzi yaratmaq və Amerika pressinqinə qarşı durmağa cəhd göstərir. Lakin bu təşkilatın əsasını təşkil edən Rusiya və Çinin bir araya sığmayan ambisiyaları onun uzunmüddətli planda perspektivlərini azaldır. Keçmiş Orta Asiya Sovet respublikalarına gəlincə, onların həmin təşkilatda iştirakı Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ciddi inteqrasiya deyil, Rusiyaya olan loyal münasibətdən irəli gəlir. Hər halda, bu ölkələrin iqtisadi siyasəti və fəaliyyəti onların çoxtərəfli deklorativ münasibətlər yox, daha çox konkret ikitərəfli münasibətlərə meylli olduqlarını göstərir. Budur müasir geosiyasi oyunun reallıqları. Odur ki, ərazilərində etnik separatçılıq, yaxud siyasi ekstremizmin təzahürünü yaşayan dövlətlər beynəlxalq hüquq prinsiplərinə deyil, daha çox böyük dövlətlərin seçdikləri siyasi məqsədəuyğunluğa önəm verəcəklər. Nəticə etibarilə, beynəlxalq hüquq xarici istifadə və ictimai ritorika üçündür, «münaqişələri idarəetmə» modelləri isə beynəlxalq hüquqla bir o qədər də əlaqəsi olmayan münaqişələrə real təsir vasitəsidir.

Nazim Səfərov
fəlsəfə elmləri doktoru