Gəncədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyyətinin səyyar iclası keçirilib
Fevralın 14-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, iclasda Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik Asəf Hacıyev, vitse-prezident, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Tofiq Nağıyev, vitse-prezident, akademik İsa Həbibbəyli, AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, Kimya Elmləri Bölməsinin akademik-katibi, müxbir üzv Dilqəm Tağıyev, Yer Elmləri Bölməsinin akademik-katibi, müxbir üzv Fəxrəddin Qədirov və Milli Elmlər Akademiyasının məsul əməkdaşları, universitetlərin professor-müəllim heyəti, elmi tədqiqat institutlarının alimləri və şəhər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səyyar iclası giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev açaraq qonaqları salamlayıb və dövlətimizin elmə ayırdığı yüksək diqqət və qayğı ilə bağlı məruzə ilə çıxış edib.
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Azərbaycan elminin inkişafı və yeni yaranmış Gəncə Bölməsinin elmi istiqamətləri ilə bağlı geniş məruzəsindən sonra Gəncə Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyevin hesabat xarakterli çıxışı dinlənilib, Rəyasət Heyəti tərəfindən müzakirə edildikdən sonra hesabat qənaətbəxş hesab olunaraq təsdiq edilib.
Gündəlikdə duran məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 19 dekabr tarixli sərəncamı ilə təsis edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin 2013-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti, doktoranturaya qəbul, Bölmənin nəzdində fəaliyyət göstərən 7 elmi tədqiqat institutlarında aparılacaq elmi-tədqiqat işlərinin planlarının hazırlanıb təsdiq edilməsi olub.
Gəncə Bölməsinin yeni yaradılan 7 institutun fəaliyyətə başlaması, onların maddi-texniki bazalarının yaradılması və binaların tikilməsi məsələləri müzakirə olunub və aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılması qərara alınıb.
Bölmədə yeni yaradılan Gənc alim və mütəxəssislər şurasının üzvlərinin elmi-tədqiqat işlərinə daha yaxından cəlb olunması, institutlarda ali təhsil müəssisələrinin uyğun sahə kafedralarının yaradılması və istedadlı tələbələrin elmi tədqiqata cəlb olunması, Bölmədə nəşr olunan “Xəbərlər, “Nizamişünaslıq”, “İqtisadiyyat” elmi jurnallarının yenidən təsdiq edilməsi kimi məsələlər qərar alınıb.
Trend.az