Fövqəladə hallar naziri Azərbaycanın sürüşmə sahələrindəki mövcud vəziyyətə aydınlıq gətirib

Posted by

Fövqəladə hallar naziri Azərbaycanın sürüşmə sahələrindəki mövcud vəziyyətə aydınlıq gətiribFövqəladə hallar naziri Azərbaycanın sürüşmə sahələrindəki mövcud vəziyyətə aydınlıq gətirib

Fövqəladə hallar naziri Azərbaycanın sürüşmə sahələrindəki mövcud vəziyyətə aydınlıq gətirib

Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət və görülən işlər açıqlanıb.

 

APA-nın məlumatına görə, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümünə həsr olunmuş təntənəli iclasda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, Bakıı şəhəri, Səbail rayonu ərazisində Badamdar – 20-ci sahə avtomobil yolu boyu və ona bitişik ərazilərdə 2012-ci ildə baş vermiş sürüşməyə qarşı kompleks müdafiə tədbirləri davam etdirilib.

 

Cari ilin yanvar ayında keçirilən növbəti monitorinq zamanı sürüşmə sahəsinin mərkəzi hissəsində yeraltı su çıxışları aşkar edildiyindən, sürüşmə sahəsinin qırılma qaşı yaxınlığında əlavə olaraq drenaj quyuları qazılmış və bunun nəticəsində sürüşmə sahəsinə daxil olan yeraltı suların qarşısı alınıb. Sürüşmə sahəsinin dil hissəsinin dayanıqlığının daha da artırılması üzrə əlavə geoloji tədqiqatlar aparılıb, hazırda qabaqlayıcı tədbirlər həyata keçirilir.

 

K.Heydərov qeyd edib ki, Bakı muldasının qərb qanadında yerləşən “Park”, “Həsən Seyidbəyli”, “Nəriman Nərimanov dairəsi” ərazilərindəki sürüşmə və Yunis Dağlı küçəsində müşahidə olunmuş çökmə proseslərinin yayıldığı sahələrin hazırkı vəziyyəti ilə əlaqədar mühəndisi-geoloji araşdırmalar aparılıb, hazırda sürüşmə prosesinin dinamikasının izlənilməsi və qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi məqsədilə ərazidə kompleks tədqiqatlar aparılır. Masazır sürüşmə sahəsində isə yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirilmiş və landşaft bərpa olunub.

 

Fövqəladə hallar naziri qeyd edib ki, Mingəçevir su anbarının sağ sahilində baş vermiş sürüşmə prosesi ilə əlaqədar ərazidə aparılan kompleks tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr əsasında müvafiq qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Hazırda təxirəsalınmaz tədbir kimi sürüşmənin qırılma qaşında statik yükün azaldılması məqsədilə torpaq işlərinə başlanılıb və ərazi nəzarətdə saxlanılır.

 

Şamaxı rayonunun Muğanlı kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərin Meysəri kəndi ərazisinə köçürülməsi üçün isə 48 fərdi evdən ibarət qəsəbənin tikintisi başa çatmaq üzrədir. Neftçalada 2, Astarada 2, Lerikdə 2, Lənkəranda 1, Masallıda 1, Qəbələdə 7, İsmayıllıda 1, Gədəbəydə 1 fərdi ev, Şabran rayonunda 2 mərtəbəli 12 mənzilli, Daşkəsən rayonunun Quşçu Körpü qəsəbəsində 2 mərtəbəli 16 mənzilli yaşayış evləri tikilib istifadəyə verilib. Qusar rayonunun Urva kəndində 15, Qənərçay kəndində 16 fərdi ev, Xızı şəhərində 25 ədəd 4 otaqlı ev tikilib, hazırda kommunikasiya xətlərinin çəkilişi aparılır. Xırdalan şəhəri 27-ci məhəllədə 2 ədəd ailəvi yataqxana binalarında bərpa-gücləndirmə və təmir işlərinə başlanılıb. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi 613-cü məhəllədə 135 mənzilli yaşayış binası, yeraltı avtodayanacaq və 4 mərtəbəli qeyri-yaşayış binası tikilib təhvil verilib.

 

K.Heydərov onu da bildirib ki, Abşeron yarımadasında göllərin və sututarların ekoloji cəhətdən sağlamlaşdırılması, onların səviyyə rejiminin nizamlanması və ətraf ərazilərin subasmadan mühafizəsi məqsədilə həyata keçirilən layihə üzrə tədqiqat işləri başa çatdırılıb. Batimetrik tədqiqatlar əsasında göllərin ölçüləri, dib çöküntülərinin qalınlığı təyin edilmiş, gölləri qidalandıran bütün təbii və süni mənbələr aşkar edilib, onların mənşəyi, miqdarı, kimyəvi və bakterioloji tərkibi, çirklənmə dərəcəsi və insan sağlamlığına təsiri öyrənilib.

 

Apa.az