Azərbaycan tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirir

Posted by

Azərbaycan tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirirAzərbaycan tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirir

Azərbaycan tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirir

Bu gün Tovuz şəhərində Japan Tobacco International (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində dördüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.

 

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda Gəncə, Tovuz, Balakən və Yevlax Gömrük İdarələrinin 25-dən çox əməkdaşı iştirak edib.

 

İlk belə seminar JTI şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin Aparatının və Ərazi Gömrük idarələrində xidmət göstərən gömrük əməkdaşları üçün cari ilin 19 fevral tarixində keçirilib. İkinci seminar isə cari ilin 23 may tarixində Quba şəhərində keçirilib və seminarda Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin “Samur”, “Xudat” və “Yalama” gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak edib. Üçüncü seminar 12 avqust 2014-cü ildə Lənkəran şəhərində keçirilib, seminarda Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar Gömrük İdarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak edib.

 

Tovuzda keçirilən tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycan Respublikasınıın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışıb, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirib. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi seminarların gömrük əməkdaşları üçün çox zəruri olduğunu qeyd edib və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirib.

 

Seminar zamanı Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirərək, beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminarda təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.

 

Beləliklə də JTI şirkəti 2014-cü il ərzində DGK ilə həyata keçirdiyi uğurlu əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının Rusiya, İran və Gürcüstan sərhədlərində xidmət edən gömrük əməkdaşları üçün bu sahədə zəruri hesab edilən əlavə bilik və təcrübənin formalaşmasına yardım edib və gələcəkdə də bu uğurlu işin davam etdirilməsində öz səyini əsirgəməyəcək.

 

Trend.az