DSMF ilə Aİ-nin birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub

Posted by

DSMF ilə Aİ-nin birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olubDSMF ilə Aİ-nin birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub

DSMF ilə Aİ-nin birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub.

 

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, ekspertlərin səfəri barədə məlumat verən layihənin rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır. N. Pənahova həmçinin diqqətə çatdırıb ki, layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının (“blueprint”) layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin planın ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcəyini vurğulayan N. Pənahova deyib ki, bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

 

Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlar nümayiş etdirilib. Öncə, ekspertlər növbəti mərhələdə Azərbaycanın sığorta-pensiya sistemində gerçəkləşdiriləcək islahatlarla bağlı qarşıda duran vəzifələr barədə məlumatlandırılıb.

 

Təqdimatla çıxış edən DSMF-nin Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunan ölkədə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat verib. Ekspertlərin səfəri çərçivəsində təşkil olunan növbəti tədbirdə Latviyalı ekspertlər Jana Muizniece və Dace Brencena təqdimatla çıxış edərək ötən dövr ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla keçirilən çoxsaylı görüşlərin, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili ilə bağlı aparılmış araşdırma işlərinin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Almaniyalı ekspertlər Markus Maximilian Maria Sailer, Bernd Schulte-Brinker və Heinz-Dietrich Steinmeyerin də qatıldığı növbəti təqdimatlar beynəlxalq təcrübəyə əsasən çox səviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları məsələlərinə həsr edilib.

 

Bundan əlavə, ekspertlər tərəfindən “Qeyri-dövlət pensiya təminatı sisteminin strukturu və idarə edilməsi”, “Qeyri-dövlət pensiya təminatı sisteminin dövlət tənzimlənməsi və nəzarəti”, “Qeyri-dövlət pensiya təminatı sistemində əmək qanunvericiliyi və istehlakçıların müdafiə olunması prinsiplərinin tətbiqi”, “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi”, “Çoxsəviyyəli pensya sisteminin formalaşdırılması sahəsində beynəlxalq təcrübə”, “Yığım sistemində pensiyaların ödənilməsi mərhələsi” və digər mövzularda təqdimatlar edilib. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Ekspertlərin səfəri DSMF-nin ayrı-ayrı şöbələri ilə görüşlərin keçirilməsi və qanunvericiliyin hazırlanması üçün ilkin planın konseptual aspektləri ilə bağlı ətraflı müzakirələrin aparılması ilə davam edib.

 

Təqdimatlarda qeyd olunub ki, Layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaq. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək. Ekspertlər yığım komponentinin tətbiqi ilə bağlı qanunvericilik bazasının ilkin planında əks etdirilməli olan vacib məsələlər sırasında vəsaitlərin yığım hesablarında toplanması mexanizmləri, bu vəsaitlərin idarə olunması, onların yönəldilə biləcəyi investisiya növləri, aktivlərin qiymətləndirilməsi və investisiya gəlirliliyinin hesablanması qaydaları, pensiyaların yığım hissəsinin əhaliyə ödənilməsi üzrə ilkin mexanizmlərə dair sualları xüsusi qeyd ediblər. Qeyri-dövlət pensiya fondları ilə bağlı isə bu institutların ümumi strukturu və iş prinsipləri, təklif olunan qeyri-dövlət pensiya proqramlarının xüsusiyyətləri, bu sahədə inzibatçılıq, dövlət nəzarəti və tənzimləməsi, pensiya vəsaitlərinin idarə olunması və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində DSMF əməkdaşları üçün növbəti təlim səfəri 2015-ci ilin yanvar ayında Almaniyaya nəzərdə tutulub.

 

Apa.az