Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçiriləcək

Posted by

Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçiriləcəkBakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçiriləcək

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəvəti əsasında Bey­nəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş Assam­bleyanın illik iclasının dekabrın 11-14-də Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib.

 

ARAF-dan Trend-ə verilən məlumata görə, mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assam­bleya­nın keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının idarə heyətinin üzvləri tərə­findən müəyyən olunur. Ötən ilin noyabr ayında İsveçrənin Montrö şəhə­rində keçirilmiş Baş Assambleya ərəfəsində ARAF-ın təqdi­matı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.

 

Bakıda təşkil olunacaq tədbirdə iştirak etmək üçün Beynəl­xalq Atçılıq Federasiyasının prezidenti, İordaniya şa­­­hzadəsi Haya bint əl-Hüseynin və bir sıra digər tanınmış atçılıq nümayəndələrinin ölkəmizə səfərləri nəzərdə tutul­ub.

 

Baş Assambleyada federasiyanın yeni prezi­den­tinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq ictimaiy­yətinin ciddi diqqət mərkəzində olacaq. Hazırda bu vəzifəyə belçikalı İnqmar De Vos, fransalı Pier Durand, isveçrəli Pier Ge­nesand, danimarkalı Ulf Helqstrand, ingiltərəli Con Mak İven və ispaniyalı Xavier Revuelta Del Peralın namizədlikləri irəli sürülüb. Namizədlərdən C.M.İven Beynəlxalq Fe­de­ra­siyanın vitse-prezidenti, İ.D.Vos isə hazırkı baş katibidir.

 

İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

 

Dekabrın 11-də ARAF tərəfindən qonaqların şərəfinə şam yeməyi təşkil olu­nacaq. Dekabrın 13-də Beynəlxalq Federa­siyanın prezidenti tərəfindən xüsusi kokteyl veriləcək. Tədbirin qala-gecəsi dekabrın 14-də “Buta Palace”də Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə təşkil olunacaq. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, meh­təri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək.

 

Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunacaq. Gə­zintilər Xal­çaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mə­rkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edə­cək.

 

Trend.az

Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçiriləcək