Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəvəti əsasında Beynəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş Assambleyanın illik iclasının dekabrın 11-14-də Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib.
ARAF-dan Trend-ə verilən məlumata görə, mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assambleyanın keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin noyabr ayında İsveçrənin Montrö şəhərində keçirilmiş Baş Assambleya ərəfəsində ARAF-ın təqdimatı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək hüququnu qazanıb.
Bakıda təşkil olunacaq tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, İordaniya şahzadəsi Haya bint əl-Hüseynin və bir sıra digər tanınmış atçılıq nümayəndələrinin ölkəmizə səfərləri nəzərdə tutulub.
Baş Assambleyada federasiyanın yeni prezidentinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq ictimaiyyətinin ciddi diqqət mərkəzində olacaq. Hazırda bu vəzifəyə belçikalı İnqmar De Vos, fransalı Pier Durand, isveçrəli Pier Genesand, danimarkalı Ulf Helqstrand, ingiltərəli Con Mak İven və ispaniyalı Xavier Revuelta Del Peralın namizədlikləri irəli sürülüb. Namizədlərdən C.M.İven Beynəlxalq Federasiyanın vitse-prezidenti, İ.D.Vos isə hazırkı baş katibidir.
İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində rekord göstəricidir.
Dekabrın 11-də ARAF tərəfindən qonaqların şərəfinə şam yeməyi təşkil olunacaq. Dekabrın 13-də Beynəlxalq Federasiyanın prezidenti tərəfindən xüsusi kokteyl veriləcək. Tədbirin qala-gecəsi dekabrın 14-də “Buta Palace”də Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə təşkil olunacaq. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək.
Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunacaq. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edəcək.
Trend.az