Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə işlərlə bağlı məsləhətləşmələr aparılıb

Posted by

Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə işlərlə bağlı məsləhətləşmələr aparılıbAzərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə işlərlə bağlı məsləhətləşmələr aparılıb

Dekabrın 11-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Asiya İnkişaf Bankının (AİB) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş olub.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd AİB tərəfindən Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərlə bağlı məsləhətləşmələrin aparılması olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycanla AİB arasında əməkdaşlığın inkişafından söz açaraq, bu əməkdaşlığın ölkəmizdə mühüm infrastruktur layihələrinin icrasına önəmli töhfələr verdiyini vurğulayıb. İ.Rəhimov bildirib ki, AİB-in ölkəmizdə maliyyələşdirdiyi layihələr sosial infrastrukturun inkişafına, nəticə etibarilə yaşayış şəraitinin yaxşılaşdırlmasına yönəlib. Hazırda respublikada şəhərsalma proqramının təkmilləşdirilməsi yönündə AİB tərəfindən bir dəstək olaraq Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi işləri aparılır. Bu işlərdə şəhərsalmaya kompleks yanaşmanın ifadəsi olaraq, inkluzivliyin, bərabər imkanların təmin olunması prinsipinin də nəzərə alınması müsbət haldır.

 

Qeyd olunub ki, respublikada yaşayış və xidmət infrastrukturunun əlilliyi olan şəxslərin istifadəsinə uyğunluğunun təmin olunması sahəsində müvafiq işlər görülür. Tikinti və şəhərsalma barədə qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni infrastruktur layihələrinin icrası, obyektlərin, keçidlərin inşası, ictimai nəqliyyat vasitələrinin alınması zamanı bu məsələ diqqətdə saxlanır.

AİB-in nümayəndə heyətinin üzvü Kolin Arnot ötən dövrdə AİB və Azərbaycanın birgə layihələrdə əldə etdiyi müsbət iş təcrübəsinin Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi işlərinin uğurla aparılması üçün əsas olduğunu qeyd edib. O qiymətləndirmə işlərinin şəhərsalmada bütün vacib amilləri əhatə etdiyini və aparılan məsləhətləşmələrin bu sahədə fəaliyyətin təkmilləşməsinə xidmət etdiyini vurğulayıb.

 

Görüşdə Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə aparılan işlərin əlilliyi olan şəxslərlə bağlı prioritetləri, şəhər infrastrukturunda belə insanların gündəlik tələbatlarının nəzərə alınması və s. məsələlər müzakirə olunub.

 

Trend.az

Azərbaycanda Dövlət Şəhərsalmanın Qiymətləndirilməsi üzrə işlərlə bağlı məsləhətləşmələr aparılıb