İşğal edilmiş ərazilər, nəhayət, yenidən beynəlxalq aləmin gündəmindədir

Posted by

İşğal edilmiş ərazilər, nəhayət, yenidən beynəlxalq aləmin gündəmindədirElxan Süleymanov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

İşğal edilmiş ərazilər, nəhayət, yenidən beynəlxalq aləmin gündəmindədir

AŞPA-nın 2014-cü il payız sessiyası Azərbaycan üçün vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Sessiyanın birinci günü, 29 oktyabrda plenar iclasda Büronun özündə “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzənin hazırlanması və bu məsələnin aidiyyəti üzrə Siyasi Məsələlər Komitəsinə həvalə edilməsi barədə qərarını ehtiva edən 2 sentyabr tarixli protokolu təsdiqləndi. Olduqca gərgin mübarizələr nəticəsində Siyasi Məsələlər Komitəsi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə gərginliyin artması” mövzusunda məruzə hazırlanması üçün məruzəçi təyin etdi. Bunun ardınca 1 oktyabrda Siyasi Məsələlər Komitəsinin iclasında qeyd edilən məruzəni hazırlamaq üçün məruzəçi təyin olundu. Sessiya zamanı Sosial Məsələlər Komitəsində “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsi” adlı məruzəyə dair məlumat qeydləri təqdim edildi. AŞPA-da gərgin mübarizələr nəticəsində qəbul edilmiş qərar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini yenidən beynəlxalq aləmin gündəminə gətirdi. Bu məsələnin beynəlxalq siyasi gündəmə qaytarılması istiqamətində iki ildən artıq müddətdə irəli sürülmüş bir neçə təşəbbüsün qarşısı alınmış və onu dəstəkləyən deputatlar təhdid edilmişdi.

 

Hadisələr

 

Hələ 2013-cü ilin aprel ayında irəli sürdüyüm və AŞPA-da 24 həmkarımın imzaladığı və Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayonun qanunsuz işğal etməsinə göz yuman beynəlxalq ictimaiyyəti tənqid edən ilk qətnamə layihəsi AŞPA-nın 2013-cü ildə Strasburqda keçirilmiş yaz sessiyası zamanı assambleyanın o vaxtkı prezidenti cənab Minyonun veto qərarı ilə rədd edilmişdi. Biz Avropa Şurası Parlament Assambleyasının 31 üzvü ilə birlikdə 9 may 2013-cü ildə yeni qətnamə layihəsi irəli sürdük və assambleya prezidenti bu qətnamə layihəsinə veto qoymasa da, sənəd onun dəstəyi ilə bu dəfə Sədarət Komitəsi tərəfindən yenidən rədd edildi. Beləliklə, 2013-cü ildə hər iki qətnamə layihəsi açıq-aydın qaydalara müvafiq hazırlanmış olsa da, ədalətli olaraq gözlənilən siyasi reaksiyaya nail ola bilmədi. Hər iki sənəd hər hansı müzakirə aparılmadan rədd edildi.

 

Belə bir vəziyyətdə sual edilir: Nə üçün?

 

Nə üçün Avropa Şurası Parlament Assambleyası erməniləri kor-koranə dəstəkləyir və Azərbaycanın ədalətli hüququna məhəl qoymur? Təkrarlanan bu hərəkətlər nə məqsəd daşıyır?

 

Sərsəng su anbarı

 

Lakin biz belə asanlıqla mübarizəni dayandırmaq və geri çəkilmək fikrində deyildik. Odur ki, işğal edilmiş ərazilərə dair istənilən ümumi müzakirənin AŞPA rəhbərliyi tərəfindən rədd edilməsinə baxmayaraq, biz nəzarətsiz Sərsəng su anbarının strateji əhəmiyyətini və yaratdığı həqiqi təhdidi vurğulayaraq, bu müzakirənin təcililiyini nümayiş etdirdik. 26 iyun 2013-cü ildə 18 müxtəlif ölkəyə mənsub 45 AŞPA üzvü tərəfindən imzalanmış üçüncü qətnamə layihəsini irəli sürdük. Bu qətnamə layihəsi Azərbaycanın işğal edilməmiş cəbhəyanı rayonlarının ən azı 400 minə yaxın azərbaycanlı əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının işğal nəticəsində baxımsızlıq səbəbindən olduqca pis və təhlükəli vəziyyətinin təcililiyini və ətraf rayonların əhalisinə yaratdığı təhlükəni vurğulayır, AŞPA-nı təcili və dərhal siyasi tədbir görməyə çağırır. Lakin bu qətnamə layihəsi də bir daha prezident və Sədarət Komitəsi tərəfindən rədd edildi.

AŞPA rəhbərliyinin bu məqsədyönlü haqsız qərarlarına baxmayaraq, 1 apreldə Sərsəng su anbarına dair yeni qətnamə layihəsi irəli sürdük və nəticə etibarilə, əhəmiyyətli səylərdən sonra qərarvericiləri inandıra bildik. Belə ki, Büro qətnamə layihəsi üzrə məruzə hazırlanması və bu məsələnin Sosial Məsələlər Komitəsinə həvalə edilməsi barədə qərar qəbul etdi.

 

Bu, irəliyə doğru atılmış böyük addım idi. Belə ki, çox illərdən bəri ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalmış strateji obyekti ilə bağlı məsələnin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması və bu məsələyə dair məruzə hazırlanması barədə razılıq əldə edildi. İndi 2015-ci ildə Sərsəng su anbarına dair ədalətli, bitərəf və hərtərəfli məruzənin hazırlanmasına ümid edirik.

 

Ermənistana qarşı sanksiyalar?

 

Bu arada mənim təşəbbüsüm əsasında Azərbaycan ərazilərini davamlı silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyaların tətbiqini tələb edən yeni qətnamə layihəsi 18 iyun 2014-cü ildə AŞPA-nın internet səhifəsində dərc edildi. Bu qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən azı 58 deputat tərəfindən imzalanmışdı. Lakin AŞPA-nın baş katibi cənab Savitski erməni maraqlarını uca tutaraq qətnamə layihəsinə qarşı saxta prosedur etirazı qaldırdı. Etirazını əsaslandırmaq üçün heç bir “qayda”nı sitat gətirə bilmədiyi üçün onun bu cəhdi baş tutmadı. Təqdim edilmiş qətnamə layihəsinin qarşısını almaq cəhdi boş çıxdığını görən Savitski qətnamə layihəsini Ermənistana dair hazırlanan cari monitorinq məruzəsinə daxil edilməsi üçün Monitorinq Komitəsinə yönləndirməyi təklif etdi.

 

Mənim Savitski ilə görüşüm zamanı o, əvvəlcə özünü dostyana apararaq qətnamə layihəsini geri götürməyi təklif etdi, bunun mümkün olmayacağına əmin olduqda isə məni təhdid etməyə başladı. Nəticədə katiblik bir gün ərzində yeni qətnamə layihəsi təqdim edəcəyim təqdirdə sənədi məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsinə razılıq verəcəyini bildirdi. Mən dərhal yeni qətnamə layihəsi hazırlamaq məcburiyyətində qaldım və qısa müddət ərzində 16 üzv dövlətdən olan həmkarlarımdan 28 yeni imza toplayaraq katibliyə təqdim etdim. Hələ əvvəldən bizə qarşı mübarizə aparan cənab Savitski çox təəccübləndi və eyni zamanda yeni üsullara əl atdı. Həmin vaxt AŞPA baş katibi Savitskinin təşkilatçılığı ilə sanksiyalar tətbiq edilməsini nəzərdə tutmamaqla Ermənistana xidmət edən “Dağlıq Qarabağ münaqişəsi” adlı formal xarakterli və faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini özündə ehtiva etməyən üçüncü qətnamə layihəsi katibliyə təqdim olundu. Büro iclasında hər üç sənəd müzakirə üçün gündəliyə daxil edildi. Büro iclası katibliyin müəyyən ziddiyyətli müdaxilələrindən sonra tam çaşqınlıq vəziyyətində bitdi və qərar yenidən Büronun Parisdə keçiriləcək 2014-cü il sentyabr iclasına qədər təxirə salındı. Hesab edirdik ki, bu qədər çox yalan, bu qədər çox maneə və təxirəsalmalardan sonra 2 sentyabr 2014-cü il tarixli Paris iclası həlledici qərar qəbul etməlidir.

 

Eyni zamanda aydın idi ki, mübarizənin yeni daha gərgin mərhələsi hələ qabaqdadır. başa çatmayıb. Buna AŞPA-nın baş katibi Savitskinin Büronun 27 iyun 2014-cü il tarixli iclasında təqdim edilən qətnamə layihəsi haqqındakı şərhi əminlik verirdi. Belə ki, qurumun əməkdaşı kimi bitərəf olması hesab edilən cənab Savitski qətnamə layihəsini açıq-aşkar Ermənistana qarşı təxribat, təklif edilən məruzə başlığını isə tamamilə qəbuledilməz adlandırmışdı.

 

Xoşbəxtlikdən, Parisdə sağlam düşüncə katiblik rəhbərinin davamlı manevrlərinə üstün gəldi. Qətnamə layihələri 20 səs lehinə, 5 səs əleyhinə olmaqla, məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirildi. Lakin cənab Savitski Büroya xəbərdarlıq etdi ki, qərar Palata tərəfindən ratifikasiya edilməlidir və komitədə hələ də sual altına qoyula bilər. Şübhəsiz, Paris qələbəsi tarixi gün olsa da, açıq-aşkar aydın oldu ki, növbəti ay ərzində bütün hücumlar bərpa olunacaq. Məhz bu da baş verdi.

 

Yekun qarşıdurma

 

Bazar ertəsi, 29 sentyabr saat 15:00, Plenar Palata: Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərə dair məruzənin ratifikasiyası, səsvermələr.

 

Həftənin ən mühüm anı, şübhəsiz, bazar ertəsi aralıq məruzəsinə dair müzakirə və səsvermələr oldu, belə ki, buraya Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə dair məruzə hazırlanması barədə Büronun qərarının Parisdə palata tərəfindən ratifikasiyası daxildir. Normal halda bu məruzə Büronun qərarları ilə birlikdə hər zaman səsvermə keçirilmədən yekdilliklə qəbul edilir. Lakin bazar ertəsi günorta iclasında palatada bu dəfə bu qədər çox deputatın iştirakı kifayət qədər qəribə və təəccüblü idi. Aydındır ki, bütün bunlar erməni diplomatların güclü lobbiçiliyi və səfərbərliyinin nəticəsi idi. Belə ki, onlar son həftələr ərzində Avropanın bütün paytaxtlarında deputatları bazar ertəsi iclasda iştirak etməyə və Büronun qərarını ratifikasiya etməməyə inandırmaq məqsədilə onların hər birinə müraciət ünvanlamışdı. Lakin həmin deputatların çoxu ermənilərin hiyləgər manevrlərinin əsl mahiyyətini anlamışdılar və bu barədə bizi məlumatlandırmışdılar.

 

Plenar iclasda Ermənistan nümayəndə heyəti üzvlərinin hamısı çıxış edərək Büronun qərarını kəskin tənqid etdilər. Onlar bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu və heç kəsə bunu müzakirə etməyə icazə verilmədiyini hiddətlə bildirdilər. Erməni deputatlar parlamentin məsələni müzakirə etməyə səlahiyyəti olmadığına israrla təkid edirdilər. Əlbəttə ki, bu yolla parlament üzvlərinin rəğbətini qazanmaq olmazdı və ermənilərin bu təkidləri açıq-aşkar onların özünə qarşı çevriləcək arqument idi. Digər bir neçə deputat Azərbaycanın xeyrinə əlavə arqument kimi, məruzəyə dəstək olaraq, Parisdə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla nəticələnən böyük çoxluğu xatırlatdı. İki saatlıq müzakirədən sonra səsvermə keçirildi və ermənilərin qətnamə layihəmin məruzə üçün yönləndirilməsinin qarşısını almağa yönəlmiş təklifi 74 səs əleyhinə, 41 səs lehinə və 13 səs bitərəf olmaqla rədd edildi.

 

Azərbaycanın bu böyük qələbəsi bir çox dostlar tərəfindən alqışlandı, lakin bir daha aydın oldu ki, məruzənin adını təsdiqləmək və Komitədə məruzəçi təyin etmək uğrunda mübarizə hələ davam etdirilməlidir.

 

Çərşənbə, 1 oktyabr, saat 14:00, Siyasi Məsələlər Komitəsi: Səsvermə vasitəsilə Ermənistan tərəfindən məruzənin rədd edilməsi, başlığın dəyişdirilməsi, məruzəçinin təyin edilməsi istiqamətində son cəhdi

 

İclasda iştirak edən 70-ə yaxın deputat əvvəlcə ermənilərin bu məruzənin başlanmasını rədd etmək üçün göstərdiyi son cəhdlə qarşılaşdı. Lakin palatada aparılan müzakirələrdən bəri ermənilərin arqumentlərinin etibarsızlığı deputatların böyük əksəriyyətinə aydın olmuşdu. Odur ki, Ermənistanın mövqeyi yalnız 3 deputat tərəfindən dəstəkləndi, halbuki onlarla deputat kortəbii şəkildə Azərbaycanın mövqeyini dəstəklədi.

Gözlənildiyi kimi və hiyləgər baş katib Saviçkinin proqnozlaşdırdığı kimi, məruzənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adında olması ermənilər tərəfindən qəzəblə sual altına qoyuldu, lakin bu da əbəs idi. Məruzənin adı səsvermə vasitəsilə təsdiq edildikdən sonra ermənilər Komitə otağının qapılarını çırparaq iclası tərk etdilər. Onlar üçün mübarizənin bu mərhələsi də uğursuzluqla başa çatdı.

 

Lakin mübarizə davam edirdi. Belə ki, məruzəçinin təyinatı mübarizənin bu mərhələsinin kulminasiyası idi. Cənab Robert Volterin məruzəçi vəzifəsinə namizədliyi qrup rəhbərləri tərəfindən qeyri-rəsmi qəbul edilmişdi və onun təyin ediləcəyi güman olunurdu. Lakin son məqamda Sosialistlər qrupunun rəhbəri Andreas Qross assambleyanın keçmiş prezidenti cənab Minyonun namizədliyini irəli sürdü! Nədənsə cənab Minyon buna qədər bir neçə dəfə özü öz namizədliyini irəli sürmüş və geri götürmüşdü. Görəsən Azərbaycana qarşı qərəzli münasibətdə olduğu şübhə doğurmayan Andreas Qross tərəfindən namizədliyini irəli sürüldükdən sonra marafona qatılan Minyonun marağı nə idi?

 

Şübhəsiz ki, bu son gizli hiylə bizim üçün qəbuledilməz idi. Belə ki, Minyon öz prezidentliyi dövründə iki dəfə bu məruzəyə veto qoyduğu üçün onun bu sənədə qarşı çıxacağı məlum idi. Belə bir adam necə məruzəçi kimi təklif oluna bilər? O, bir neçə gün əvvəl namizəd idi, daha sonra geri çəkilir və indi yenidən önə çıxır. Ermənistan nümayəndə heyətinin üzvləri iclasda “iki ölkə arasında dialoqun tərəfdarı olduğu üçün məruzəyə etiraz etdiklərini” bildirərək, Minyonun əvvəllər istifadə etdiyi ifadələri eynilə işlətdi. Bu isə onun ermənilərə və erməni diasporuna nə dərəcədə yaxın olduğunu bir daha göstərirdi. Bundan başqa, Minyon öz prezidentliyi dövründə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini dayandırmışdı. Belə qərar onun “dialoq tərəfdarı” olmasındanmı irəli gəlirdi? Minyon yaxşı bilir ki, ermənilər “dialoqu gücləndirmək” üçün heç bir iclasda iştirak etməyiblər, çünki onlar işğal etdikləri ərazilərdə törətdikləri cinayət əməlləri ilə üzləşməkdən qaçırlar.

 

Mən Komitə iclasında cənab Minyonun qərəzli mövqeyini bütün komitə üzvlərinə çatdıraraq, onu ifşa etdim və komitə üzvlərini onun namizədliyini dəstəkləməməyə çağırdım. Səsvermə keçirildi: cənab Volter çox aşağı nəticə, lakin nəhayət ki, ədalətli olaraq 35 lehinə, 32 əleyhinə səslə cənab Minyona qalib gələrək, məruzəçi təyin edildi.

 

Nə üçün Ermənistan nümayəndə heyəti və onlara qəyyumluq edən antiazərbaycan qüvvələr məruzələrin adını dəyişmək istəyirdilər

 

Qeyd edilməlidir ki, məruzənin adının “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” kimi təsdiq edilməsi bizim üçün prinsipial əhəmiyyət daşıyırdı və onun adının dəyişdirilməsi Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi. Belə ki,

 

1. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa Şurasına üzv qəbul edilib. Hazırda işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilər bu sərhədlər çərçivəsindədir. Odur ki, işğal altında olan bütün ərazilər Azərbaycanın ayrılmaz tərkib hissələridir və Dağlıq Qarabağ da daxil olmaqla bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olmaları müzakirə obyekti ola bilməz.

 

2. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə, Avropa Parlamenti, AŞPA və s. beynəlxalq təşkilatların qətnamə və sənədlərində Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi faktı tanınıb və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsindən dəfələrlə istifadə edilib. Bu məsələ də müzakirə obyekti ola bilməz.

 

3. Hər hansı bir formatda danışıqların getməsi və ya digər bəhanələrlə problemin mahiyyətini təhrif etmək cəhdləri əslində mövcud problemi daha da dərinləşdirmək və onun həllini uzaqlaşdırmaq məqsədi daşıyır. Bu təxribat xarakterli səylərin qarşısının alınması üçün hazırlanacaq hər bir sənədin başlığı problemi dəqiq şəkildə özündə əks etdirməlidir. Odur ki, məruzənin başlığı Azərbaycan hansı ərazilərində gərginliyin artmasını dəqiqliklə əks etdirməlidir: Bu Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləridir.

 

Odur ki, məruzənin təsdiq edilmiş adı Azərbaycanın mövqeyinə uyğun olmaqla bərabər, problemin mahiyyətini obyektiv və dolğun şəkildə ehtiva edirdi.

 

Qeyd edilməlidir ki, Ermənistan nümayəndə heyəti, onlara qəyyumluq edən antiazərbaycan qüvvələr və Katiblik Sərsəng su anbarı ilə bağlı məruzənin adının “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” kimi təsdiq edilməsinə qarşı çıxırdılar. Onlar problemin mahiyyətindən tam uzaq olan adlar təklif edirdilər. Lakin bizim üçün bu qəbuledilməz idi. Sual olunur: Nə üçün Ermənistan tərəfi və antiazərbaycan qüvvələr həm işğalla bağlı, həm də Sərsəng su anbarı ilə bağlı məruzələrin təsdiq edilmiş başlıqlarını dəyişməyə çalışırdılar?

 

Burada, birinci məqam ondan ibarətdir ki, Ermənistan və onun qəyyumları heç bir vəchlə bu dövlətin adının beynəlxalq aləmdə yenidən işğalçı dövlət kimi hallanmasını istəmirlər. Digər tərəfdən, həm Ermənistan tərəfi, həm də AŞPA-dakı ermənipərəst qüvvələr gözəl başa düşürlər ki, hər iki məruzənin başlığı problemin mahiyyətini obyektiv şəkildə əks etdirdiyi halda hazırlanacaq məruzələrdə Ermənistanın digər üzv dövlət olan Azərbaycanın ərazilərini tam çılpaqlığı ilə etiraf edilməli olacaq və yaranmış vəziyyətdə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi qaçılmaz olacaq.

Odur ki, opponentlərimiz bunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər. Onlar AŞPA-da hər iki məsələ gündəliyə gələn andan Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, siyasi məhbusların olması və s. kimi iddialar gündəmə gəldi və bunlar Azərbaycana siyasi təzyiqlər etmək məqsədilə geniş kampaniya formasını aldı. Bu kampaniyanın əsas məqsədi Azərbaycan tərəfini işğalçı Ermənistana qarşı təzyiqlərdən çəkindirməkdən, son nəticədə Ermənistanı sanksiyalardan sığortalamaqdan və Azərbaycan ərazilərinin işğalı faktını unutdurmaqdan ibarətdir.

 

Yeri gəlmişkən, qarşı tərəf məhz bu səbəbdən davamlı olaraq məsələ ilə bağlı yalnız Minsk Qrupunun məşğul olmaq səlahiyyətinə malik olduğunu vurğulayırlar və məsələnin hər hansı beynəlxalq təşkilatda, o cümlədən AŞPA-da müzakirəyə çıxarılmasına qarşı çıxırlar. Onlar gözəl başa düşürlər ki, Minsk Qrupu fəaliyyət göstərdiyi müddət ərzində heç bir irəliləyiş əldə etməyib, bu qurum faktiki olaraq imitasiya ilə məşğul olur və bu vəziyyət işğal faktının unudulmasına xidmət edir.

 

Azərbaycanın hər iki məruzədən gözləntiləri nə ola bilər?

 

Sərsəng məruzəsi

 

Məruzəçinin faktaraşdırıcı səfərləri və dəyərləndirmələr barədə məruzə etməsi gələcək faciə barədə məlumatlılığı xeyli artıra bilər. Bitərəf beynəlxalq ekspert Sərsəng su anbarının qəzalı vəziyyətdə olduğunu və orada yaşayan minlərlə əhali üçün törətdiyi təhlükəni sübut edəcək. Belə olan halda sanksiyalara çağırış nəticə etibarilə qaçılmaz olacaq və bu su anbarını ədalətli sahibi olan Azərbaycana qaytarmaq üçün mümkün hərəkətverici qüvvəsi kimi icra edilə bilər.

 

Su çatışmazlığı yaxın gələcəkdə milyonlarla insanı təhlükəyə atan qlobal problemə çevrilməkdədir. Birləşmiş Millətlər Təşkilatı proqnoz verir ki, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr arasında 37-ci yerdə olacaqdır.

Beləliklə, bu məruzə istənilən halda çox aktual olacaq.

 

İşğal olunmuş ərazilərə dair məruzə

 

Məruzə hazırlamaq barədə yekun qərar və indi məruzəçinin təyin edilməsi ədalət naminə mübarizəmizdə əsas istiqamət olub. Təxminən on illik sükutdan sonra işğal edilmiş ərazilərlə bağlı davam etməkdə olan ədalətsizliyə yenidən beynəlxalq siyasi diqqətin yönəldilməsinə nail olmaq həqiqi tarixi qələbədir. Bu, o demək deyil ki, işğal olunmuş ərazilər indi və ya yaxın gələcəkdə azad ediləcək, biz realist olmalıyıq. Lakin bu, əlbət ki, Ermənistan qonşu dövlət olan Azərbaycanın beşdə bir hissəsini qanunsuz işğal altında saxlaması və onun etnik təmizləmə siyasəti nəticəsində bir milyon insanın məcburi köçkünə çevrilməsi barədə Avropada və dünyanın istənilən hissəsində məlumatlılığı artıracaq. Bu, onların beynəlxalq qərarlara riayət etməkdən imtinasını ifşa edəcək. Məhz bu səbəbdən ermənilər bu məruzə ilə bağlı çox narahatçılıq keçirirlər. Onlar yaxşı bilir ki, işğal Qorbaçovun rəhbərliyi altında baş verib və o zaman bu işğal bütün qlobal qüvvələr tərəfindən qeyd-şərtsiz təsdiqlənib. Onlar son 20 ildə təcavüzkar adlandırılmamağa nail olublar və indi belə bir məruzədən sonra bu vəziyyətin dəyişəcəyindən açıq-aşkar qorxurlar. Onlar beynəlxalq hüquqi sənəddə təcavüzkar adlandırılmaq perspektivindən dəhşətə gəlirlər.

 

Nəticə

 

Təkliflərimizə dəfələrlə veto qoyulması və onların qarşısının alınması sürrealist səhnəni xatırlatsa da, hətta Büro, eləcə də Palata lehinə qərar verdikdən sonra da müzakirə bütün səviyyələrdə davam etdi. Bu elə təəssürat yaradırdı ki, sanki məhkəmə artıq qərar verib, amma vəkillər müzakirəni davam etdirirlər.

 

Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan üçün vacib bir gündür, çünki ermənilərin artıq bağlı hesab etdiyi, lakin bizim üçün başlıca əhəmiyyət kəsb edən bu mövzu indi ictimai formada yenilənib. Ümid edirəm ki, digər beynəlxalq təşkilatlar da tezliklə bu məsələ ilə məşğul olacaq və bu mövzunu öz gündəliklərinə daxil edəcəklər. Bundan başqa, biz dünyaya bəyan etdik ki, öz haqlı tələblərimizdən əl çəkən deyilik və ərazi bütövlüyümüzün bərpa edilməsi üçün mübarizəmizi davam etdirəcəyik. Məruzə qərəzli deyil, obyektiv olarsa, bütün dünya yüz minlərlə məcburi köçkünün başına gələnlərdən xəbərdar olacaq. Ümidvarıq ki, bu, qərb dünyasının gözünü açacaq və ermənilərin hər zaman irəli sürdüyü müxtəlif arqumentlərin rəğbət və dəstək qazanmaq və qonşusunun ərazisini qanunsuz işğal etdiyini ört-basdır etmək üçün saxta bəhanə olduğunu görəcəklər.

 

Sonda həmvətənlərimə bildirmək istərdim ki, Avropanın öz maraqları çərçivəsində Azərbaycanla əməkdaşlıq etməsi bizi sevindirir, lakin onu da vurğulamaq istərdim ki, vəziyyət mürəkkəbləşdikdə Azərbaycan hər zaman tək qalacaq. Hesab edirəm ki, bizim səmimi və həqiqi dəstəyimiz yoxdur. Biz bunu həmişə nəzərə almalıyıq.

 

 

Apa.az