Şahin Mustafayev: İri enerji layihələrinin reallaşdırılması Azərbaycanda sənayenin inkişafına töhfə verəcək

Posted by

Şahin Mustafayev: İri enerji layihələrinin reallaşdırılması Azərbaycanda sənayenin inkişafına töhfə verəcək

Dünyanın ən iri enerji layihələrindən olan”Şahdəniz-2″, TANAP və TAP-ın reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibəsində deyilir.

Onun sözlərinə görə, ilk növbədə, ölkəmizdəki makroiqtisadi sabitliyi vurğulamaq lazımdır: “Digər mühüm amil olaraq, yuxarıda bildirildiyi kimi, son illərdə yaradılmış güclü sənaye potensialını qeyd etmək yerinə düşərdi. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir”.

Nazir qeyd edib ki, bununla yanaşı, son illərdə enerji infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl addımlar atılıb, 2300 meqavatt gücündə yeni generasiya obyektləri yaradılıb: “Bundan başqa, alternativ və bərpa olunan enerji mənbələrinin hesabına elektrik enerjisi istehsalının artımı ilə bağlı tədbirlər davam edir. Bütün bunlar sənayenin enerji ilə etibarlı təminatı nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcək: “Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır”.

Nazir əlavə edib ki, ölkədə yaradılmış və hazırda ümumi daxili məhsulun 70 faizi həcmində olan strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır: “Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olub. Bununla yanaşı, müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu və s.) sənayenin inkişafına öz töhfəsini verəcəkdir”.

Nazirin sözlərinə görə, ölkədə formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaqdır: “Hesab edirəm ki, qeyd edilənlər və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcəkdir”.

 

Trend.az