Abel Məhərrəmov: Erməni əsirliyində olan azərbaycanlıların taleyinə biganə qala bilmərik

Posted by

Abel Məhərrəmov: Erməni əsirliyində olan azərbaycanlıların taleyinə biganə qala bilmərik

“Ermənistanın və ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, soyqırım aktlarını, torpaqlarımızın işğal edilməsi həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, özümüz də onları yenidən nəzərdən keçirib bilməliyik. Unutmamalıyıq ki, düşmən çox quduzdur, sadə adamlar deyil”. Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili, akademik Abel Məhərrəmov BDU-da “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir” mövzusunda keçirilən konfransda deyib.

 

A.Məhərrəmov qeyd edib ki, yeni, gənc nəsil bu barədə mütləq geniş şəkildə məlumatlandırılmalıdır: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 4 minə yaxın azərbaycanlı əsir düşüb. Onlardan 1400 nəfərdən çoxu ölü və ya diri olaraq bizə qaytarılıb. Lakin bizim 2000 nəfərdən çox soydaşımız ermənilərin əlində əsirdir. Ona görə də biz onların taleyinə biganə qala bilmərik”.

 

Onun sözlərinə görə, xüsusilə noyabrın 12-də cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus helikopter vurulduqdan sonra ermənilər daha da aktivləşiblər: “Ona görə də biz daha ayıq-sayıq olmalıyıq. Unutmamalıylq ki, biz hələ də müharibə şəraitindəyik. Azərbaycan dünyada analoqu olmayan ölkədir ki, müharibə şəraitində olduğu halda inkişaf edir. Amma Azərbaycan inkişaf etdikcə ona qarşı əks müqavimət də artır”.

 

Rektor bildirib ki, Azərbaycanın bütün qonşu dövlətlərlə xoş münasibətləri var: “Yeganə Ermənistan dövlətidir ki, bizimlə münaqişə şəraitindədir. Qonşuluğumuzda olan 5 dövlətdən biri – Ermənistan süni şəkildə yaradılıb. Çünki Ermənistanın dövlətçilik tarixi yoxdur. Onlar hər şeyi saxtalaşdırırlar. Onlar hətta Yerevan Dövlət Universitetinin də tarixini saxtalaşdıraraq BDU-nun yaranmasından 4-5 ay əvvələ göstəriblər”.

 

Trend.az