Azərbaycanda ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi il ərzində 4 faiz artıb
2013-cü ilin yanvar-avqust ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 37,4 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 3,9 faiz artaraq 4035,7 manat (5143,6 ABŞ dolları) təşkil edib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 51,1 faizdən 55,2 faizədək yüksəlib.
ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,2 faizi sənayedə, 11,0 faizi tikintidə, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb.
Xidmət sektorunda əlavə dəyər istehsalının 24,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 19,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,8 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 43,3 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6 faizini təşkil edib.