TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib

Posted by

TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib

TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib

 

 

TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib

Dekabrın 2-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının IV iclası keçirilib.

 

AzərTAc xəbər verir ki, komissiyanın sədr müavini, Milli Məclisin deputatı, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Hüseynova iclasın gündəliyində duran əsas məsələnin quruma üzv dövlətlər arasında məlumat axının gücləndirilməsi olduğunu söyləyib. Qeyd edilib ki, müasir dövrdə TürkPA artıq beynəlxalq təşkilatlar arasında kifayət qədər nüfuz qazanmış bir qurumdur və artıq üzv ölkələr arasında informasiya mübadiləsinin təmin olunmasına ehtiyac yaranıb. Bildirilib ki, müzakirə olunan məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında qərara alınıb.

 

TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov bildirib ki, iclasda türk dünyasında baş verən proseslər bir daha nəzərdən keçiriləcək. Qeyd edilib ki, bu gün türk dünyası arasındakı əlaqələr siyasi, ideoloji, iqtisadi, akademik baxımdan getdikcə güclənir. Hazırda bütün türk dünyasını əhatə edən media formalaşmayıb və bu səbəbdən TürkPA-ya üzv ölkələr arasında informasiya məkanın genişləndirilməsinə ehtiyac var.

 

N.Cəfərov üzv ölkələrin ortaq televiziya kanalının olmasının zəruriliyini vurğulayıb. Bildirib ki, vahid kanal olarsa hər bir türkdilli ölkənin xalqı digər türkdilli ölkədə baş verən hadisələrdən xəbərdar olacaq və onu təhlil etmək imkanı qazanacaq. Bu, eyni zamanda, xalqlarımız arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə zəmin yaradacaq.

 

Daha sonra iclasın gündəliyi səsə qoyularaq qəbul olunub.

 

Qazaxıstan parlamentinin nümayəndəsi Aldan Smayıl TürkPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, məruzə gələn il Qazaxıstanda keçiriləcək plenar sessiyaya təqdim olunacaq.

 

Türk Şurasının layihə direktoru Zamin Əliyev məlumat axının gücləndirilməsi istiqamətində Şuranın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ortaq türk telekanalının yaradılması təşəbbüsü cari ilin iyun ayında TDƏŞ-in IV Zirvə toplantısında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Artıq bununla bağlı koordinasiya qrupu yaradılıb. Cari ilin oktyabrında koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub. Gələn ilin fevral ayında Türkiyədə koordinasiya qrupunun növbəti toplantısı keçiriləcək.

 

Diqqətə çatdırılıb ki, kanalın strukturu idarə heyəti, direktorlar şurası və redaksiya heyətindən ibarət olacaq. Telekanal həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərəcək. Telekanal “Al Jazeera”, “Euronews” kimi beynəlxalq status daşıyacaq.

 

Qeyd edilib ki, kanalın maliyyə işini üzv dövlətlər həll edəcək. Eyni zamanda, quruma üzv ölkələrin birində kanalın baş ofisi də yerləşəcək. Artıq saziş layihəsi hazırlanır. Kanalın adı və loqosunun müəyyən edilməsi məsələsi müsabiqə yolu ilə həll ediləcək. Geniş kütləyə xidmət edəcək kanal internet vasitəsilə də yayımlanacaq.

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Azərbaycan təmsilçisi Elçin Cəfərli qurumun 20 il ərzində gördüyü işlərdən danışıb.

 

Tədbirdə TürkPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair tövsiyə qərarları qəbul edilib.

 

Tədbir işini müzakirələrlə davam etdirib.

 

AzərTac.az