Fazil Mustafa: “Bu, artıq qudurğanlıqdır”

Posted by

Fazil Mustafa: "Bu, artıq qudurğanlıqdır"Fazil Mustafa: “Bu, artıq qudurğanlıqdır”

Fazil Mustafa: "Bu, artıq qudurğanlıqdır"

“Azərbaycanda yol qəzalarının baş verməsinin bir neçə səbəbi var. Qəzalar birinci növbədə ehtiyatsızlıqdan, ikincisi, sürücülərin savadsızlığından, yol hərəkəti qaydalarını bilməməsindən baş verir. Bir də bizdə başqa ölkələrdən fərqli olaraq, spesifik – qudurğanlıqdan baş verən qəzalar var”.

 

Trend xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa 21 noyabr – Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü ilə bağlı Bakının 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə deyib.

 

Millət vəkili hesab edir ki, Azərbaycan cəmiyyəti yol hərəkəti ilə bağlı bir sıra eybəcərliklərdən yaxa qurtarmalıdır: “3-4 gün bundan qabaq axşam saatlarında Teymur Əliyev (indiki Məmməd Araz – red.) küçəsində görüşlərdən birindən çıxarkən yolun kənarında söhbət edirdik. Bir də küçədə birdən-birə 6-7 maşının təxminən saatda 180 km sürətlə şütüdüyünü görəndə dəhşətə gəldim. Bu, axı avtomobili idarə etmək deyil, bu, artıq qudurğanlıqdır”.

 

F.Mustafa əlavə edib ki, maraqlı da olsa, əslində xəstəlik olan bəzi xüsusiyyətlər Azərbaycanda dəb halını alıb: “Azərbaycanda insanların maşının yanında şəkil çəkdirərək özlərinin mənəvi dünyasını daha çox bununla təqdim etmələri də başqa yerlərdə yoxdur. Bizdə buna elə bil alışqanlıq var ki, guya maşın həm də insanın şəxsiyyətini, prestijini müəyyən edən faktordur. İndi Azərbaycanda qadın sürücülərin sayının artması çox müsbət haldır. Xanımlar avtomobili sürərkən daha diqqətli, daha təmkinli olurlar. Ancaq bizdə dəb düşüb ki, biri maşın alanda digəri də almalıdır. İnsanın öz həyatını başqasına görə qurması lovğalıqdır, xəstəlikdir”.

 

Deputatın fikrincə, bizdə ən təhlükəlisi piyadalarıdır: “Azərbaycan piyadası qədər laqeyd, bilgisiz olan ikinci bir ölkə yoxdur. Mən maraqlandım ki, burada gözəl keçidlər salınıb, bu keçiddən keçən varmı? Dedilər ki, yox, keçiddən heç kim keçmir, hamı yenə yolun üstü ilə gedir”.

 

F.Mustafa qeyd edib ki, ölkədə, ümumiyyətlə, yol infrastrukturu ilə bağlı hələ çox işlər görülməlidir: “Təbii ki, piyada keçidlərinin sayı yetərli deyil, aralarında məsafə uzaqdır. Azərbaycan yollarında əlilləri, təcili tibbi yardım avtomobilinin, yanğınsöndürənlərin hərəkətini nəzərdə tutan infrastruktur da qurulmayıb. Bəzən yollarda nişanların sayı, eləcə də işıqlandırma yetərli səviyyədə olmur. Müasir dövrdə cəmiyyətlərin inkişafı əsasən bu kimi şeylərlə ölçülür. Bunlar hamısı görülməli olan kompleks tədbirlərdir. Bu, bir mədəniyyət məsələsidir. Bu, piyadalı, sürücülü, icra orqanlarının, cəmiyyətin ümumi mədəniyyətinin ortaya qoyulmasıdır. Əgər biz bu nöqsanları aradan qaldıra bilməsək, Azərbaycanda yol hərəkəti qurbanlarının sayı getdikcə artacaq”.

 

Onun fikrincə, xüsusilə qabiliyyəti yetəri səviyyədə olmayan insanların asanlıqla sürücülük vəsiqəsi əldə edə bilmələri böyük faciədir: “Bu cinayətdir. Bunun başqa adı yoxdur”.

 

Qeyd edək ki, tədbirdə yol polisi əməkdaşları, millət vəkilləri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri ilə əlaqədar məktəb yaşlı uşaqların həyat və sağlamlığının qorunması üzrə təbliğat işinin aparılması və bu məsələyə ictimiayyətin diqqətinin artırılmasına nail olmaq olub.

 

Trend.az