Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Posted by

Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin təyinatı qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa və cinayət məsuliyyətinə cəlb etməyin mümkün olması ilə yanaşı, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına yönəlib. Bu məqsəddən irəli gələrək cinayət mühakimə icraatının vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.

Bəraətin hansı hallarda verilməsi, bəraət almış şəxsin hüquqları və ona vurulmuş ziyanın ödənilməsi qaydaları və xüsusiyyətləri barədə Trend-ə məlumat verən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, məhkəməyədək icraat zamanı cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət təqibini istisna edən bu hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə baxışı nəticəsində isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə; andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda: “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz”.

Hüquq məsləhətçisinin sözlərinə görə, cinayət prosesinin gedişində haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

Bəraət almış təqsirləndirilən, habelə məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi hüququna malikdirlər. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

C.Alıyevin bildirdiyinə görə, göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə: “Qanunvericilik bu şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqlarının da bərpasını da təsbit edir ki, həmin hüquqlara əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq; azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək; əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək; məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək; məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytartmaq hüquqları aiddir”.

Bundan başqa, məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, həmşinin şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. Nəhayət, cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

C.Alıyev bildirib ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna sözügedən şəxslərlə yanaşı, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri də malikdirlər: “Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Əgər bu sənədlərdə həmin məsələ əks olunmayıbsa, məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir”.

 

Trend.az