Ziyafət Əsgərov: Vladimir Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisi sədrinin 1-ci müavini Ziyafət Əsgərovun V.Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibəti bildirərkən deyib.
Z.Əsgərov bildirib ki, Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı:
“Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə “dur” deməyin vaxtı çoxdan çatıb”.
Onun sözlərinə görə, adi adamdan fərqli olaraq, siyasətlə məşğul olan psixi xəstəliyə tutulursa, yaxud elə anadangəlmə dəlidirsə, bunun çox təhlükəli fəsadlarının ola biləcəyinə şübhə edən tapılarmı?
Z.Əsgərov deyib ki, V.Jirinovskiyə siyasi təlxək deyirlər: “Fikrimizcə, “tərif” doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir. Azərbaycanlı adlı xalqın əslində mövcud olmadığını “kəşf” edən bu başa bəla “tarixçi – şərqşünas” Rusiya Dövlət Dumasının tribunasından deyib: “Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər – Xəzər dənizi, baca – yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı. Bu nə deməkdir? Bu o deməkdir ki, öz soykökünü gizlədən, atasının milliyyətini soruşduqda – hüquqşünasdır – deyə cavab verən bu xəstə siyasi təlxək Jirinovski böyük tarixi və mədəniyyəti olan xalqı təhqir etmişdir. Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur”.
Z.Əsgərov bildirib ki, belə bir fakta necə göz yummaq olar ki, böyük elmi-mədəni və siyasi potensialı ilə dünyada tanınan Rusiyada, onun paytaxtında siyasi elitanın, elmi-siyasi ictimaiyyətin gözləri qarşısında bu ağıldan kəm zavallı Azərbaycan xalqının soykökü ilə bağlı sərsəmləmə ilə çıxış edir?!:
“Artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir. Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s”. Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan “ritorikası”nın qarşısı alınmır”.
Trend.az