Zakir Həsənov: “Ermənistanla Azərbaycan arasında münaqişə regional sabitliyə əsas təhlükədir”
“Problem beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini bildirib.
Öz növbəsində, səfir dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsi ilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.
Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.