XİN: Rumıniya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edir
Rumıniya Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edir. Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən (AAC) Rumıniya dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə dair Rumıniya XİN-ə ünvanlanan suallara cavabında bu ölkənin xarici işlər naziri Titus Korlatean deyib.
O, qeyd edib ki, Avropa İttifaqına qonşu olan və strateji cəhətdən vacib Cənubi Qafqaz regionu təhlükəsizliklə bağlı problemlə üzləşməkdədir ki, buna da biganə yanaşmaq olmaz. Eyni zamanda, Cənubi Qafqaz çox ümidverici perspektivləri olan bir regiondur. Bu regionun, xüsusilə, enerji resurslarının şaxələndirilməsi və nəqliyyat marşrutlarının inkişafı ilə bağlı artan iqtisadi potensialı var. Lakin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problem də daxil olmaqla regionda uzun sürən münaqişələr bütövlükdə regional təhlükəsizliyə ciddi təhdid olmaqda davam edir. Münaqişələrin bilavasitə nəticəsi olan qaçqın və məcburi köçkünlər məsələsi bu münaqişələrin həllini çətinləşdirir. Bu insanların nümunəsində zaman problemin həllinin lehinə işləmir. Bu, dialoq yollarını çətinləşdirməklə və tərəflər arasında etimadı azaltmaqla münaqişənin sülh yolu ilə həlli istiqamətində imkanları məhdudlaşdırıb:
“Təəssüf ki, Dağlıq Qarabağ daxil olmaqla bu ərazilərdə gündəlik həyat üçün vacib olan məsələlər siyasi yanaşmaların əsirinə çevrilib. Rumıniyanın bütün uzunsürən münaqişələrin həlli ilə bağlı prinsipial mövqeyi var. Biz bu regional münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyik”.
T.Korlatea bildirib ki, Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə tam əməl olunması, ərazi bütövlüyü və suverenliyə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in qərarlarına hörmət əsasında danışıqlar yolu ilə həllinə tərəfdardır. Azərbaycanın ərazi bütövlüyünün təmini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi və diplomatik danışıqlarda nəzərə alınmalı əsas məsələ olmalıdır:
“Danışıqlar prosesinin xüsusiyyətlərini nəzərə alsaq, ATƏT-in Minsk qrupu özünə münaqişənin sülh yolu ilə həllinə kömək etməkdə çox vacib qurum statusu qazandırıb. Lakin bu heç də istisna etmir ki, Avropa İttifaqı özünün Şərq qonşularına münasibətdə, xüsusilə də etimad yaradılması məsələsində kömək etməməlidir. BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrində dəfələrlə xarici qüvvələrin Dağlıq Qarabağdan çıxarılmasını tələb edib. Avropanın Şərq sərhədində yerləşən və qonşularımızın sülh, təhlükəsizlik şəraitində tərəqqisini görməkdə maraqlı olan Avropa İttifaqına üzv bir ölkə kimi biz bu mövqeni tam dəstəkləyirik və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edirik”.