Vladimir Putinin müvəkkili 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun döyülməsi ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirinə teleqram göndərib
Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına hökumət telaqramını yollayıb.
Azərbaycanın Moskvadakı səfirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, teleqram 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun vəhşicəsinə döyülməsi ilə əlaqədardır.
«Hörmətli cənab səfir! 2013-cü ilin noyabrın 1-də Zelenoqradda sərxoş şəxs tərəfindən zorakılığa məruz qalaraq xəsarət alan 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun ailəsinin dərdini bölüşürəm. Milli zəmində ədavət, təhqir və uçağın alçaldılmasının istənilən təzahürlərini yolverilməz hesab edirəm. Bu cür fövqəl halları önləmək və günahkarları cəzalandırmaq üçün bütün lazımi tədbirləri görmək niyyətindəyəm. Moskva meri C.Sobyanin, Rusiya baş prokuroru Y.Çayka, daxili işlər naziri V.Kolokoltsevə müvafiq teleqramlar göndərmişəm. Baş vermiş fövqəl hadisə şəxsi nəzarətimdədir”, – deyə teleqramda bildirilir.