Uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət müzakirə olunub

Posted by

Hər il ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı və insan alveri ilə mübarizə sahəsində lazımi tədbirlər görülür. Lakin görülən tədbirlərə baxmayaraq bu sahədə hələ də problemlər qalır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə olunmaq sahəsində Gömrük Akademiyasının tələbələri üçün keçirdiyi maarifləndirici təlimdə bu barədə ətraflı danışılıb.

 

Komitədən AZƏRTAC-a bildiriblər ki, təlimi giriş sözü ilə açan Gömrük Akademiyasının rəis müavini, gömrük xidməti polkovniki Nizami Quliyev uşaqların sosial və hüquqi müdafiəsi sahəsində dövlətin atdığı addımları yüksək qiymətləndirib və bu sahədə mövcud vəziyyət barədə məlumat verib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları, ölkəmizin bu sahədə bütün standart və mexanizmlərə sahib olduğunu qeyd edib.

 

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov uşaq hüquqlarının qorunması və insan alveri ilə mübarizə sahəsində qeyri-hökumət təşkilatlarının rolundan, uşaq və qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı və erkən nikahların qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatlarının geniş fəaliyyət göstərdiyi barədə danışıb.

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev tərəfindən iştirakçılara insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, onların profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara kömək göstərilməsinin hüquqi və təşkilati əsasları ilə haqqında məlumatlar verib.

 

Diskussiya formatında davam edən tədbirin sonunda iştirakçılara maarifləndirici çap materialları paylanılıb.

 

AZƏRTAC