Ötən il 1730 əmtəə nişanı qeydiyyata alınıb
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2013-cü il üzrə görülən işlərə dair hesabat verib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Standartlaşdırma üzrə 2013-cü il üçün İşlər Planı”na müvafiq olaraq informasiya-kommunikasiya texnologiyaları, ekologiya, qida məhsulları, nəqliyyat, keyfiyyətin idarə olunması, torpaqların qiymətləndirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi və tikinti materialları sahələri üzrə standartlar qəbul edilmişdir. Ümumilikdə ötən il Azərbaycan Respublikasında 62 yeni dövlət standartı təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2013-cü il ərzində standartların tələblərinə, metroloji norma və qaydalara riayət edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq subyektlərində aparılmış yoxlamalar zamanı 1279 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 1279 iradnamə və məhsul partiyası satışının qadağan edilməsi barədə 689 tələbnamə verilmiş, 308 sahibkarlıq subyektində məhsulların istehsalı və satışı qadağan edilmişdir.
İstehsalın və satışın qadağan olunması barədə tələbnamələrdən 24-ü unlu-qənnadı məmulatları, 30-u çörək məmulatları, 22-si dönər istehsalı, 12-si süd məhsulları, 10-u alkoqolsuz içkilər, 11-i mebel istehsalı, 199-u isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilmişdir. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 32 631 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 932 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilmişdir.
Təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlam qidalanması, həyat və sağlamlıqlarının qorunması, bu sahədə müasir qidalanma sisteminin yaradılması və tələblərin müəyyən edilməsi məqsədi ilə AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” qəbul edilmişdir. Standart təhsil müəssisələrində təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə təhsil müəssisələrində qidanın təhlükəsizliyinə, tərkibinə, dəyərliliyinə, həcminə, keyfiyyətinə və qidanın qəbul şəraitinə, o cümlədən təhsil müəssisələri üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən texnoloji şəraitə vahid tələbləri müəyyən edir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 23 uşaq bağçasında adıçəkilən standartın tələblərinin icrası ilə bağlı dövlət nəzarəti həyata keçirilmiş, araşdırmalar zamanı bağçaların bir çoxunda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə əməl olunmadığı aşkar edilmişdir.
İstehlak bazarında satılan dönərin, ictimai iaşə obyektlərində və şadlıq evlərində göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nöqsanların aradan qaldırılması üçün AZS 103-2003 “Çiy (bişməmiş) dönər” və AZS 746-2012 “Şadlıq sarayların təsnifatı və qaydalar” standartlarının tələblərinə əsasən 2013-cü il ərzində 48 dönər istehsalı və satışı ilə məşğul olan iaşə obyektində, 111 şadlıq sarayı və 212 ictimai iaşə xidməti göstərən təsərrüfat subyektində dövlət nəzarəti qaydasında yoxlamalar aparılmış və bu müəssisələrin əksəriyyətində standartların tələblərinin pozulduğu aşkar edilmişdir, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülmüşdür.
Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən ötən il mal, məhsul və xidmətlərə 8250 adda uyğunluq sertifikatı verilmişdir. Sertifkatlar barədə məlumatlar Dövlət Reyestrinə daxil edilmişdir.
Həmçinin 2013-cü il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 12 sertifikatlaşdırma orqanının fəaliyyəti razılaşdırılmış, 71 laboratoriya qeydiyyata alınmışdır.
2013-cü ildə nüfuzlu Almaniya Akkreditasiya Qurumu (DakkS) tərəfindən akkreditasiya olunmuş Komitənin AzTEST Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasında qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilmiş, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə rəy bildirilmiş, bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizlər yüksək qiymətləndirilmiş, adıçəkilən sahələr üzrə də laboratoriya akkreditasiya edilmişdir.
Beləliklə, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir. Belə ki, Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa Birliyi ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşməyəcək, ixrac imkanları genişlənəcək, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait yaranacaqdır.
Son zamanların ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsullarla mübarizə məqsədilə Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) GMO məhsullarının sınağı laboratoriyası yaradılmış və istifadəyə verilmişdir. AzTEST həmçinin İSO 9001 standartının tələblərinə uyğun Türkiyənin Türk Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuşdur.
Hesabat dövrü ərzində 386 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının ölçmə vastələrinin Dövlət Reyestrinə daxil edilmişdir.
Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 246 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilmiş, nəticədə müvafiq olaraq 242 ədəd kalibrləmə sertifikatı və 4 ədəd yararsızlıq haqqında bildiriş verilmişdir.
Hesabat dövründə Komitənin Respublika Elmi-Texniki Kitabxanasının oxucularının sayı 6928-ə çatdırılmış, kitabxana tərəfindən 4 yeni ədəbiyyat sərgisi keçirilmişdir.
Ötən il ümumilikdə ixtiralara dair 75 patent verilmişdir, onlardan 71-i milli, 4-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Faydalı modelə dair 7 patent qeydiyyata alınmışdır ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Sənaye nümunələrinə dair 17 patent verilmişdir, onlardan 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Həmçinin 2013-cü ildə 1730 ədəd əmtəə nişanı və 4 coğrafi göstərici qeydiyyata alınmışdır.
Trend.az