Təbrizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi tədbirləri keçirilmişdir

Posted by

Təbrizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi tədbirləri keçirilmişdir

 

Təbrizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi tədbirləri keçirilmişdir

Təbrizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi tədbirləri keçirilmişdir

 

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası-90” adlı konfrans və rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan AzərTAc-a bildirmişlər ki, konfransda əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmiş, tədbirlərin məqsədi barədə iştirakçılara məlumat verilmişdir.

Sonra baş konsul Əli Əlizadə məruzə ilə çıxış etmiş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzaladığını bildirmişdir. Əli Əlizadə, Naxçıvanın tarixən keçdiyi çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açmış, 1918-24-cü illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı barədə iştirakçılara məlumat vermişdir. Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-93-cü illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, həmin dövrdə Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd etmişdir. Baş konsul Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrindən, hər iki ölkənin rəhbərlərinin iradələri ilə bu əlaqələrin hazırkı inkişafından və muxtar respublikanın İran İslam Respublikasının sərhəd vilayətləri ilə əməkdaşlığından söhbət açmışdır.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, Naxçıvan Ali Məclisinin deputatı, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış etmiş, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası haqqında məlumat vermiş, muxtar respublikanın yaranmasının tarixi-siyasi əsaslarından, araq Naxçıvan əhalisinin erməni daşnaklarına qarşı mübarizəsindən, bir sıra xarici güclərin himayəsi ilə Azərbaycanın İrəvan, Zəngəzur kimi tarixi yurdlarının Ermənistana birləşdirilməsindən, bu planlar çərçivəsində Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın hazırkı blokada vəziyyətinə salınmasından, ümummilli lider Heydər Əliyevin Naxçıvandakı həyat və fəaliyyətindən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İranla səmərəli əlaqələrindən söhbət açmışdır.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti konfransda çıxış edərək İran ilə Azərbaycanın tarixi, mədəni, dini və digər ortaqlıqlarından, Azərbaycan Respublikasının müstəqilliyini yenidən əldə etdikdən sonra İran tərəfindən tez bir zamanda rəsmi olaraq tanınmasından, İran İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən, İranın Azərbaycan ilə, xüsusilə də İran və onun Şərqi Azərbaycan Vilayətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığından bəhs etmiş, yubileylə bağlı təbriklərini çatdırmışdır.

Daha sonra “Naxçıvan: İnkişafın qürur doğuran səhifələri” adlı film nümayiş olunmuşdur.

Konfrans başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilmişdir.

Rəsmi qəbulda “5000 ilin Naxçıvanı” adlı videoçarx nümayiş olunmuş, Azərbaycan xalq mahnıları və musiqiləri səsləndirilmiş, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq edilmişlər.

Konfransda İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan valiliyinin aparatının rəhbəri və vilayətin bəzi digər orqanlarının rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və konsulluğun əməkdaşları, şəhər ictimaiyyətin nümayəndələri, eləcə də Təbrizdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak etmişlər.

 

Yubiley tədbirləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

AzərTac.az