TANAP, TAP və “Şahdəniz-2” layihələri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına müsbət təsir göstərir

Posted by

TANAP, TAP və “Şahdəniz-2” layihələri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına müsbət təsir göstərir

 

TANAP, TAP və “Şahdəniz-2” layihələri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına müsbət təsir göstərir

TANAP, TAP və “Şahdəniz-2” layihələri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına müsbət təsir göstərir

 

Avropa Parlamentinin üzvləri Norika Nikolai, Vittorio Prodi, Niki Tzavel və Xəzər Strateji İnstitutunun (HASEN) birgə təşkilatçılığı ilə martın 5-də Belçika Krallığının paytaxtı Brüsseldə sayca dördüncü Xəzər Forumu keçirilmişdir.

HASEN-dən AzərTAc-a bildirmişlər ki, Avropa Parlamentinin Brüsseldə yerləşən iqamətgahında keçirilən forumun əsas mövzusu “Cənubi qaz dəhlizi: Çağırışlar və fürsətlər” olmuşdur.

Deputat Norika Nikolainin moderatorluğu ilə keçirilən forumda Xəzər regionunun və Avropanın müxtəlif ölkələrinin dövlət və parlament nümayəndələri, neft-qaz sahəsində ixtisaslaşmış transmilli şirkətlərinin təmsilçiləri, özəl sektoru təmsil edən yüksək səviyyəli şəxslər, Beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər.

Forumda çıxış edən HASEN-nin baş katibi Haldun Yavaş bundan öncə iki dəfə İstanbulda və bir dəfə də Nyu-Yorkda keçirilən analoji forumlar haqqında məlumat vermişdir. H.Yavaş Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik Trans-Anadolu qaz kəməri (TANAP), Transadriatik qaz kəməri (TAP) və “Şahdəniz-2” layihələrinin reallaşdırılmasının əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bu layihələrin həyata keçirilməsində Azərbaycanın müstəsna rolu vardır.

HASEN-nin baş katibi “Şahdəniz” yatağından hasil olunacaq qazın Avropaya çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Xəzər bölgəsi və Avropa arasındakı əməkdaşlığa müsbət təsir göstərəcəyini və layihənin lider ölkəsinin məhz Azərbaycan olduğunu demişdir.

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və eyni zamanda, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov Avropa Parlamentində bu mövzuda keçirilən forumun böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu enerji siyasəti bu gün nəinki Azərbaycanın, eyni zamanda, Avropa qitəsinin enerji təhlükəsizliyində müstəsna rol oynamaqdadır. Artıq dünyada, o cümlədən Avropada dərk edirlər ki, məhz İlham Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti TANAP, TAP və “Şahdəniz-2” kimi layihələri bu günün gerçəkliyinə çevirmişdir. F.İsgəndərov bu layihələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına müsbət təsir göstərdiyini də demişdir.

Avropa Parlamentinin üzvləri Norika Nikolai, bp şirkətinin “Cənub” qaz dəhlizi üzrə vitse-prezidenti Con Baldvin, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin və Avropa İttifaqı yanında nümayəndəliyinin birinci katibi Rəşad Novruz, “Botaş” şirkətinin baş menecerinin müavini İbrahim Səid Arınç, TAP-ın xarici əlaqələr üzrə direktoru Mixael Hoffman, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov, Avropa Parlamentinin üzvü Vittorio Prodi və başqaları çıxışlarında Xəzər Forumunun əhəmiyyətindən danışmışlar. Məruzəçilər bu layihələrin Avropada tanıdılmasının vacibliyindən, bu günün və gələcəyin enerji mənbəyi sayılan təbii qazın yanacaq növü kimi artan rolundan bəhs etmişlər.

Çıxışlarda Azərbaycanın bu sahədəki strateji önəmə malik mövqeyi və addımları yüksək qiymətləndirilmiş, həmin layihələrin müvəffəqiyyətlə icra olunmasında Azərbaycan-Türkiyə əməkdaşlığının mühüm rol oynadığı qeyd edilmişdir.

 

AzərTAc.az