Səttar Mehbalıyev: Azərbaycanda iş yerində işçilərin ölüm və xəsarət alma halları 10-12 faiz azalıb
Əməyin təhlükəsizliyi ilə bağlı görülən kompleks tədbirlər nəticəsində respublikada iş yerlərində işçilərin ölüm və xəsarət alması halları azalıb. Bu rəqəm ötən illə müqayisədə ən azı 10-12 faiz aşağı düşüb. Bunu Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, bu rəqəm bütün sahələri əhatə edir: “AHİK-ə daxil olan həmkarlar ittifaqlarının mövcud olduğu müəssisə və təşkilatlarda isə bu göstərici daha aşağıdır. Harda həmkarlar təşkilatları varsa, orada əməyin mühafizəsi ilə ciddi məşğul olunur”.
S.Mehbalıyev müəssisələrdə işçilərin əmək müqaviləsi olmadan işlədilməsi məsələsinə də münasibət bildirib. AHİK sədrinin sözlərinə görə, həmkarlar ittifaqları olan müəssisələrdə əmək müqaviləsiz çalışan işçi ola bilməz: “Harada həmkarlar təşkilatları varsa, biz işçilərin əmək müqavilələrinin olmasına nəzarət edirik, harada yoxdursa, onda biz bununla məşğul ola bilmirik. Bu məsələ Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir. Həmkarlar təşkilatları yaranan yerlərdə qayda-qanun yaradılır, işçilərin iş şəraiti, onların sosial vəziyyəti ilə məşğul olunur, işəgötürənlə həmkarlar ittifaqları arasında kollektiv müqavilələr bağlanılır”.
Trend.az