SÖZ VƏ MƏTBUAT AZADLIĞI İNSAN HAQLARI PRİNSİPLƏRİNİN MÜHÜM QOLUDUR

Posted by

Söz və mətbuat azadlığı İnsan haqqlarının mühüm qoludur. Azad sözün və azad mətbuatın mövcud olmadığı məkanda hər hansı demokratik təsisatlardan danışmaq yersizdir. Artıq dünyanın siyasi və ictimai düzümü elə bir səviyyədədir ki, «Azad mətbuat nə üçün lazımdır» sualı öz aktuallığnı tamamilə itirmişdir. Çünki, indi mətbuat hər hansı bir demokratik ölkədə yalnız «dördüncü hakimiyyət» rolunu oynamır. Mətbuat həm cəmiyyətin inkinşaf göstəricisidir. «Fredom Nouze» jurnalının ötənilki hesabatında göstərilir ki, planetimizdəki 6 milyard insandan 1,2 milyardı azad mətbuatın olduğu ölkələrdə, 2,4 milyardı qismən azad mətbuatın olduğu ölkələrdə, 2,4 milyardı isə azad mətbuatı olmayan ölkələrdə yaşayır. Dünya əhalisinin 80 faizi azad mətbuata yol tapa bilmir. Deməli «Azad mətbuat nə üçün lazımdır» sualı məhz həmin sualın qarşılığına verilən cavaba görə gündəmdə olmasa da, mətbuatın problemləri qalmaqdadır.

Azərbaycanda KİV-lə bağlı qanunlar Avropa standartlarına cavab verir. Əslində bu cür qanunların mövcudluğu ölkəmizdə mətbuatla bağlı problemləri arxa plana keçirməlidir. Lakin mətbuat cəmiyyətin bir hissəsi olduğundan, cəmiyyətdəki problemlər özünü mətbuatda da biruzə verir. Azərbaycanda söz azadlığı və mətbuatla bağlı problemlərin yaranmasında fikrimizcə bir neçə amil rol oynayır. Həmin amilləri bu cür sıralamaq olar

1) KİV-məmur münasibətlərindəki gərginlik2

2) Dövlət qurumlarının fəaliyyətinin şəffaf olmaması

3) Jurnalistlərin informasiya almaq hüququnun məhdud olması

4) Mətbuatın partiyalılığı və ba səbəbdən siyasi proseslərdə tərəfkeşlik nümayiş etdirilməsi

5) Mətbuatın düzgün olmayan informasiya yayması

Bütün bunların nəticəsində isə KİV-in ictimai rəyə təsir etmək imkanları məhdudlaşır və mətbuat cəmiyyətdə öz klassik funksiyasını yerinə yetirə bilmir.

Azərbaycanda mətbuatın inkişafına mane olan cəhətlərdən biri də ayrı-ayrı jurnalistlərə olan fiziki təzyiqlərlə bağlıdır. Məsələni qəlizləşdirən odur ki, indiyə qədə hər hansı bir jurnalistə təzyiq göstərmiş, ona fiziki xəsarət yetirmiş heç bir kəs həbs edilərək ədalət mühakiməsinə verilməyib. Bu ilin fevralında «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynlinin, mart ayında isə «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin naməlum adamlar tərəfindən ağır bədən xəsarəti alaraq xəstəxanaya düşməsi təbii ki, ölkəmizdə azad mətbuatın inkişafına maneələr yaratmaqla bağlı, həm də onun beynəlxalq imicinə ziyan gətirmişdir. Bir sıra jurnalistlərin və bir baş redaktorun həbs edilməsi sırf hüquqi məziyyət daşısada və bu həbslərin motivlərində mübahisəli məqamlar olsa da, aydın məsələdir ki, ymumilikdə mətbuatın problemləri ilə məşğul olan beynəlxalq təşkilatların məsələyə müdaxiləsi və məhz həmin müdaxilədən sonra tutulanların buraxılması belə bir qənaətə gəlməyə əsas verir ki, bizdə bəzi dövlət qurumları üçün beynəlxalq təşkilatların sözü daha keçəridir, nəinki yerli jurnalist təşkilatlarının.

Biz indi elə bir ictimai quruluşda yaşayırıq ki, inzibati metodlarla və göstərişlərlə nəyəsə nail olmaq mümkün deyil. Hər şeyi qanunlar tənzimləməlidir. Fikir Verin: xeyli vaxtdır ki, Milli Mətbuat Şurası başda olmaqla bir sıra jurnalist qurumları reket jurnalistikası ilə mübarizə aparırlır. Amma heç nə dəyişmir. Məmurlar yenə də bu tipli qəzetlərin əməkdaşlarının şantajı ilə üzləşir, onların tələb etdikləri məbləğ ödəmək zorunda qalır, çox nadir hallarda hüquq-mühafmzə orqanlarına və Mətbuat Şurasına müraciət edirlər. Səbəb aydındır: məmurlar qeyri-qanuni işlərlə məşğul oloduqca, reket jurnalistikası da qalacaq. Çünki, onun mövcudluğu üçün münbit zəmin var. Bu isə ümumilikdə milli mətbuatımızın daha bir problemlə üzləşməsinə gətirib çıxarır. Nəticədə cəmiyyətin mətbuata münasibətində mənfi meyllər yaranır. Mətbuat ictimai nəzarət funksiyasını yerinə yetirə bilmir. Məhz bu cür meyllər söz və mətbuat azadlığı haqqında təsəvvürlərdə çaşqınlıq yaradır.

Ona görə də Azərbaycanda İnsan haqlarının qorunması ilə bağlı müzakirələrdə mətbuatla bağlı problemlər daim gündəmə gəlir.