İnsan alveri və ya müasir dövr köləliyi

Posted by

İnsanlarla ticarət həm dövlətdaxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. SSRİ dağıldıqdan sonra yenicə müstəqillik qazanmış ölkələrdə beynəlxalq miqrasiya ilə bağlı qanuni mexanizm olmadığına görə, bu sahədə müəyyən problemlər ortaya çıxmağa başladı. Belə bir şəraitdə ölkə vətəndaşları qanunla tənzimlənmədiyi üçün xarici ölkələrə miqrasiya etməyə başladılar. Miqrasiyanın əsas səbəbləri təbii olaraq insanların maddi vəziyyəti ilə bağlı idi. Bunun üçün də miqrantlar müxtəlif üsullarla daha yaxşı həyat şəraiti tapmaq ümidi ilə xarici ölkələrə üz tutmağa başladılar. Azərbaycan da belə ölkələrdən biri idi. Ümumiyyətlə miqrasiya iki cür olur: qanuni və qeyri-qanuni. Qanuni miqrasiya dedikdə vətəndaşlar qanuni yollarla gedəcəkləri ölkənin səfirliyinə müraciət edir və həmin ölkədə müəyyən müddət yaşamaq hüququ alır. Qeyri-qanuni miqrasiya isə adından məlum olduğu kimi qanunsuz yollarla, saxta sənədlər düzəltməklə ya turist kimi, ya da başqa ad altında xarici ölkələrdə yaşayırlar. Təbii ki, onların “əla həyat şəraiti” ilə təmin olunmasına zəmanət verən “işbazlar” burada əməli fəaliyyət həyata keçirir. Onlar özlərini ya turizm şirkəti, ya da iş təklif edən firma kimi göstərirlər və olduqları ölkələrdə də belə qeydiyyatdan keçirlər. Belə şirkətlər vətəndaşları xaricə göndərməklə artıq öz vəzifələrini yerinə yetirmiş olduğunu bildirir və həmin şəxslərin sonrakı talelərinə görə məsuliyyəti öz üzərindən atır. Bunun nəticəsində insan ticarəti yaranır. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci ən geniş yayılmış və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverini yaradan amillər hansılardır? İqtisadi çətinlik, işsizlik və digər səbəblərdən xüsusilə qadınlar şou-biznesdə rəqqasəlik, menecerlik və mehmanxanalarda xidmətçilik və s. kimi işlər təklif olunur. Çox vaxt sərhəddi keçmək, məntəqəyə çatdırılma, və s. xərclər bu üzdəniraq “işverənlər” tərəfindən ödənilməklə onlarla müqavilə imzalanır. Ancaq ümumiyyətlə insanları tora salmağın aşağıdakı yolları var.
• İşədüzəltmə firmaları;
• Moda agentliyi;
• Nikah agentliyi;
• Turizm agentliyi;
• İnternet vasitəsilə iş, təhsil almaq və nikah haqqında elanlar;
• Qəzet, küçə və televiziya elanları;
• Tanışlar, qohumlar, qonşular və s.
• Xarici agentliklər tərəfindən təkliflər, əvvəlcədən hazırlanmış adamlar tərəfindən həyata keçirilir.
İnsanları tora salmaq üçün əsasən bu fəndlərdən istifadə olunur.
*Gözəl həyat haqqında əhvalatlar;
*Bütün maliyyə problemlərinə son qoyulması ilə bağlı vədlər;
*Yüksək əmək haqqı ilə bağlı vədlər;
* Karyerada yüksəlmə vədləri;
Bütün yuxarıda sadalananlar vasitəsilə onlar öz “qurbanlarını” özlərindən asılı vəziyyətə salırlar. Xarici dövlətə gəlmiş, yerli dili bilməyən qadınlar öz borcunu ödəmək üçün xüsusi ev və agentliklərdə əxlaqsızlığa vadar edilir və bunu etmədikdə daha ağır formada zorakılığa məruz qalırlar.
Qadın alverində həyata keçirilən üsul və vasitələr mütəmadi olaraq, əməliyyat keçirən şəxslər və təşkilatlar tərəfindən dəyişdirilir ki, bir tərəfdən həmin problemlə mübarizə aparmaq çətin olsun, digər tərəfdən də daha çox gəlir gətirmək mümkün olsun.
İnsan alveri əsasən çox yaxşı təlim görmüş mütəşəkkil cinayətkar dəstə üzvləri tərəfindən törədilir. İnsan tacirləri öz qurbanlarını öz ölkələrində bir yerdən başqa yerə çox zaman isə digər ölkələrə beynəlxalq sərhədlərdən keçməklə aparırlar. Daha sonra qurbanların vacib olan bütün sənədlər əllərindən alınır və onlar əxlaqsızlığa və məcburi əməyə məcbur edilir. Qurbanlar mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalır. Belə sual yarana bilər – İnsan ticarətinin qurbanları təqsirlidirlərmi? Birmənalı şəkildə yox ! Çünki onlar yaxşı həyat şəraiti, yaxşı maaş adı altında aldadılaraq başqa ölkələrə gətirilən qurbanlardır. Onlar cinsi və əməyin istismarına məruz qalan insanlardır. İkinci bir sual yaranır bəs onlar niyə evlərinə qayıtmaq istəmir? İnsan alverinin qurbanları arasında keçirilən çoxsaylı sorğulardan da məlum olur ki, əslində onlar aldadıldıqlarını başa düşdükdən sonra təbii ki qayıtmaq istəyirlər, ancaq onların sənədləri, pulları əllərindən alınır başqa ölkədə onlar yerli dili bilmir və onları çox vaxt qapalı yerdə saxlayırlar ki, heç kimlə əlaqə saxlaya bilməsinlər və təbii ki qaçdıqları halda yaxın qohumlarını öldürəcəkləri ilə hədələyir və onlara amansız işgəncələr verirlər. Hətta onları günlərcə ac saxlayır, narkotik maddələr qəbul etməyə məcbur edir və döyürlər.

Qurbanların başına nələr gələ bilər?

● Heç kimlə əlaqə yarada bilməmək, yəni təmas qurmaları mümkün deyil;
●Olduqları ölkələrdə öz vəziyyətlərini başa sala bilmirlər, çünki yerli dili bilmirlər;
●Pasport və digər sənədləri əllərindən alınır;
●Ailələri ilə əlaqə yaratmaq yasaqlanmışdır;
●İstifadə etdikləri telefonların beynəlxalq çıxışı bağlı olur;
●Tez-tez məkanlarını dəyişdiklərinə görə yaşadıqları ünvanı bilmirlər;
●Dəfələrlə cinsi və fiziki, əməyin istismarına məruz qalır və işgəncələr verilir.
●Zorla müqavilə imzalatdırılır və küllü miqdarda borca düşürürlər;
●Qaçaqcaqları tədqirdə ailələrinin və özlərini ölümlə hədələyirlər.

Statistik məlumatlar:
BMT–nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ –ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9,5 milyard gəlir verən kriminal sahə olduğu vurğulayır.
ABŞ –ın Federal Təhqiqat Bürosu “İnsan alveri 2005” adlı geniş hesabatında bildirir ki, Birləşmiş Ştatların ərazisində 20 minə yaxın insan qul və yarıqul vəziyyətindədir. Hesabatda insan alverinin ən cox yüksək səviyyədə olduğu postsovet ölkəri sırasında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir. (“Xalq cəbhəsi” qəzeti 19 iyul) Türkiyə DİN-nin Xaricilərlə İşlər, Sərhəd və Miqrasiya Məsələləri üzrə Departamentindən verilən məlumata görə təkcə 2001-ci ildə 530 nəfər, 2002-ci ildə 341, 2003-cü ildə isə 290 nəfər Türkiyədə əxlaqsızlıqla məşğul olduğuna görə ölkədən departasiya olunub. Həmin qadınlar daha çox İstanbul şəhərində əxlaqsızlığa vadar edilir. Türkiyə Azərbaycandan aparılan qadınların 43 faizini qəbul edir. Həmin qadınlar buraya turist vizası, saxta sənədlər və ya Naxçıvan şəhərindən qeyri –qanuni keçirilməklə Trabzon, İstanbul, Antaliya, Ankara, Bodrum vilayəti və digər şəhərlərə gətirilir və burada insan ticarətinin qurbanına çevrilir.

Beynəlxalq sənədlər
BMT tərəfindən 2 dekabr 1949-cu ildə “İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında” Konvensiya imzalamışdır. Hazırda 74 dövlətin iştirak etdiyi həmin Konvensiyaya Azərbaycan Respublikası 31 may 1996-cı il Qanunu ilə qoşulmuşdur. Konvensiyanın preambulasında qeyd edilir ki, fahişələrin və onları müşayiət edən şəxslərin, insanlarla ticarətin insan şəxsiyyətinin ləyaqət və dəyəri ilə bir araya sığmadığını və insanın ailənin, cəmiyyətin rifahı üçün təhlükə olduğunu nəzərə alaraq, qadın və uşaq alveri ilə mübarizə haqqında aşağıdakı beynəlxalq aktlar əsas kimi qəbul olunur.
1) “Ağ kölə qadınların alveri ilə mübarizə haqqında” 4 may 1910-cu il beynəlxalq konvensiyası;
2) “Qadın və uşaq alveri ilə mübarizə haqqında“ 4 may 1921-cu il beynəlxalq konvensiyası;
3)“Ağ kölə qadınların alveri ilə mübarizə haqqında” 18 may 1924-cü il beynəlxalq müqaviləsi
4) “Yetkinlik yaşına çatmamış qadınların alveri ilə mübarizə haqqında” 11 oktyabr 1933-cu il beynəlxalq konvensiyası
İnsanlarla o cümlədən, qadınlarla və uşaqlarla ticarətin qarşısının alınması istiqamətində BMT, Avropa Şurası, Avropa İttifaqı bir sıra sənədlər qəbul etmişdir. Ümumiyyətlə beynəlxalq hüquqda insanlarla ticarətə qarşı qəbul olunan sənədlər 3 qrupa bölünür. 1997-ci ildən AŞ müxtəlif komitələrinin ekspertlərindən ibarət cinsi istismar məqsədləri üçün insanlarla ticarətə qarşı mübarizədə çoxsahəli qrup yaradıldı. Qrupun məqsədi cinsi istismar məqsədləri üçün insanlarla ticarətə qarşı mübarizə sahəsində AŞ-sının üzərinə götürə biləcəyi tədbirlər planı hazırlamaq idi. Qrup tərəfindən 1997-ci ilin aprelində keçirilən konfransda aşağıdakı tövsiyələr qəbul edilmişdir.
1)Qadın ticarəti qurbanlarının ölkədən dərhal çıxarılmasının qarşısını almaq üçün üzv dövlətlərin milli qanunvericiliyinin tövsiyələrə uyğunlaşdırılması;
2)Qadın ticarətinə qarşı mübarizədə Avropa Birliyi ölkələrinin sıx əməkdaşlığı;
3)İnsan ticarətinə qarşı mübarizə sahəsində Avropada aparıcı yolun ayrılması
İnsan alveri, fahişəlik istər milli, istərsə də beynəlxalq qanunvericiliklə qadağan olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin XX fəsli şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə aid olan cinayətlər qrupuna Zorlama (maddə 149), Seksual xarakterli zorakılıq hərəkətləri (maddə 150), Seksual xarakterli hərəkətlərə məcbur etmə (maddə 151), Yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb etmə (maddə 171), Yetkinlik yaşına çatmayanların alqı-satqısı (maddə 173) cinayətləri və onlara qarşı cəzalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005–ci il tarixdə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını, habelə insan alverin qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir
Göründüyü kimi insan alveri elə bir qlobal problemdir ki burada dövlət təkbaşına mübarizə apara bilmir və digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində hansısa müsbət dəyişikliyə nail olmaq mümkün olur.

Aslanova Günel
BDU, Beynəlxalq Hüquq və
Beynəlxalq münasibətlər fakültəsinin magistrantı