Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə açılmışdır

Posted by

Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə açılmışdır

Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə açılmışdır

Səməd Vurğunun ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə açılmışdır

Martın 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, rəmzi qırmızı lent kəsildikdən sonra dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Mərasimdə çıxış edən muzeyin direktoru Aygün Vəkilova diqqətə çatdırmışdır ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilmişdir.

Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıqla məşğul olduğu, fəal ictimai xadim kimi fəaliyyət göstərdiyi evdə yerləşir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu mədəniyyət ocağının yenidən öz qapısını ziyarətçilərin üzünə açmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir.

Bildirmişdir ki, görkəmli şairin xatirəsinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici haldır. Diqqətə çatdırmışdır ki, Ulu Öndərin təşəbbüsü ilə açılmış bu muzeydən sonra ölkəmizdə böyük şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasının bünövrəsi qoyulmuş, muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanılmışdır.

Nazir qeyd etmişdir ki, Səməd Vurğun çətin dövrdə yaşamasına baxmayaraq onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi durmuşdur. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq sevgisi ifadə olunmuşdur. Həmçinin onun dram əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.

Bildirilmişdir ki, dövrünün ən böyük ziyalılarından biri olan Səməd Vurğun yaşadığı mühitin görkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında yorulmadan təbliğ etmişdir. Onun yaradıcılığı bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutmalı, tədqiqatlar davam etdirilməlidir.

Nazir əsaslı təmirdən sonra Səməd Vurğunun ev-muzeyi şairin yaşayıb-yaratdığı dövrün ruhunu əks etdirməklə yanaşı, həm də müasir texnologiya ilə təchiz olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, muzey öz işini gələcəyə belə aparmalıdır. Yeniliklər keçmiş irsimizin qorunub saxlanmasına xidmət etməlidir.

Sonra mərasim iştirakçıları şairin öz səsində onun şeirindən bir parçanı dinləmişlər.

Akademik Teymur Bünyadov ulu öndər Heydər Əliyevin Səməd Vurğunun poeziyasını yüksək qiymətləndirdiyini, onun “Azərbaycan” şeirini eşidərkən göz yaşlarını saxlaya bilmədiyini diqqətə çatdırmışdır.

Tədbirdə İ.Əbilov adına mədəniyyət mərkəzinin üzvü Türkan Məmmədli Səməd Vurğunun şeirini oxumuş, Prezident təqaüdçüsü Vurğun Vəkilov Qara Qarayevin “Eskiz” əsərini ifa etmişdir.

 

AzərTac.az