Seçilmişin 100 günü

Posted by

Seçilmişin 100 günüSeçilmişin 100 günü

Seçilmişin 100 günü

Türkiyə tarixində ilk dəfə xalqın iştirakı ilə avqustun 10-da keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən 18 gün sonra dövlət başçısının inauqurasiya mərasimi baş tutdu. Dekabrın 6-da isə seçilmiş prezidentin 100 günü tamam olur.

 

2002-ci ildən sonra Türkiyə siyasi tarixində müxalifət və hakimiyyət sıralarında güclü fiqurlar olmasına baxmayaraq, etiraf etmək lazımdır ki, bunlardan ən öndə gələni ölkənin hazırkı Prezidenti Ərdoğan və 21 avqustda Baş nazir təyin edilən Əhməd Davudoğludur.

 

Türkiyənin parlament respublikası olmasına baxmayaraq, hazırkı Prezident Ərdoğanın ölkə idarəçiliyinə təsiri danılmazdır. Məhz buna görə də prezident seçkilərindən sonra müxalifətin hücumlarının əsasən Ərdoğana yönəldiyini görmək olar.

 

Digər tərəfdən, geridə qalan 100 gün Ərdoğan üçün elə də asan keçmədi. Narahatlığa səbəb olan hadisələrdən ən başlıcası PKK terror təşkilatı və PYD (Partiya Yekitiya Demokrat – Demokratik Birlik Partiyası) tərəfdarlarının Suriyanın Aynul Arab (Kobani) şəhərində “İslam Dövləti” terror qruplaşmasının kürdləri öldürməsini bəhanə gətirərək Türkiyədə kütləvi etiraz aksiyası keçirməsi idi. Aksiya nəticəsində ölkənin 8 əyalətində komendant saatı tətbiq edildi və bu hadisələr Qərb mediasında “Kürd baharı”nın başlanması” kimi təqdim edildi.

 

Əslində isə, aksiyaların məqsədi 2009-cu ildə başladılan və kürdlərlə barışığı nəzərdə tutan “demokratik açılım” (“Çözüm süreci”) prosesinin yarımçıq qoyulması idi. Çünki problemsiz Türkiyə bölgədə “demokratik dəyərlərin” yayılmasına çalışan qüvvələrin maraqlarına ziddir.

 

Ötən yüz gün içində problemlərlə yanaşı , bir çox uğurlu addımlar da atıldı ki, bunlardan bir də Mosulda “İslam Dövləti” tərəfindən girov saxlanılan türkiyəli diplomatların azad edilməsi oldu.

 

Digər önəmli məqamlardan bir isə, heç şübhəsiz, Moskva-Ankara münasibətlərinin dərinləşməsi məsələsidir. Putinin Ankara səfərində əsas məqsəd Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak olsa da, bu, dünyanın enerji siyasətini dəyişdirən səfər kimi yadda qaldı. Tərəflər arasında bir çox məsələlərin müzakirəsindən əlavə, Putinin Türkiyə paytaxtındakı açıqlamaları da diqqət çəkdi. Belə ki, RF lideri Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin reallaşdırılmasından imtina etdiyini, eləcə də Türkiyəyə ixrac edilən qazın qiymətində ilkin mərhələdə 6, daha sonra isə 15 faizlik endirim olunacağını bəyan etdi. Qazın qiymətində endirim Türkiyə üçün önəmli olması ilə yanaşı, Qərbin sanksiya məngənəsində sıxılan Moskva üçün məcburiyyətdir.

 

Ərdoğan-Putin görüşünün nəticəsi kimi Rusiya Prezidenti Türkiyə ilə yeni qaz kəməri layihəsinin həyata keçirilməsi niyyətində olduqlarını bildirdi. Putinin bu açıqlaması Türkiyə KİV-də “TANAP layihəsi əhəmiyyətini itirir” başlığı ilə gündəmə gəldi. Ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız yeni qaz kəmərinin tikintisi ilə bağlı aparılan danışıqların TANAP layihəsinə əsla təsir etməyəcəyini açıqladı.

 

Moskva və Ankara arasında Qara dəniz vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulan yeni qaz kəməri layihəsi hələ ki, xəyali layihədir. Məhz buna görə Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi TANAP layihəsinin əhəmiyyətinin daha da artması ilə yanaşı, hələ ki, bu layihəyə alternativ yoxdur.

 

Digər önəmli layihələrdən biri də Türkiyə ərazisində “yüz illik evlilik” kimi qələmə verilən “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisidir ki, bu da enerji asılılığı olan Türkiyə üçün çox vacibdir. Çünki Rusiyadan idxal edilən qazın 43%-i elektrik enerjisi istehsalına sərf edilir. Buna görə də Ankara gələcəkdə də həyati əhəmiyyət daşıyan AES tikintilərini davam etdirəcək.

 

Rusiyaya tətbiq edilən sanksiyalara baxmayaraq, NATO üzvü olan Türkiyənin Moskva ilə iqtisadi əlaqələri inkişaf etdirməsi bölgədə Ankaranın müstəqil siyasət yürütməsi və əhəmiyyətinin göstəricisidir.

 

Heç də az əhəmiyyəti olmayan məsələlərdən biri də İraq hökumətinin kürd administrasiyasında hasil edilən neftin Türkiyə ərazisi vasitəsilə dünya bazarına çıxarılmasına razılıq verməsidir.

 

Böyük dövlətlərin sabit siyasəti deyil, sabit maraqlarının olduğu nəzərə alınsa, Ankaranın zaman-zaman Rusiya, Avropa İttifaqı, ABŞ-la bağlı siyasətinə dəyişiklik edə biləcəyini söyləmək olar. Lakin Ankaranın Cənubi Qafqaz, Yaxın Şərq və Balkan yarımadası ölkələri ilə bağlı siyasətində dəyişikliyin olacağı inandırıcı deyil.

 

Digər tərəfdən, bu gün dünyada baş verən bir çox siyasi və iqtisadi dəyişikliklər Türkiyənin dünyadakı rolunu əhəmiyyətli dərəcədə artırmaqdadır. Fürsətlərdən maksimum yararlanmağı bacaran Türkiyə isə bu şansları əsla əldən verməyəcək.

 

Trend.az