Sabirabadda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolu istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sabirabad rayonuna səfəri çərçivəsində Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.
Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasət nəticəsində bölgələrimizdə mühüm infrastruktur layihələri reallaşdırılır. Bu layihələr arasında yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının, qovşaqların tikilməsi, magistral yolların salınması mühüm əhəmiyyət daşıyır. Ötən il Prezident İlham Əliyevin Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb. Yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işlərin keyfiyyətlə, həm də qısa zamanda həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb. Texniki göstəricilərinə görə 4-cü dərəcəli yol sakinlərin rahatlığı ilə yanaşı, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər sübut edir ki, ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
AzərTac.az