Respublika Seysmoloji Xidmət Mərkəzi son günlər Azərbaycanda intensiv zəlzələlərin baş verməsinə aydınlıq gətirdi
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində baş verən son zəlzələlərə münasibət bildirib.
Q.Yetirmişli Trend-ə bildirib ki, fevralın 10-da Hacıqabulda baş verən zəlzələ güclü idi. Həmin zəlzələ ölkənin bütün ərazilərində hiss olunmuşdu: “Bunun nəticəsi olaraq gərginlik toplanan digər zəlzələ ocaqlarını oyatmışdı. Lerikdə bu gün baş vermiş zəlzələ də bizim illər boyu Talış zonasında müşahidə etdiyimiz dərinlik qırılması ilə əlaqədar Astara-Lənkəran arası zəlzələ ocaqlarında təkanla bağlı idi. Maqnitudası 4 olan bu zəlzələnin dərinliyi 30 km-dən çox olduğuna görə fəsadlar törətməyib. Həmin ocaqda günortaya kimi 4-5 afterşoklar olub. Artıq həmin yerdə seysmoloji aktivlik fon səviyyəsinə düşür”.
O bildeyib deyib ki, digər ərazilərdə seysmoloj aktivlik fon səviyyəsindədir. Ancaq bu o demək deyil ki, zəlzələlər baş verməyəcək.
Trend.az