İran Parlamentinin üzvlərinin Azərbaycana səfər proqramı açıqlanıb
İran İslam Şurası Məclisinin (Parlamentinin) Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərinin Azərbaycana səfər proqramı açıqlanıb.
Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Cavad Cahangirzadənin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının digər iki üzvü-Əhməd Şuhani və İbrahim Ağaməhəmmədi də yer alıb. Onların Azərbaycana səfəri bu gecə baş tutacaq.
Səfirlikdən verilən məlumata görə, İran Parlamentinin nümayəndələri sentyabrın 24-də Azərbaycan Parlamentinin spikeri Oktay Əsədovla görüşəcəklər. İranlı heyət İran Parlamentinin spikeri Əli Laricaninin xüsusi mesajını azərbaycanlı həmkarına çatdıracaq və iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi haqqında məsələləri müzakirə edəcəklər.
İran Parlamentinin nümayəndələrinin Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla da görüşü nəzərdə tutulub.
İran Parlamentinin nümayəndələrinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə də görüşü nəzərdə tutulub.
İran Parlamentinin nümayəndələri sentyabrın 25-də Azərbaycandan Gürcüstana səfər edəcəklər.