Qırğızıstan FHN-in nümayəndə heyəti Azərbaycanda səfərdədir

Posted by

Qırğızıstan FHN-in nümayəndə heyəti Azərbaycanda səfərdədir

Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 14-dən 17-dək Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə “Kabar” agentliyinə Qırğızıstan FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfərdə məqsəd Qırğızıstanla Azərbaycan arasında fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində əməkdaşlığın gələcək inkişafı və təkmilləşdirilməsidir.

Səfər zamanı Azərbaycan FHN-in rəhbərliyi, hökumətin və Azərbaycan parlamentinin rəsmi şəxsləri ilə görüşlər, Azərbaycan FHN-in xilasetmə və yanğınsöndürmə hissələrinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Qırğızıstan FHN son iki il ərzində Azərbaycanla fövqəladə vəziyyətlərin aradan qaldırılması və xəbərdarlıq sahəsində əməkdaşlığın inkişafı üzrə fəal iş aparır.

2012-ci ilin martında mülki müdafiə sahəsində əməkdaşlıq haqqında Qırğızıstan və Azərbaycan hökumətləri arasında fövqəladə vəziyyətlərin aradan qaldırılması və xəbərdarlıq sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sənəd 2012-ci il dekabrın 5-də Qrğızıstan Respublikası qanunu ilə təsdiqlənib.

Bundan başqa, 2013-cü ilin iyulunda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qırğızıstana işgüzar səfər edib.