QMİ dini maarifləndirmə sahəsində kompleks tədbirlər həyata keçirəcək
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə sahəsində kompleks tədbirlər həyata keçirəcək. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, ölkəmizdə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahəni də əhatə edən kompleks tədbirlər dövlətin qayğı və dəstəyi sayəsində həyata keçirilməkdədir. Bütün bu tədbirlər dini ibadətgahların təmiri, bərpası və tikintisi daxil olmaqla, dindarların ibadət imkanlarını və “Dini etiqad azadlığı haqqında” Qanunla təsbit olunmuş hüquq və azadlıqlarını yüksək səviyyədə gerçəkləşdirməsini ehtiva edir.
QMİ bildirir ki, dövlətin qayğı və diqqəti dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət imkanlarının da yüksəlməsinə dəlalət edir. Bu, öz növbəsində, dini maarifləndirmə işinin genişləndirilməsi istiqamətində fəaliyyətin daha da intensivləşdirilməsinə öz töhfəsini verir: “Azərbaycanın tarixən formalaşmış mədəni, dini dəyərlərini, milli-mənəvi maraqlarını qorumaq və onu layiqli şəkildə gələcək nəsillərə çatdırmaq hamımızın Allah və Vətən qarşısında borcumuzdur. Bu amaldan çıxış edərək, QMİ bir sıra tədbirlər həyata keçirməkdədir. Bunların sırasında din xadimlərimizin milli-dini dəyərlərimizin təbliğini yüksək səviyyədə həyata keçirməsini təmin etmək istiqamətində addımlar, habelə dini mövzuda maarifləndirici ədəbiyyatın nəşri xüsusi yer tutur”.
Məlumatda deyilir ki, 70 ildən artıq bir zaman kəsiyində dini dəyərlərdən zorla uzaqlaşdırma cəhdlərindən sonra bu dəyərlərin dirçəldilməsi nə qədər böyük önəm kəsb edirsə, müstəqillik dönəmində mənəvi mühitimizə olan təcavüz və basqılar onu bir o qədər vacib edir: “Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini qazandığı zamandan etibarən mənəvi həyatımıza müxtəlif məram və məqsədlərlə müdaxilə halları mövcud olub. Nəticə etibarilə, dini zəmində qarşıdurma, məzhəb ayrıseçkiliyi yaratmağa yönəlik bu cür müdaxilələrin dövlətçiliyin əsaslarını zədələməyi, cəmiyyətdə vətəndaş həmrəyliyini pozmağı hədəf alması şübhəsizdir. Azərbaycan milli və dini tolerantlığı ilə seçilən və dünyada tanınan bir ölkədir. Biz bu ənənələri hər zaman uca tutur, onu qoruyub saxlamağı vacib sayırıq. Ölkəmizin tərəqqisi milli həmrəyliyimiz və mənəvi sabitliyimizdən xeyli dərəcədə asılıdır. Odur ki, bu istiqamətdə maarifləndirmə işinə böyük ehtiyac duyulur”.
Qeyd edilir ki, QMİ-nin nəzdində fəaliyyət göstərən Elmi-Dini Şurada tanınmış elm və din xadimlərinin tövsiyə və qərarı ilə son illər ərzində bir neçə sanballı əsərin akademik tərcümə və nəşri həyata keçirilib. Azərbaycan cəmiyyətinin maraq və tələbini nəzərə alaraq, aktuallıq kəsb edən dini mövzulara dair maarif səciyyəli əsərlərin çapı həyata keçirilir. Bunların sırasında, Mirməhəmməd Kərim Bakuvinin Qurani-Kərimin təfsiri – “Kəşfül-Həqayiq” əsərinin yeni redaktədə 3 cilddə təkrar nəşri işıq üzü görüb. Bu yaxınlarda, həmçinin, tanınmış alim Cəfər Sübhaninin “Vəhhabilik cərəyanı” kitabı da yeni redaktədə Azərbaycan dilində işıq üzü görüb. Bu islər davam etdirilir və yaxın zamanda yeni əsərlərin çapı və yayılması gerçəkləşdiriləcəkdir.
QMİ bəyan edir ki, ümumislam əhəmiyyətli, dinin elmi şəkildə tədqiqinə həsr olunmuş bu əsərlərin ana dilimizdə latın qrafikası ilə nəşr edilməsi olduqca əhəmiyyətli haldır. Məlum olduğu kimi, elmin, alimin milli və ya dini mənsubiyyəti olmur. Elmi əsərin dəyəri onun orijinal məxəz və mənbələrdən qaynaqlanması, müəllifinin obyektiv tədqiqatçı qismində yanaşması ilə müəyyən olunur. QMİ Elmi-Dini Şurasının qərarı ilə çap olunan əsərlər məhz bu növ mənbələrə – Qurani-Kərimin ayələrinə, səhih hədislərə əsaslanan, bütün İslam aləmində tanınan, ehtiramla qəbul olunan, milliyyəti, məzhəb və görüşlərindən asılı olmayaraq əsərləri ümummüsəlman kontekstində nəzərdən keçirilən müəlliflərin əsərləridir. Peyğəmbərimiz həzrəti Muhəmməd Salavatullah buyurur ki, Vətəni sevmək imandandır. Bu əsərlərdə Vətənin mənafeləri, onun tərəqqi və rifahı naminə hər bir insanın səfərbər olmasının vacibliyi ilahi həqiqətlər işığında aşılanır, hamının bir yerdə Allahın ipindən yapışaraq bölünməməsinə çagırış təlqin olunur:
“Əminik ki, bu və nəşrə hazırlanan digər əsərlər din adından siyasi məqsədlər üçün sui-istifadə edənlərə, dinimizin müqəddəs dəyərləri və amalları ilə bir araya sığmayan ideyaları təbliğ edənlərə, radikallıq və ekstremizm təlqin edənlərə tutarlı cavab ola bilər. Bu əsərlər cəmiyyət daxilində bölücülük, nifaq toxumu səpənlərin, milli, dini, məzhəb müstəvisində qarşıdurma yaratmağa cəhd edən, müxtəlif dini cərəyanları radikal şəkildə təlqin, təbliğ edənlərin, habelə onların məkrli oyunlarına ölkəmizin istər daxilində, istərsə də xaricində havadarlıq edən qüvvələrin səylərini mənəvi müstəvidə zərərsizləşdirmək, əsl həqiqətləri cəmiyyətə çatdırmaq niyyətinə xidmət edəcəkdir”.
Trend.az