QHT-lərə Dövlət Dəstəyi Şurası Cenevrədə müqavilə imzalayıb

Posted by

QHT-lərə Dövlət Dəstəyi Şurası Cenevrədə müqavilə imzalayıbQHT-lərə Dövlət Dəstəyi Şurası Cenevrədə müqavilə imzalayıb

QHT-lərə Dövlət Dəstəyi Şurası Cenevrədə müqavilə imzalayıb

2 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi ilə müqavilənin imzalanma mərasimi keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbir Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin İsveçrənin Cenevrə şəhərində yerləşən baş qərargahında baş tutub.

Tədbiri açan Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin rəhbəri səfir Teodor Vinkler Azərbaycanla əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd edib. Teodor Vinkler istər Azərbaycanda, istərsə də İsveçrədə tolerantlıq, multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verildiyini bildirib. Təşkilat rəhbəri Azərbaycanın multikulturalizm və tolerantlıq mühitinin qorunması sahəsində zəngin təcrübəsini unikal adlandırıb və bu təcrübənin Avropa və dünya ictimaiyyətinə nümayiş etdirilməsi zərurətinin olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktor müavini Daniel Uorner ilk dəfə ölkəmizə 1995-ci ildə səfər etdiyini qeyd edərək bildirib ki, müasir Azərbaycan iqtisadi və sosial sahədə olduqca böyük uğurlara nail olub. Bu gün imzalanan müqavilədə nəzərdə tutulan layihə vasitəsilə Azərbaycanın bir çox sahələr üzrə, o cümlədən tolerantlıq, dünyəvilik və multikulturalizmin qorunması yolunda əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətə təqdim olunacaq və Azərbaycanın Avropa dəyərlərinə necə yaxın olması bir daha nümayiş etdiriləcəkdir.

Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev öz növbəsində nümayəndə heyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumun belə bir nüfuzlu beynəlxalq təşkilata qrant vəsaiti ayırmasının önəmini qeyd edib. Layihənin uğurla həyata keçiriləcəyinə əminlik bildirən Şura sədri həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkə arasında əlaqələrin inkişafına layiqli töhfə verəcək, habelə ortaq dəyərlərin gücləndirilməsinə xidmət etmiş olacaq.

Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi 2000-ci ildə İsveçrə hökumətinin təşəbbüsü ilə təsis edilib. Təşkilatın əsas məqsədi səmərəli idarəetmə, habelə müdafiə və təhlükəsizlik kimi sektorlarda inkişafa nail olmaq üçün beynəlxalq ictimaiyyətə dəstək olmaqdır. Təşkilatın həmçinin Beyrut, Brüssel, Lyublyana, Ramalla və Tunis kimi şəhərlərdə ofisləri yerləşir. Mərkəzə 65 dövlət üzvdür. Azərbaycan 2002-ci ildə təşkilata üzv olmuşdur. Fəaliyyəti çərçivəsində bu qurum BMT, Avropa Birliyi və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi 2014-cüildə ATƏT-in strateji tərəfdaşı seçilib.

İmzalanma mərasimində Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov da iştirak edib.

 

Trend.az