QHT-lər və xarici siyasətimiz – Məmmədli Müşfiq

Posted by

Ölkəmizin dünya topluluğu ilə əlaqələrində QHT sektorunun mühüm rolu var. Tez-tez müxtəlif beynəlxalq qurumların –«Freedom House», «Amnesty International» , «Human Riqhts Watch» və b. hesabatlarında Azərbaycanla bağlı məqamlara , bəzən isə xüsusi araşdırmalara rast gəlirik. Daha çox tənqidi, bəzənsə qərəzli və ikili standartlarla zəngin olan bu hesabatlar daxili siyasətdə qarşılıqlı ittihamlara səbəb olmaqla yanaşı, beynəlxalq qurumların ölkəmizlə baglı konkret rəyinin formalaşmasına da mühüm təsir göstərirlər.Sonucda bu ölkəmizin beynəlxalq aləmdə bir çox problemlərlə üzləşməsinə səbəb olur.
Ölkəmizdə istər insan hüquqları, istərsə korrupsiya və d. sahələrdə problemlərin mövcudluğu inkarolunmazdır.Təəssüf ki, beynəlxalq qurumların məlum hesabatlarını problemlərin ədalətli həllinə yönəltmək əvəzinə Azərbaycana qarşı təzyiq vasitəsinə çevirən böyük dövlətlərin bu mövqeyi Ermənistanın və d.düşmənlərimizin «dəyirmanına su tökmək»lə yanaşı, ümumbəşəri dəyərlərə olan inamı da sarsıtmaqdadır. Eyni zamanda ortaya mühüm bir sual çıxır: nə üçün Azərbaycan bu üsuldan öz haqlarının qorunmasında yararlanmır? Qərbdə insan hüquqları, milli azlıqlar və s. kimi dəyərlərin rəğbət gördüyü məqamda qaçqın və köçkünlərimizin problemlərini məhz bu müstəvidə təqdim edərək xarici siyasətimizə dinamizm gətirə bilərik.
Azərbaycanın xarici siyasətində diaspora amilinin rolunun gücləndirilməsi və bu baxımdan da istər Qafqazda ,istər MDB məkanında ,istərsə də Avropada daha effektiv siysasət yürütmək üçün də hökumət- QHT münasibətlərini faydalı əməkdaşlığa istiqamətləndirmək lazımdır.Məsələn ,Saakaşvili iqdidarının demokrat, insan hüquqları qoruyucusu , korrupsiyaya qarşı mübariz və s. imicindən istifadə edərək Gürcüstandakı azərbaycanlılara qarşı ayrı- seçkilik siyasətini ifşa etmək məqsədilə məhz QHT sektorunun gücündən faydalanmaq məqsədəuyğun olardı.Bununla həm ölkədaxili demokratik islahatlara təkan verəcək iqtidar – cəmiyyət yaxınlaşmasına nail olmaq, həm də Saakaşvili iqtidarının Azərbaycana qarşı olan addımlarını zərərsizləşdirmək mümkün olardı.