Ümumiyyətlə, vətəndaş cəmiyyətinin əsas sturukturlarından olan QHT-lərin yaranmasına və formalaşmasına tarixi-politoloji ədəbiyyatlarda bir-birindən fərqlənən münasibətlər mövcuddur. Bir qrup mütəxəsislər qədim dövrdə dövlətdən kənarda yaranan hər bir ictimai təşkilatı QHT hesab edir. Lakin digər qrup mütəxəsislər QHT-lərin yaranma tarixini XIX əsrin ortalarına aid edirlər. Onların fikrincə həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir sıra xarakterik xüsusiyyətlərinə görə müasir QHT-lərdən fərqlənirdilər. Müasir QHT-lərə xas olan xüsusiyyətlər BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilmişdir: Xüsusi şəxslər tərəfindən qurulması; Dövlətdən asılı olmaması; Şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; Könüllülük; Legitimlik . Bu prinsipləri əsas kimi götürən 2-ci qrup mütəxəssislər indiki anlamda qəbul olunan QHT-lərin yaranma tarixini XIX əsrin ortalarından etibarən hesablayırlar. Doğrudur, yuxarıda qeyd olunan prinsiplərin qədim və orta əsrlər dövrünü QHT-lərin hamısında olduğunu demək düzgün olmazdı. Lakin fikrimizcə həmin dövrlərdə mövcud olan ictimai təşkilatlar bir çox əlamətlərinə, yaranma xüsusiyyətlərinə, fəaliyyət istiqamətlərinə görə bugünki QHT-lərin sələfləri hesab oluna bilər. Bunu görmək üçün tarixə qısaca nəzər salaq.
Vətəndaş cəmiyyətin əsas strukturlarından olan QHT-lərin tarixi araşdırıldıqda belə məlum olur ki, onların meydana gəlməsi hələ eramızdan əvvəlki dövrə aiddir. Belə ki, QHT-lər özü-özlüyündə qədim dövrdən müasir dövrə uzunmüddətli və mürəkkəb tarixi keçid prosesində ailədən dövlətə doğru dialektik irəliləyişin xüsusi bir stadiyasını əks etdirir. Tarixi tədqiqatların nəticəsi göstərir ki, QHT-lərə məxsus əlamətləri özündə ehtiva edən təşkilatların yaranması eramızdan əvvəl Qədim Romada baş vermişdir. QHT-lərin meydana gəlməsinin Qədim Roma ilə bağlı olması hər şeydən öncə bu ölkədə demokratik idarəetmənin, ictimai-siyasi münasibətlərin nəticəsi idi. Bu proseslər əsasən eramızdan əvvəl V-I əsrləri əhatə edir. Hələ Romada şahlıq dövründə ictimai təşkilatların ibtidai forması – Kuriyalar və tribalar mövcud idi. Lakin bu dövrdə onların fəaliyyəti dövlətin fəaliyyəti ilə qarışıq idi. QHT-lərə xas ibtidai rüşeymlərin meydana gəlməsi Roma tarixində Respublika qurluşunun yaranması və patris-plebeylər mübarizəsi ilə də bağlıdır.
Tarixdən məlum olduğu kimi, e.ə. 509-cu ildə soununcu etrusk padşahı qovulandan sonra Roma dövlətinin idarəsi ümumxalq işi olmuşdu, buna görə də Roma respublika adlanmağa başlamışdı. Ölkənin ictimai-siyasi həyatında Roma xalqının rolu yüksəlmişdi. Məhz bu dövrlər Roma resbublikasının daxili ictimai həyatı patrislərlə plebeylər arasında gedən kəskin mübarizə ilə səciyyələnir. Patrislər Roma əhalisinin imtiyazlı təbəqəsi hesab olunurdu. Plebeylər Romanın tam hüquqlu vətəndaşları sayılmırdılar. Əslində bu təbəqələr ictimai və iqtisadi münasibətlərin inkişafı nəticəsində yaranmışdı. Alman tarixçisi B.Q.Niburun fikirincə, o zaman plebeylər azad adamlar idilər. Plebeylərin çoxluğuna baxmayaraq 6-cı Roma padşahı Servi Tullinin islahatınadək onların heç bir təşkilatı yox idi. Servi Tullinin keçirdyi islahat nəticəsində yaranmış Senturilər eyni zamanda ictimai təşkilat rolunu da oynayırdılar. Respublika dövründə də plebeylər öz ictimai hüquqları – Roma vətəndaşlığı hüquq əldə etmək uğrunda mübarizə aparırdılar. Plebeylərin mübarizə üsulu haqqında tarixçilər məlumat verirlər ki, onlar öz etirazlarını silahlanaraq şəhərdən çıxıb müqəddəs Aventin dağına qalxmaqla bildirirdilər. Bu hadisə patrislər arasında böyük təlaşa səbəb olurdu və onları güzəştə getməyə məcbur edirdi. Belə mübarizə üsulu sesessiya (çıxış) adlanırdı. Bu mübarizə nəticəsində “plebey yığıncağı” ( qeryi-dövlət sturukturu) meydana gəlmiş və onlar “plebey tribunu”seçməyə başlamışlar. Tribunaların vəzifəsi plebeylərin hüququnu müdafiə etmək idi. Bu qələbədən sonra onların fəalyyəti dövlətin siyasəti ilə çuğalaşmış, ictimai xarakterini itirmişdir. Lakin bütün bu proseslər sonralar QHT-lərin nəzəri və praktiki baxımdan formalaşmasında mühüm rol oynadı.
İmperator Oktavian Avqustun hakimiyyətə yiyələnməsindən sonra QHT-lərin tarixində bir qədər canlanma baş verir. Avqustun birinci köməkçisi Qay Mesenat dövrünün ən istedadlı şairlərini – Vergili, Horasi, Ovidi və başqalarını ətrafına toplayaraq, onları himayə etmişdir. Mesenat tezliklə ətrafına topladığı şairlərdən ibarət dərnək təşkil edir ki, bu dərnək o zaman Roma poeziyasının mərkəzinə çevrilmişdir. Məhz Metsenatın himayəsi və öz vəsaiti hesabına o dövrdə Roma cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edən teatr, sirk, qladiator döyüşləri, məşhur Roma hamamları(termlər) və antik ruhda olan digər əyləncələr təşkil etmişdi. Tarixdən məlumdur ki,Mesenat uzun dövlət işində çalışıb, lakin o tarixin yaddaşında xeyriyyəçi, ictimai birliklərin yaradıcısı və himayədarı (müasir dillə desək QHT-lərin) kimi qalıb.
E.ə II-I əsrlərdə Romanın ictimai həyatında baş verən yeniliklər də diqqətdən kənarda qalmamalıdır. Bu dövrdə təşkil olunan forumlardakı çıxış və mübahisələr, xalq qarşısında çıxışlar, kollegiyalardakı nitqlər ritorikanın inkişafına səbəb olmuşdu. Respublikanın I əsr ziyalılarından olan Ssipion Emiliyanın yaratdığı dərnəyi ilk ictimai təşkilatlarından biri hesab etmək olar. Bu dərnəyin fəal iştirakçılarından olan məşhur yunan tarixçisi Polibini və yunan filosofu Panetiyanı qeyd etmək olar. Onların hər ikisi stoik fəlsəfi görüşlərini Roma ictimai şəraitinə tətbiq etmək istəyirdilər. Bu dövürdə Romanın ictimai həyatında peşəkar kollegiyalar – sənətkarlar, lektorlar, carçılar, mirzələr və məhəllə kollegiyaları – yaşayış yerlərində özfəaliyyət əsasında yaradılan asudə vaxt qurumları da meydana gəldi. Onlar Romanın ictimai həyatında mühüm rol oynayır, ictimai mühitin tənzimlənməsinə mühüm təsir göstərirdi.
Bir qədər sonra ictimai strukturlar əsl çiçəklənmə dövrünü yaşamağa başladı. Dəfn, din, ədəbi, artistik, xeyriyyəçilik və sair üzrə ixtisaslaşmış kollegiyalar yaradıldı. Buna nümunə olaraq Numidi legionunun şeypurçular kollegiyasını göstərmək olar. Bu qurumun üzvləri veteran döyüşçülərin vətənə dönməsi üçün vəsait toplayırdılar.
Lakin eramızın IV-V əsrlərində Roma dövlətinin tarixində baş verən ictimai-siyasi hadisələr QHT-lərin də taleyində mühüm rol oynadı. Roma dövlətinin süqutu ilə QHT-lərin də fəaliyyəti tənəzzül etdi.
QHT-lərin tarixi inkişafının növbəti mərhələsi orta əsrlər dövrünün 2-ci dövrünə ( XI-XV əsrlər) təsadüf edir. Tarixdən məlumdur ki, orta əsrlər tarixinin bu dövrü Qərbi Avropada sənətkarlığın və ticarətin inkişafı, orta əsr şəhərlərinin yaranması və Mərkəzləşdirilmiş Avropa dövlətlərinin yaranması ilə səciyyələnir. QHT-lərin də yenidən yaranması və formalaşması belə bir şəraitdə baş verirdi.Bu dövrdə ictimai-iqtisadi münasibətlərin inkişafı nəticəsində QHT-lər yeni bir formada təzahür etməyə başladılar. Müasir QHT-lərə məxsus olan əlamətlər Qərbi Avropada meydana gələn özünü idarə edən şəhər icmalarında, kommunalarda, müxtəlif ticarət birliklərində, sex birliklərində və digər formalarda özünü biruzə verirdi. Bu tip ictimai sturukturların yaranması ictimai mühitə yeni çalarlar gətirdi.
Müasir QHT-lərə xas olan əlamətlər o dövrdə daha çox sənətkarlıqda özünü göstərirdi. Tarixdən də məlumdur ki, orta əsrlər tarixinin bu mərhələsində eyni peşədən olan və bir şəhərdə yaşayan ustalar ittifaqlarda birləşirdilər. Qərbi Avropada bu cür təşkilatlara sex deyirdilər. Ustalar ümumi yığıncaqda nizamnamə qəbul edirdilər. Nizamnamədə sexin əsas fəaliyyət prinsipləri, ustaların vəzifələri, sexin mülkiyyəti və digər məsələlər öz əksini tapırdı. Sexlərə ustaların seçdiyi ağsaqqallar başçılıq edirdi. Onlarda öz növbəsində nizamnamənin yerinə yetirilməsinə və sexin fəliyyətinə nəzarət edirdilər. Hər bir sexin özünün gerbi, bayrağı olurdu. Bundan başqa bu dövrdə usta köməkçiləri də özlərinin təşkilatlarını yaradırdılar. Çünki sexlər onların ustalığa keçməsinə mane olurdu. Usta köməkçilərinin yaratdıqları bu birliklər “Qardaşlıqlar” adlanırdı. Buna bənzər birliklər o zamanlar Şərqdə və Azərbaycanda da mövcud olmuşdur.
Orta əsrlər tarixinin bu mərhələsində ticarətin inkişafı nəticəsində tacirlər də fəaliyyətini tənzimləmək, soyğunçulardan qorunmaq üçün özlərinin dövlətdən asılı olmayan müstəqil ticarət birliklərini yaratmışdılar. Bu birliklər “Gildiyalar” adlanırdı.
Məlum olduğu kimi, orta əsrlər tarixi həmçinin şəhərlərdə Universitetlərin yaranması ilə də səciyyələnir. Sözün ilkin mənasında yeni yaranan universitetləri də QHT adlandırmaq mümkündür. Şəhərlərdə məskən salmış “yadlar” yerli adamlarla ixtilaflarda şəhər məhkəməsinin ədalətinə ümid bəsləmirdilər. Ona görə də həm tələbələr, həm də müəllimlər öz hüquqlarını təmin etmək üçün birləşib ittifaq yaradırdılar. Bu ittifaqlar da “universitetlər”adlanırdı.Onların özlərinin nizamnamələri, seçkili orqanları və rəhbərləri mövcud idi. Məhz bu əlamətlərə görə bu tip birlik və təşkilatları öz zəmanəsinin QHT-ləri hesab etmək olar.
Zəmanəsinin QHT-ləri olan bu qurumlar sayəsində sənətkarlıq, ticarət, şəhərlər, elm və təhsil inkişaf elədi. Bütün bunlar isə istehsal münasibətlərinə təsir etdi və feodalizm qurluşunun süqutuna gətirib çıxardı. Nəticə etibarı ilə isə yeni istehsal münasibətlər – kapitalist münasibətləri yarandı. Bu isə QHT-lərin tarixin inkişafına nə dərəcədə təsir göstərmək qabliyyətini əyani təsvir edir.
Yeni dövrün başlaması ilə QHT-lərin də inkişafının yeni mərhələsi başladı. Artıq bu dövrdə əvvəlki əsrlərdən fərqli olaraq QHT-lərin ideoloji-nəzəri əsasları da formalaşdı və onlarn fəaliyyəti dövləti qəbul etdiyi qanunlarla da təsbit olundu. T.Hobbs, C.Lokk,Ş.L.Mönteskyö, J.Jak Russo, E.Kant, G.V.F. Hegel və başqalarının əsərlərində vətəndaş cəmiyyətinə aid olan QHT-lər mülkiyyət, vətəndaşların könüllü birlikləri və s. münasibətlərə görə təsnifatlaşdırılır.
Yeni dövrdə Avropada baş verən inqilablar da QHT-lərin formalaşmasında dərin izlər buraxdı. 1789-cu il Fransa İnqilabının gedişində qəbul olunan “İnsan və vətəndaşların hüquqları bəyannaməsi”, 1776-cı il ABŞ istiqlaliyyət Bəyannaməsi və 1787-ci il Konstitutsiyası və s. bu kimi qanunların qəbul edilməsi QHT-lərin fəaliyyətinin güclənməsinə böyük təsir göstərdi. Artıq XIX əsrdə QHT-lər dövlətdən asılı olmayan sosial və ictimai fəaliyyət cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Bu dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə çox müşahidə edilirdi. Bu dövrdə qeyri-hökumət təşkilatlarının yaranmasını stimullaşdıran əsas faktor kimi müharibələr və onların törətdiyi humanitar fəlakətləri qeyd edirlər. 1847-ci ildən Amerikalıların Tibbi Assosiasiyası (American Medical Association) və 1919-cu ildə Save the Children təşkilatları təsis edilməsi deyilənlərin əyani sübutudur.
XX əsrdə dünyada baş verən hadisələr QHT-ləri artıq beynəlxalq münasibətlərin bir subyektinə çevirdi. Beləliklə dövlətlər bir sıra sosial, iqtisadi, mədəni, humanitar və digər problemlərin həllində QHT-lərin köməyindən istifadə etməyə başladı. Bu siyasət öz növbəsində QHT-lərin nüfuzunun artmasında mühüm rol oynadı. Bunlara İkinci dünya müharibəsi illərində formalaşdırılan Oxfam (1942), Catholic Relief Services (1943) və Cooperative American Relief Everywhere (1945) kimi QHT-ləri nümunə göstərmək olar.
İkinci Dünya müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində qeyri-hökumət təşkilatları ilə bağlı müddəa öz yerini almışdır. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: “İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat Üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər”.
Bundan başqa 1952-ci ildən Beynəxalq QHT-lər Konfransı Avropa Şurası yanında məsləhətçi statusa malikdir. 2003-cü ilin noyabrında Beynəxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rol oynamasından irəli gəlirdi.
Beləliklə, QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçərək bu günümüzə gəlib çatmışdır. Hər bir dövrdə ciddi təzyiqlərə baxmayaraq QHT-lər bu və ya digər dərəcədə öz mövcudluğunu qoruyub saxlamışdır. Bu gün də dünyanın böyük bir hissəsində sayı minlərlə olan QHT-lər işləyir və fəaliyyət göstərir. Artıq müasir dövrmüzdə dövlətlər də onlarla hesablaşmağa məcbur olmuşlar.
Elməddin Hacıyev, tarixçi-magistr,
”Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin Sədri