Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının Yaranması və Fəaliyyəti

Posted by

Müasir dövrümüzdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına (QHT-lər) aid xüsusiyyətləri özündə əks etdirən QHT-lərin Azərbaycanda yaranması və fəaliyyəti hələ XIX əsrin sonları-XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə QHT-lər dövlətdən asılı olmadan sosial və ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Tarixdən bəlli olduğu kimi, bu dövrdə Şimali Azərbaycan çar Rusiyasının əsarəti altında idi. Lakin müstəmləkə zülmünün mövcudluğuna baxmayaraq həmin illərdə Şimali Azərbaycanda milli QHT sistemi yaranıb formalaşa bilmişdir. Tarixi tədqiqatların nəticəsi göstərir ki, sözügedən dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə üstünlük təşkil edirdi. 

Təəssüflə qeyd etmək lazımdır ki, tarixi və politoloji ədəbiyyatlarda bu gün də həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir QHT olaraq tədqiq olunmamış olaraq qalır. Bu baxımdan həmin təşkilatların bir QHT olaraq günümüzdə öyrənilməsi mühüm elmi əhəmiyyət və aktuallıq kəsb edir. Həmçinin XIX əsrin sonları-XX əsrin əvvəllərində mövcud olan QHT-lərin yaranması və fəaliyyətinin araşdırılması bu günkü QHT-lər üçün də maraqlıdır. Onların təcrübələrindən bəhrələnmək hər bir QHT üçün faydalı, əhəmiyyətli və örnək rolunu oynaya bilər.

Tarixdən məlumdur ki, XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanda kapitalist münasibətlərinin yaranması və inkişafı dövrüdür. Bu dövrdə sosial-iqtisadi, ictimai, mədəni inkişafın kökündə duran əsas amil neft amili idi. 1872-ci ildə iltizam sistemi ləğv edildikdən sonra neft sənayesi sürətlə inkişaf etməyə başladı. Görkəmli Azərbaycan maarifçi-demokratı Həsən bəy Zərdabinin yazdığı kimi “… hər tərəfdən buraya kapital və bilik axmağa başladı və keçmiş inzibati sürgün yerində həyat qaynadı”. Bütün inkişafın mərkəzi isə Bakı idi. Sözügedən dövrdə Azərbaycanda QHT-lərin yaranması və formalaşması əsasən neft sənayesi ilə bağlı idi. Həmin illərdə mövcud olan QHT-lərin böyük əksəriyyəti xeyriyyəçilik istiqamətində fəaliyyət göstərirdi.

XIX əsrin sonları-XX əsrin əvvəlləri Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyşiliklər burada yeni sosial təbəqənin – sahibkarlar təbəqəsinin formalaşması ilə nəticələndi. Yeni yaranan sahibkarlar təbəqəsi həm müxtəlif təşkilatlarda birləşərək, həm də fərd olaraq ictimai sektorda fəaliyyət göstərirdilər. H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Muxtarov kimi milli sahibkarlar topladığı kapitalın bir hissəsini xeyriyyə işlərinə, əhalinin maariflənmənsinə, məktəb, teatr, xəstəxana tikintisinə yönəltmişdilər. Onların arasında H.Z.Tağıyevin fəaliyyəti daha çox diqqəti cəlb edir. Azərbaycanda ilk qız məktəbinin açılması, Şollar-Bakı su kəmərinin çəkilməsi, ilk teatr binasının, toxuculuq fabrikinin tikilməsi, bir sıra küçə və meydanların salınması məhz H.Z.Tağıyevin adı ildə bağlıdır. 1887-ci il noyabr ayının 5-də o, Bakının 80 nəfərə yaxın sahibkarını bir yerə toplayaraq Bakı at-dəmiryolunu çəkmək üçün cəmiyyət yaratmağı təklif etdi. Məlum olduğu kimi, bu təklif real oldu və 1889-cu ildə Bakıda rels üzərində hərəkət edən at qoşqulu nəqliyyat vasitəsi – konka fəaliyyət göstərməyə başladı.

Sözügedən dövrdə sahibkarlarla yanaşı bir sıra ictimai xadimlər də müxtəlif təşəbbüslərlə çıxış edir, əhalinin maariflənməsinə səy göstərirdilər. 1894-cü ildə Bakıda C.Vəlibəyov, H. Mahmudbəyov, S.M.Qənizadə, Ə.Axundov, Ə.Cəfərzadənin yaxından iştirakı ilə N.Nərimanov tərəfindən təşkil edilmiş ilk Azərbaycan qiraətxanası ölkənin ictimai-mədəni həyatında mühüm rol oynadı. Qiraətxana azərbaycanlı müəllimlərin yardımları, xüsusən pyeslərin tamaşaya qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvülük haqları hesabına fəaliyyət göstərirdi.

1905-ci ildən başlamış milli yüksəlişin geniş inkişaf yoluna düşməsi illərində mədəni – maarif işləri xeyli canlandı, müxtəlif ictimai təşkilatlar, cəmiyyətlər yarandı, qəzet və jurnalların fəaliyyəti genişləndi. 1905-ci ilin payızında “Müdafiə və müsəlman kübarları və ziyallılarının ittifaqı” və “Müsəlman Xeyriyyə Cəmiyyəti” təsis olundu. “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin sədri H.Z.Tağıyev, katibi isə Əhməd bəy Ağaoğlu idi. Cəmiyyət öz ətrafında xeyli sayda sahibkarlarla yanaşı görkəmli ictimai xadimləri birləşdirmişdi. Bu təşkilatın fəaliyyəti çoxşaxəli olmuşdur. Bunu aşağıdakı kimi qruplaşdırmaq olar: sənaye və ticarət Bakısı üçün mühüm əhəmiyyət kəsb edən texniki və kommersiya məktəblərinin təşkili və tikintisi; Rusiyada ilkin olaraq Bakıda açılan və Güney Qafqazda yeganə olan müsəlman qız məktəbi, həmin məktəbin nəznində müsəlman qadınlar üçün təşkil edilən müəllim kursları; Bakıda “Səadət” məktəbinin tikintisində iştirak; toxuculuq fabrikinin fəhlələri üçün məktəb binasının tikintisi; Mərdəkanda bağçılıq məktəbinin inşa edilməsi; qəzalarda xalq təhsilinin inkişafına qayğı; Rusiyanın və xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrə edilən maddi yardım; İranda maarif müəsissələrinin yaradılmasına göstərilən kömək; kitab və qəzet nəşri, müxtəlif dərslik və ədəbiyyatların çapı; mətbuat orqanları üçün milli kadrların hazırlanmasına edilən maliyyə yardımı; incəsənətin inkişafına göstərilən dəstək; tikinti-abadlıq işləri ( Dağıstanın bəzi kəndlərinə çəkilən su kəmərlərinin tikintisinə yardım, Zəngəzur qəzasında körpünün inşa edilməsi); təbii fəlakətlərdən zərərçəkənlərə yardım edilməsi və s. Birinci Cahan Müharibəsi illərində “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin fəaliyyəti daha da genişlənmişdi. Cəmiyyət qaçqınları və aclıqdan əziyyət çəkən əhaliyə müxtəlif yardımlar edirdi. Cəmiyyət eyni zamanda Nargin adasında əsir saxlanılan türk əsgərlərinə də öz köməyini əsirgəmirdi.

1906-cı ildə yaranan və tərkibi əsasən milli sahibkarlardan və görkəmli ictimai xadimlərdən ibarət olan “Nəşri – Maarif” və yenə həmin ildə Azərbaycanın tanınmış ziyalıları tərəfindən əsası qoyulan “Nicat” mədəni – maarif, 1910-cu ildə təşkil olunmuş “Səfa” cəmiyyətləri də əsasən əhalinin maariflənməsi, müxtəlif sosial-mədəni poblemlərin həllinə kömək və digər xeyriyyə işləri ilə məşğul olurdular. “Nicat” Cəmiyyəti Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq etdiyi nizamnamə əsasında fəaliyyətə başlamışdı. Nizamnamədən məlum olur ki, cəmiyyətin əsas məqsədi müsəlman əhali arasında maarifçilik işinin yayılması, ali, orta və ibtidai təhsil müsissələrində oxuyan müsəlmanlara yardım göstərilməsi, ana dili və ədəbiyyatın inkişafı idi. Bu məqsədlə cəmiyyət müxtəlif kitablar və dərsliklər nəşr edirdi. Cəmiyyətin kitabxanası və digər müsəlman quberniyalarında şöbələri fəaliyyət göstərirdi. Mətbuat orqanı olan “Nicat” qəzeti İsa bəy Aşurbəylinin redaktorluğu ilə dərc edilirdi.

Yuxarıda adları çəkilən ictimai təşkilatları məqsəd və vəzifələrinə, fəaliyyət prinsiplərinə və digər xarakterik xüsusiyyətlərinə görə zəmanəsinin QHT-ləri hesab etmək olar.

XIX əsrin sonları-XX əsrin əvvəllərində QHT-lərin fəaliyyətində diqqəti cəlb edən məsələrdən biri də qadınların ictimai fəaliyyətə daha geniş şəkildə cəlb olunmasıdır. Onlar da bir sıra ictimai təşkilatların və xeyriyyə cəmiyyətlərinin yaradıcısı olmuşlar. Bu haqda 1908-ci il 1 fevral tarixli “Kaspi”qəzeti yazırdı: “Müsəlman qadınları arasında mütərəqqi hərəkat günü-gündən artır. Qabaqcıl müsəlman qızlarından biri, hal-hazırda tələbə, Usubbəyovun həyat yoldaşı öz qüvvəsi və məhəbbəti ilə Yelizavetpol (Gəncə – E.H.) şəhərində müsəlman ziyalı qadın və qızlardan ibarət qadın ittifaqı yaratmışdır ”. Bu təşkilat əsasən müsəlman qadınların maariflənməsi, ehtiyacı olanlara ianə toplanması kimi xeyriyyə vəzifələrini qarşılarına məqsəd qoymuşdular.

Həmin qəzetin 30 oktyabr nömrəsində “oktyabrın 26-da R.X.Qasımovanın mənzilində məşhur müsəlman ictimai xadimi H.B.Məlikovun dul qadını Hənifə xanım Məlikovanın sədrliyi ilə ziyalı müsəlman qadınların yığıncağı keçirildiyi” göstərilir. Onlar da əsasən maarifçilik və xeyriyyəçilik vəzifəsini qarşısına məqsəd qoyaraq həmin məqsədi müdafiə edən “Nicat” cəmiyyətinin Bakıda daimi fəaliyyət göstərən qadın şöbəsinə çevrilməsini xahiş edirdilər.

Qeyd olunan dövrdə adları çəkilən ictimai təşkilatlarla yanaşı müxtəlif sosial təbəqələrin maraqlarını müdafiə edən təşkilatlar da yaranmışdı. 1884-cü ildə Bakıda neft sənayesi sahəsində fəaliyət göstərən sahibkarların qurultayı keçirildi. Neft sənayeçilərinin qurultayında sahibkarların qarşılaşdıqları problemlər müzakirə olundu, dövlət qarşısında müxtəlif təkliflər və tələblər irəli surüldü. Qurultayın nəticəsi olaraq “Qurultay Şurası” yaradıldı. Yeni yaranan qurumun əsas vəzifəsi neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarların maraq və mənafelərini, hüquqlarını müdafiə etmək idi.

Azərbaycan müəllimlərinin 1906-cı ilin avqust ayında keçirilən qurultayında təhsil sahəsində mövcud olan problemlər müzakirəyə çıxarıldı. Dövlət qarşısında rus-tatar məktəblərində Azərbaycan-dilinin icbari fənn kimi keçirilməsi, yeni dərs proqramlarının yazılması və tərtibi, yeni dərsliklərin çap edilməsi, müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması və s. kimi tələblər irəli sürüldü.

XIX əsrin sonları-XX əsrin əvvəllərində QHT-lərin yaranması və əsas fəaliyyət dairəsi, xeyriyyəçilik işləri Bakı şəhərini əhatə etsə də, bölgələrdə də ictimai sahədə aktiv insanlar müxtəlif təşkilatlar təsis edir. Əhalinin müxtəilf problemlərinin həll olunmasında onlara yardım edilməsinə səy göstərir və bu məqsədlə müəyyən tədbirlər həyata keçirirdilər. Gəncəbasar bölgəsində İsmayıl xan Ziyadxanının rəhbərliyi ilə yaradılmış “Müdafiə” təşklatının əsas vəzifələrindən biri kənd həyatının yaxşılaşdırılması, kənddə mədəniyyətin inkişafı, kəndlilərin mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması və s. idi. XX əsrin əvvələrində Qarabağda “Hidayət” müsəlman xeyriyyə cəmiyyəti də fəaliyyət göstərirdi. Adından göründüyü kimi bu təşkilat da bölgədə müxtəlif xeyriyyə tədbirləri həyata keçirir, əhalinin müxtəlif problemlərinin həllinə səy göstərirdi.

Sonda bir məqamı da qeyd etmək yerinə düşərdi ki, XIX əsrin sonları-XX əsrin əvvəllərində ictimai sektorda fəaliyyət göstərən bir çox insanlar və təşkilatlar Azərbaycan dövlətçiliyinin bərpasında və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında fəal rol oynadılar.

Beləliklə, XIX əsrin sonları-XX əsrin əvvəlləri Azərbaycan tarixində bir tərəfdən müstəmləkə əsarəti, digər tərəfdən cəmiyyətimizin həyatında baş verən sosial-iqtisadi dəyişliklərlə yanaşı milli QHT sektorunun da formalaşması dövrü kimi də xarakterizə etmək olar. Müasir dövrümüzdə həmin illərdə mövcud olan QHT-lərin yaranması və formalaşması prosesinin, onların məqsəd və vəzifələrini, fəaliyyət dairəsinin tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılması və öyrənilməsi aktual olaraq qalır.

Elməddin Hacıyev, tarixçi-magistr,
“Gəncliyin Şöləsi”Gənclərin İnkişafı İctimai Birliyinin Sədri