Hal-hazırkı dövrdə ictimai-siyasi həyatın inkişaf etdiyi bir zamanda və qapalı sovet idarə üsulundan çıxan cəmiyyətimizin qloballaşan dünyaya ayaq uydura bilməməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Əvvəllər möhkəm dayaqlar üzərində qurulan ailə milli-mənəvi dəyərlərə əsaslanan qaydalarla qurulur və idarə olunurdu. Hazırkı şəraitdə isə bir çox hallarda ailələr uzun müddət birlikdə yaşaya bilmirlər. Buna səbəb adətən gənc yaşda ailə quran insanların müəyyən dövrdən sonra biri-birlərini anlaya bilməmələri, sosial həyatın çətinliyindən doğan problemlər və s. olur. Dünyaya gələn uşağın tərbiyə olunmasında, onun saxlanılmasında da valideynlər arasında mübahisələr meydana gəlir. Bir çox hallarda uşaqlar hər iki valideyn tərəfindən atılır. Valideyn himayəsindən kənarda qalan uşaqların baxımsızlığının qarşısını almaq üçün dövlət bir sıra tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin III fəsli fiziki şəxslər bölməsinə həsr olunmuşdur. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəlləyə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şəxs 18 yaşına çatdıqda onun mülki hüquq fəaliyyət qabiliyyəti tam həcmdə yaranır. 7 yaşınadək olan uşaqların fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşdan 18 yaşadək uşaqların məhdud fəaliyyət qabiliyyəti vardır.
Göründüyü kimi mülki hüquq mülki hüquq qabiliyyəti ilə mülki fəaliyyət qabiliyyəti arasında fərq müəyyən etmişdir. Məlumdur ki, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün yaşından və psixi vəziyyətindən asılı olmayaraq bərabər şəkildə və eyni dərəcədə tanınır. Mülki qanunvericilik bütün fiziki şəxslərə eyni dərəcədə mülki hüquq və vəzifələrə malik olmaq üçün hər hansı amildən asılı olmayaraq eyni cür imkanlar yaradır. Bunun üçün də qanunvericilik onlara öz hərəkətləri ilə bu hüquq və vəzifələri əldə etmək imkanı verən fəaliyyət qabiliyyəti imkanı verir. Lakin şəxsin fəaliyyət qabiliyyəti yuxarıda göstərdiyimiz kimi bir sıra amillərlə məhdudlaşdırılır. Buraya həm yaş həm də psixi sağlamlıq vəziyyəti daxildir. Hüquq ədəbiyyatlarında və qanunvericilikdə fəaliyyət qabiliyyətinin yaranması dövrünü yuxarıda göstərdiyimiz kimi 3 mərhələyə bölürlər. 1) 7 yaşına çatmayan, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin mülki fəaliyyət qabiliyyəti tanınmır. 2) 7 yaşdan 14 yaşadək yetkinlik yaşına çatmayan şəxslər qismən fəaliyyət qabiliyyətli hesab olunurlar. 3) 14 yaşdan 18 yaşadək olan şəxslər isə nisbi fəaliyyət qabiliyyətli şəxslər hesab olunurlar.
Mülki qanunvericilik, şəxsin mülki fəaliyyət qabiliyyətinin bəzi hallarda yaşından asılı olmayaraq məhdudlaşdırılması imkanını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxslərin üzərində himayəçilik təyin edilir. O, yalnız himayəçinin razılığı ilə əqdlər bağlaya bilər, yalnız xırda məişət əqdlərinin bağlamaqda sərbəstdir.
Məhkəmə praktikasında bəzi hallarda qəyyumluq və himayə məsələrinin tənzimlənməsi sahəsində bir sıra problemlər yaranır. Müvafiq icra hakimiyyəti orqanlarının nəzdində yaradılan qəyyumluq və himayə komissiyaları bir çox hallarda vəzifələrinin öhdəsindən lazımınca gələ bilmirlər. Yerli İcra Hakimiyyətlərinin nəzdində yaradılan bu komissyaların sədirləri və üzvləri bütün hallarda həmin orqanda başqa vəzifələr tutan şəxslərdən formalaşdırılır. Bu da komissyaların operativ işləməsinə maneçilik törədir. Mülki qanunvericiliyə görə rayon ərazisində olan kimsəsiz uşağın qəyyumu bir başa olaraq həmin komissiyadır. Kimsəsiz uşaq barəsində məlumat alan komissiya ilk növbədə uşağın bir sıra mənafelərini müdafiə etmək üçün onun barəsində hansısa profilaktik tədbirlər görməlidir. Lakin bir sıra praktik məhkəmə işləri ilə tanış olan zaman aydın olur ki, həmin komissiyalar ümumiyyətlə vətəndaşların bu barədə verilən ərizələrinə laqeyd yanaşırlar. Mülki Məcəllənin 35-ci maddəsində göstərilir ki, «qəyyumluğa və himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və himayəçi təyin edilənədək qəyyum və himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir».
Hazırki günə kimi bu orqanların fəaliyyətlərini nizama salacaq əsasnamə və digər hüquqi sənədlər hazırlanmamışdır. Bu da onların fəaliyytlərində çətinlik yaradan səbəblərdəndir. Bir çox qəyyumluq və himayə orqanları formal olaraq yaradılmaş və onun fəaliyyətini bir nəfər şəxs icra edir. Bu şəxs ya psixoloq ya da komissiyanın katibi olur. Nəzərə alsaq ki, bu komissyaların işi yalnız qəyyum və himayəçi təyin etməklə bitmir görərik ki, həqiqətən də bu orqanların müstəqil və sərbəst fəaliyyətlərini təmin etmək üçün hansısa addımlar atılmalıdır. Belə ki, qəyyum və himayəçi təyin olunduqdan sonra bu komissiyalar daimi olaraq həmin şəxslərə nəzarət etməlidir. Onların əmlaklarının idarə olunmasında, onlar barəsində qəyyumun və ya himayəçinin verməli olduğu mühüm qərarlarda bu komissiyalar qərar vermək hüququna malikdirlər. Belə ki, Mülki Məcəllənin 34.3-cü maddəsinə görə «qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir».
Qəyyum və himayəçilər yetkinlik yaşına çatmaış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilirlər. Valideyinlik hüquqlarından məhrum edilmiş, qəyyum və hzimayəçilikdən məhrum edilmiş, spirtil içkilərdən və narkotik vasitələrdən istifadə edən şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Qəyyum və ya himayəçi təyin olunması üçün müraciət edən şəxslər qəyyumluq və himayə orqanları ha belə məhkəmə tərəfindən dərindən araşdırılmalı, həmin şəxslərin bütün şəxsi və digər keyfiyyətləri nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə görə qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanılması, tərbiyə olunması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədi ilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 18 yaşınadək olan uşaqlara təyin olunur. Uşaqlara qəyyum təyin olunarkən, qəyyumun əxlaqi və başqa keyfiyyətləri, onun qəyyumluq vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə uşağın öz arzusu nəzərə alınmalıdır. Sadalanan bütün bu şərtlər valideynlərinin himayəsindən məhrum olmuş uşağın ailə mühitində tərbiyə edilməsi üçün əlverişli şəraitin yaradılması ilə birbaşa əlaqəlidir. Belə ki, qəyyum olmaq istəyən şəxsin hərəkətləri mənəviyyata ziddirsə, onda insanlara qarşı qəddarlıq, rəhimsizlik, laqeydlik və digər bu kimi keyfiyyətlər varsa, o, əlbətdə ki, qəyyum təyin oluna bilməz. Şəxsin qəyyum vəzifəsindən kənarlaşdırılması tez-tez baş verən hal deyildir. Bununla belə qeyd etmək lazımdır ki, qəyyumun seçilməsində bir sıra hallarda səhvlər olur, nəzərə alsaq ki, qəyyum təyin olunması vaxtı məhdud olduğu şəraitdə, yəni qəyyum uşaq üzərində qəyyumluğun təcili təyin olunmasına ehtiyac olduğu şəraitdə təyin olunur. Bu da təyin olunan qəyyumun şəxsi keyfiyyətlərinin yetərincə araşdırılmasına mane olan haldır.
Qəyyumluq dedikdə, tam mülki fəaliyyət qabiliyyətli qəyyumun həyata keçirdiyi elə bir hüquqi akt başa düşülür ki, onun nəticəsində mülki fəaliyyət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin olunur. O, yaş və ya psixi-ruhi sağlamlıq vəziyyətinə görə mülki fəaliyyət qabiliyyəti olmayan və ya qismən fəaliyyət qabiliyyəti olan və buna görə də müstəqil surətdə mülki hüquq münasibətlərində iştirak etmək imkanlarını itirən fiziki şəxslər üzərində təyin edilir.
Qəyyumluq on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxslər üzərində, yəni bu şəxslərin valideynləri və onları övladlığa götürənlər olmadıqda; valideynlər məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə; valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda; başqa səbəblərə görə həmin şəxslər valideyn himayəsindən məhrum olunduqda; psixi xəstəliyə görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində təyin olunur. Göstərilən şəxslər qəyyumluq altında olan şəxslər sayılır. Onların bütün hüquq və vəzifələrini qəyyumlar həyata keçirir. Qəyyum mülki hüquq münasibətlərində iştirak edərək, qəyyumluq altında olan şəxsləri tam əvəz edir və onların yerini tutur.
Qəyyum xüsusi olaraq təyin edilən şəxsdir. O, qəyyumluq altında olan şəxslərin hesabına, bu şəxslərin adından və onların mənafeyi üçün bütün zəruri əqdləri bağlayır, hüquqi əhəmiyyəti olan digər hərəkətləri edir. Yalnız qəyyumun vasitəsi ilə onlar əqdlər bağlaya bilərlər. Bağlanılan əqd qəyyum üçün yox, qəyyumluq altında olanq şəxslər üçün hüquq və vəzifələr yaradır, dəyişdirir və ya onlara xitam verir, yəni bu şəxslər üçün hüquqi nəticə doğurur. Məsələn, qəyyum özünün qəyyumluğu altında olan 13 yaşlı uşaq üçün yaşayış evinin alqı-satqı müqaviləsini imzalayır. Evi satan şəxs bilir ki, ev uşaq üçün alınır. Qəyyum yalnız alqı-satqı hüquq münasibətində uşağın təmsilçisi, yəni nümayəndəsi rolunda çıxış edir. Burada mülkiyyət hüququ qəyyumluq altında olan şəxsə keçir.
Qəyyumlar qəyyumluğu altında olan şəxslərin hüquq və mənafelərini istənilən instansiyalarda, o cümlədən məhkəmədə qorumağa haqlıdırlar. Bunun üçün qəyyumun qəyyumluqda olandan hər-hansı səlahiyyət verici sənəd almasına ehtiyac yoxdur.
Qəyyumluq aktını həyata keçirmək üçün mülki qanunvericilik qəyyumları müvafiq lazımi hüquq və vəzifələrlə təmin edir. Ruhi xəstə və ya kəmağıllılar üzərində təyin edilmiş qəyyumun, hər şeydən əvvəl vəzifəsidir ki, özünün qəyyumluğu altında olan şəxsin sağlamlığı barəsində qayğı göstərsin, müntəzəm surətdə həkim müşahidəsi altında olmağa və ona vaxtlı-vaxtında lazımi tibbi yardım göstərilməsini təmin etsin.
Qanunvericilikdə mövcud olan bir digər çatışmamazlıq qəyyumluq və himayəyə görə vətəndaşlara ödənilən vəsaitin hansı şərtlərlə ödənilməsidir. Yəni hansı kateqoriya şəxslərə qəyyum təyin olunan şəxslərin müavinət ala biləcəyi məsələsi boş qalmışdır. Ailə Məcəlləsinin 141.6-cı maddəsində göstərilir ki, «uşağa qəyyumluq (himayə) vəzifəsi təmənnasız yerinə yetirilir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanılması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir».
İstər Ailə Məcəlləsində, istərsə də Mülki Məcəllədə dövlət tərəfindən ayrılan vəsaitin məbləği və bu vəsaitin hansı kateqoriya şəxslərə ayrılmalı olması konkret göstərilmədiyi üçün bir sıra problemlər yaranır. Praktikada vəsaitin alınması məsələsi tətbiq olunan zaman qəyyum təyin olunmuş şəxs müvafiq qəyyumluq orqanına müraciət edərək dövlətin ayırdığı vəsaitin verilməsini tələb edir. Qəyyumluq orqanı isə 141.6-cı maddənin 1-ci cümləsini yəni «uşağa qəyyumluq (himayə) təmənnasız yerinə yetirilir» rəhbər tutaraq, bu tələbin icrasından imtina edir. Konkret olaraq qəyyumluq orqanlarında da bu məsələni hansı qaydada həll edə biləcəkləri ilə bağlı hansısa bir prosedura (president) yoxdur. Ümumilikdə götürdükdə qəyyumlara vəsaitin ayrılması məsələsi konkretləşdirilməlidir. Müavinət yalnız müəyyən olunmuş kateqoriyalı şəxslər üzərində qəyyum təyin olunmuş şəxslərə verilməlidir. Bu şəxslərin dairəsi qanunverici tərəfindən konkretləşdirilməlidir. Məsələn bir neçə misal göstərmək olar: 1) çətin tərbiyə olunan uşaqlar üzərində qəyyumluq zamanı; 2) xüsusi təhsilə ehtiyacı olan əlil uşaqlar üzərində qəyyumluq zamanı; 3) psixi və əqli pozuntuları olan şəxslər üzərində qəyyumluq zamanı; 4) hər hansı bir xəstəlikdən əziyyət çəkən şəxslər üzərində qəyyumluq zamanı və s. müavinətlərin verilməsi yalnız qəyyumluğa verilən şəxsin vəziyyətinə görə müəyyən olunmalıdır. Çünki maddi vəziyyəti pis olan şəxsin qəyyum təyin olunması məqbul hesab olunmamalıdır. Özünü və ailəsini saxlamağa kifayət qədər imkanı olmayan şəxsin qəyyumluğa götürdüyü şəxsə nə dərəcədə yaxşı baxa biləcəyi qaranlıqdır.
Yuxarıda göstərdiyimiz və göstərə bilmədiyimiz bir sıra problemlər digər sahələrdə olduğu kimi qəyyumluq və himayə məsələlərində də özünü qabarıq şəkildə göstərməkdədir. Xüsusilə məhkəmə prosesləri zamanı və qəyyumluq məsələsi həll olunduqdan sonra bu problemlər ortaya çıxır. Kimsəsiz uşaq kimi heç bir yerdə qeydə alınmayan uşaqların qəyyumluq məsələləri də həll olunarkən istər məhkəmələr tərəfindən, istərsə də qəyyumluq orqanları tərəfindən bir mənalı olaraq uşaq onların ərazilərində qeydiyyatda olmadığı üçün rədd edilir.
Mahmudov Cahangir Fəxrəddin oğlu
Hüquqşunas