Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasında saxlanma şəraitini araşdırıblar
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə MPQ-nin üzvü olan həkim də iştirak edib.
Başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, habelə istintaq təcridxanasında, o cümlədən bu müəssisənin tibb-sanitar hissəsində saxlanılma şəraiti, rəftar və göstərilən tibbi xidmətin araşdırılmasından ibarət olub.
Araşdırma zamanı bir sıra saxlanılan şəxs qəbul edilib, müraciətləri dinlənilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Həmin şəxslər saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.
Habelə istintaq təcridxanasının yeni tibb-sanitar hissəsinin tikintisinə başlanıldığı müəyyən edilib, eyni zamanda qeydiyyat jurnallarına və tibbi kitabçalara baxış keçirilib, aşkar edilmiş bəzi nöqsanlar tibb-sanitar hissəsi rəhbərliyinin diqqətinə çatdırılıb.
Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.
Trend.az