Ombudsman Aparatı və BMT QAK arasında memorandum imzalanıb

Posted by

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci ilin sonunadək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, memorandumun məqsədi “Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin davam etdirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn əlaqəli səylərə dəstək verməkdir. Sənəddə bir sıra yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Müvəkkil gələn il Azərbaycanın BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxaq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabatını təqdim edəcəyini bildirib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis BMT QAK-ın fəaliyyətinin yeni prioritetləri, həyata keçirilən layihələr haqqında məlumat verib.

Apa.az