Norveç Krallığının Azərbaycandakı səfiri Dövlətqaçqınkomda olmuşdur
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov fevralın 11-də Norveçin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erling Skjonsberg və Norveçin “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Con Yərtsen ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Əli Həsənov Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycan bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdirilməsində maraqlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Baş nazirin müavini Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Bildirilib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Baş nazirin müavini bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.
Norveçin “Norveç Qaçqınlar Şurası” və “Norveç Humanitar Müəssisəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən bir sıra layihələr həyata keçirilib. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb.
Erling Skjonsberg bildirib ki, Norveç Krallığı bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən Erling Skjonsberg vurğulayıb ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Sia.az